Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması sürətlənəcək

“Böyük Qayıdış” proqramının icrasına böyük imkan yaranıb 


Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi ilə bağlı məsələlərə xüsusi yer ayrılıb.


Ölkə başçısının çıxışını yüksək dəyərləndirən millət vəkili Ceyhun Məmmədov  “Sherg.az”a açıqlamasında müharibə bitdikdən sonrakı iki il yarım ərzində görülən işlərin miqyasına diqqət çəkib. Onun sözlərinə görə,  Azərbaycan bütün gücünü və resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətinə səfərbər edib: 

“Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.
“Böyük Qayıdış” Proqramı uğurlu şəkildə icrasında xüsusi məqam odur ki, bu gün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını heç bir xarici maliyyə dəstəyi olmadan Azərbaycan dövləti öz dövlət büdcəsi hesabına həyata keçirir. Qeyd edim ki, 2022-ci ilin noyabrında Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzalanıb. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb”.

C. Məmmədovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsaitin çoxluğu “Böyük Qayıdış” proqramının daha sürətlə icrasına imkan yaradır: 

“ Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulması və dövlətimizin başçısının artıq 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etməsi də bir daha təsdiq edir ki, məskunlaşma prosesi gözləniləndən daha tez və intensiv reallaşacaq. Əksəriyyət düşünürdü ki, işğal altında olan Azərbaycan torpaqları azad olunsa da, ərazidə bərpa və yenidənqurma işləri ən azı 5 il sonra başlaya bilər. Lakin aradan cəmi iki il yarım keçsə də, Qarabağda və Şərqi Zəngəzurda çox böyük quruculuq işləri həyata keçirilib. Azərbaycan dövləti bu dövrdən maksimal şəkildə istifadə edərək ərazidə böyük quruculuq və abadlıq işlərini həyata keçirib. Elektrik təchizatı ən yüksək səviyyədə təmin olunub.Avtomobil yolları sürətlə çəkilir. Ermənistan sərhədinə qədər dəmir yolu xətti çəkilib. Bu ərazilərdə iki Beynəlxalq Hava Limanı tikilmiş, üçüncüsünün tikintisi uğurla davam etdirilir. Hətta gələcəkdə Azərbaycanın xaricə enerji satması üçün enerji layihələri uğurla davam etdirilir. Şuşa yenidən qurulub. 
Ağdam tikinti meydançasına oxşayır. Füzuli yenidən tikilir. Zəngilanın Ağalı, Laçın və Suqovuşanda  artıq  Azərbaycan vətəndaşları məskunlaşıb. Bütün bunlar da ölkə başçısı İlahm Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.  Paralel olaraq yenidənqurma və bərpa işlərində  I vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da yaxından iştirak edir. Belə ki, fondun maliyyəsi hesabına məscidlər yenidən qurularaq bərpa edilir və insanların ibadət etməsi üçün imkanlar yardılır. Heydər Əliyev Fondu ermənilərin məhv etdikləri milli-mənəvi dəyərlərin bərpasına da öz töhfəsini verir”.