Ürək tutması və ya infarktın ilkin əlaməti...

Xəstə güclü yorğunluq hiss edir və bu yorğunluq hətta dincələndən sonra azalmır
  Son zamanlar ürək xəstəlikləri çox geniş yayılıb. Əhalinin əksəriyyəti məhz bu cür xəstəliklərdən əziyyət çəkir. Mütəxəssislər isə hesab edir ki, ürək xəstəliyinin çoxalmasının əsas səbəbi oturaq iş rejimi ilə bağlıdır. Belə ki, ürək xəstəlikləri artıq peşə xəstəliyinə çevrilib. İnsanlar passiv həyat, oturaq iş rejiminə daha çox üstünlük verir. Bu da ürək xəstəliklərinə yol açır. Digər səbəb isə qidalar hesab olunur. Sirr deyil ki, qəbul etdiyimiz qidaların çoxunun mənşəyi bəlli deyil. Xüsusən də, yağların keyfiyyətsiz və ziyanlı olması ürək-damar xəstəliklərinin artmasına səbəb olub. Nəhayət, üçüncü səbəb isə stress faktorudur. İnsanlar çox böyük gərginlik altındadır. Həm bu gərginlik, həm də qəbul edilən çoxlu sayda informasiya ürəyi gücə salır.
  Ürək-damar cərrahı Ramil Əliyev “Şərq”ə açıqlamasında deyib ki,
ürək xəstəlikləri adətən gizli inkişaf etdiyi üçün ürək xəstəliklərinə işarə edən simptomlara diqqət edilməlidir. Onun sözlərinə görə, zamanında müdaxilə ilə xəstənin həyatını qurtarmaq mümkündür: “Xəstə ürəyin əsas əlamətləri təngnəfəslikdir. Piyada gedəndə, pilləkənlə qalxanda, adi ev işləri görəndə təngnəfəs olursunuzsa, bu, ürəyin zəifləməsinə işarə edir. Eyni zamanda baş gicəllənməsi və ürək döyünməsinin artması, sinədə ağrılar (Ağrı qola, çiyinlərə, aşağı çənəyə də "vura" bilər) və yuxusuzluq problemidir. Belə ki, daim özünü yorğun hiss edən, tez yorulan, yuxusuzluqdan əziyyət çəkən insanda ciddi ürək problemi ola bilər. Ürək tutması və ya infarktdan 1 həftə əvvəl pasiyentlər güclü yorğunluq hiss edir və bu yorğunluq hətta dincələndən sonra azalmır”.
  Həkimin sözlərinə görə, soyuq tər ürək fəaliyyətinin zəifləməsinə işarə edir.
Eyni zamanda ayaqların şişməsi - ürəyin fəaliyyəti zəifləyəndə qan dövranı pozulur və bu da şişkinliyə gətirib çıxarır. Dəridə solğunluq - dərinizin rəngi dəyişilib və solğunlaşıbsa, bu, ürək problemlərinə işarədir. Keçməyən öskürək - ürəyin fəaliyyəti pozulanda maye ağciyərdə yığılmağa başlayır ki, nəticədə üzücü, heç bir müalicəyə tabe olmayan öskürək inkişaf edir. Əgər sizdə bu simptomlardan bir neçəsi varsa, mütləq həkimə müraciət edin.