Şəmkir, Ağcabədi, Sabirabad "liderdir"

Rayonlarda nikahları rəsmi qeydə alınmış 17 yaşda bəy və gəlinlərin sayı açıqlanıb
Psixoloq Fərqanə Mehmanqızı: “Bir çox yerlərdə erkən nikah haqqında məlumat verildikdə, məlum olur ki, həmin uşaq uzun müddət məktəbdən kənarlaşıb. Deməli, ictimai nəzarətdən kənar qalıb”
  Azərbaycanın iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə nikahları rəsmi qeydə alınmış 17 yaşda bəy və gəlinlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən “Şərq”ə verilən məlumata görə, ötən il üzrə şəxslərin bu yaşda rəsmi nikaha daxil olması halı ən çox Şəmkir rayonunda qeydə alınıb. Burada 2022-ci il ərzində həmin yaşda 18 nəfərin rəsmi nikahı qeydə alınıb.
  Belə ki, Ağcabədi rayonunda 17 nəfər, Sabirabad rayonunda 15 nəfər, Yevlax rayonunda 14 nəfər, Ağdaş və Ağsu rayonlarının hər birində 11 nəfər və Samux rayonunda isə 10 nəfər 17 yaşda rəsmi nikaha daxil olub.
Məlumat üçün bildirək ki, bu rəqəm Bakıda 13, Naxçıvan Muxtar Respublikasında isə 5 olub.
  Qeyd edək ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, nikah yaşı həm oğlanlar, həm də qızlar üçün 18 yaş müəyyən olunub, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
  Psixoloq Fərqanə Mehmanqızı isə “Şərq”ə açıqlamasında deyib ki, ölkədə 17 yaş və daha kiçik yaşlarda qızların evləndirilməsi halı mövcuddur. Erkən yaşda qızını evləndirənlər “qanunda istisna hal kimi 17 yaşda nikaha daxil olmağa icazə var”, deyə, qanuna söykənərək etmir: “Bunu adət-ənənəyə, mövcud dünyagörüşünə, onları əhatə edən mühitin fikirlərinə söykənərək edirlər. Valideyn tərəfindən uşaqların hüquqları pozulur, amma o cəmiyyətlər bunu normal qəbul edir. Problem bundadır. Problemlər hansısa sözü, ifadəni, bəndi qanundan çıxarmaqla, ya da başqa bir bənd əlavə olunmaqla həll edilmir. Bu cür yanaşmanı əsas götürməklə səhv etmiş oluruq və problemlər də olduğu kimi qalır. Problemin həlli yolu başqadır. Ailələrə nəzarət güclənməlidir. Bölgələrdə ailə institutları fəaliyyət göstərməli, əməkdaşlar ailələrlə görüşməli, maarifləndirmə işləri aparmalı, icbari təhsilin hüdudları XI sinfə çatdırılmalı, uşaqların təhsildən, məktəbdən yayınmasının qarşısı alınmalıdır. Bir çox yerlərdə erkən nikah haqqında məlumat verildikdə, məlum olur ki, həmin uşaq uzun müddət məktəbdən kənarlaşıb. Deməli, ictimai nəzarətdən kənar qalıb. Valideynləri də istədikləri kimi davranıb”.