İşğaldan azad olunmuş ərazilərimizdə böyük meqa layihələr icra olunur

İşğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış”;

İlin sonuna qədər də daha bir qrup keçmiş məcburi köçkünün  öz doğma yurdlarına qayıdacağının şahidi olacağıq


  Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra ölkə olaraq qarşımızda duran ən ali vəzifə azad olunan ərazilərin ən qısa zamanda bərpa və yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə misli görünməmiş işlər həyata keçirilir.
  
Azad edilmiş ərazilərdə müharibədən dərhal sonra abadlıq işlərinə başlanıb və hazırda proses sürətlə davam etdirilir.
  
Bu gün Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Cəbrayılda, Laçında, Kəlbəcərdə  və başqa azad edilmiş ərazilərdə iri layihələr uğurla davam etdirilir. Yəni avtomobil yollarının, dəmir yolunun çəkilişi, yeni binaların, məktəblərin, xəstəxanaların inşası istiqamətində davamlı olaraq işlər görülür. 2 il müddətində böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyinin bilavasitə şahidiyik. Bu gün Ağdamda və digər ərazilərdə binaların tikilməsi ilə yanaşı, məscidlərin bərpası ilə bağlı işlər aparılır. İnsanlar öz yurdlarına köçürülərkən burada yalnız bir istiqamətdə deyil, bir neçə istiqamətdə addımların atılmasına ehtiyac var. Bu mənada biz işlərin çox sürətli formada həyata keçirildiyini deyə bilərik.
 
 Xatırladaq ki,  2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı fikir bildirərkən deyib: “Bizim planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik”.
 
 Bu məqsədlə də  2023-cü ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2 milyard 260,0 milyon manat əlavə vəsait ayrılıb.

  “30 ilə yaxın müddətdə işğala məruz qalan torpaqlarımıza məcburi köçkünlərin köçürülməsi siyasi, strateji və mənəvi əhəmiyyət daşıyır. Azad edilən torpaqlarımız dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir”.

Bu sözləri isə  xarici işlər naziri Ceyhun Bayramov "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. XİN başçısının sözlərinə görə, həmin ərazilər qarış-qarış yenidən qurulur və bərpa edilir. Regionda sülh səyləri yeni dövrün başlanğıcının göstəricisidir. Keçmiş münaqişənin həlli xarici siyasətin üfüqlərinin genişləndirilməsində mühüm rol oynayır. Bu gün ölkənin nüfuzu getdikcə artır. Əminik ki, uzun illər qazanılan nailiyyətlərə görə Ulu Öndərin ruhu şaddır. 
 
Maraqlıdır,  işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma işləri hansı vəziyyətdədir. Bu il hansı işlər görüləcək?

Bu barədə “Sherg.az”a açıqlama verən millət vəkili Azər Badamovun sözlərinə görə, 44 günlük Vətən müharibəsinin başa çatdığı 3 ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərimizdə böyük meqa layihələr icra olunur: “Torpaqlarımız işğal altında olduğu 30 ildə Ermənistan bu ərazilərdə yaşayış məntəqələrini yerlə-yeksan edib, daşı daş üstündə saxlamamış və bütün infrastrukturu məhv etmişdi. Torpaqlarımız işğaldan azad olunan  ilk gündən Prezident İlham Əliyevin tapşırıqları və rəhbərliyi ilə bu ərazilərdə yol, elektrik, sosial infrastruktur sıfırdan yenidən tikilərək bərpa olunmaqdadır. Düzdür, bu işlərin həyata keçirilməsində ən böyük maneə ərazilərimizin minalanmasıdır.  Ermənistan minalanmış ərazilərin dəqiq xəritələri Azərbaycana təhvil vermədiyindən ərazilərin minalardan təmizlənmə prosesi  çox zaman aparır. Bu da yenidən qurma və bərpa işlərinin miqyasının dərhal genişləndirilməsində çətinlik yaradır. Amma bununla yanaşı təhlükəsiz təmin olunmuş ərazilərdə dərhal tikinti işlərinə start verilir. Belə ki, bu müddətdə bu ərazilərdə iki Beynəlxalq Hava Limanı tikilmiş, üçüncüsünün tikintisi uğurla davam etdirilir. Ağalı kəndi ağıllı kənd konsepsiyası ilə yenidən qurularaq "Böyük qayıdış"a başlaya bildik. O cümlədən Laçın şəhərinə də sakinlərin qayıtma prosesi həll olunur. Bütün rayon tipli şəhərlərin baş planları təsdiq olunaraq tikinti işlərinə başlanıb. Ağdam və Füzuli kimi böyük şəhərlər yenidən tikilir. Şuşada böyük quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyev və  I vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad olunmuş ərazilərə mütəmadi olaraq səfərlər edərək icra olunmuş layihələrin açılışlarını edir, yeni layihələrin təməlləri qoyur və işlərin gedişatının daha sürətli və  keyfiyyəıtli icrası üşün tapşırıqlar verir. Yenidənqurma və bərpa işlərində  I vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da yaxından iştirak edir. Belə ki, fondun maliyyəsi hesabına məscidlər yenidən qurularaq bərpa edilir və insanların ibadət etməsi üçün imkanlar yardılır. Heydər Əliyev Fondu ermənilərin məhv etdikləri milli-mənəvi dəyərlərin bərpasına da öz töhfəsini verir”. 

  A.Badamov deyib ki, bu gün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını heç bir xarici maliyyə dəstəyi olmadan Azərbaycan dövləti öz dövlət büdcəsi hesabına həyata keçirir: 

“İlin sonuna qədər də keçmiş məcburi köçkünlərin  öz doğma yurdlarına qayıdacağının şahidi olacağıq. Hesab edirəm ki, yaxın bir neçə ildə dövlətimiz bütün keçmiş məcburi köçkünləri üçün müasir şəraitlər yaradılmış yaşayış məntəqələri tikərək "Böyük qayıdış"a dair Dövlət Proqramını uğurla icra edəcəkdir. Bunun üçün dövlət başçımızın siyasi iradəsi, dövlətimizin artan iqtisadi imkanları və xalqımızın böyük dəstəyi var. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün guşələri, o cümlədən işğaldan azad olunmuş regionlar da yenidən qurulacaq”.