Qazaxın kəndlərinin azad olunması iddiası yalandır

10 noyabr müqaviləsinə əsasən, Qazaxın 7 kəndinin işğaldan azad olunması nəzərdə tutulsa da, hələ də reallaşmaması vətəndaşları narahat edir. Zaman-zaman bu məsələ media və sosial şəbəkələrdə gündəm mövzusuna çevrilir. Bu dəfə isə  kəndlərin 10 günə Azərbaycana təhvil veriləcəyini özündə əks etdirən video sosial şəbəkələrdə diqqət çəkib.  “Gözünüz aydın, qazaxlılar! Qazax rayonunun işğal altında olan Barxudarlı  və Sofulu kəndlərinin yolları 31 ildən sonra minalardan təmizlənir. 10 günə qədər  tam ərazinin təhvil alınacağı gözlənilir. 

Barxudarlı və sofuluların gözləri aydın!”. Bu paylaşımı sosial media hesabında Qazax sakinlərindən biri paylaşıb. Məlumatı dəqiqləşdirmək üçün hərbi ekspert Ədalət Verdiyevlə əlaqə saxladıq. 

O isə “Sherg.az”a açıqlamasında  deyilənlərin həqiqəti əks etdirmədiyini deyib: 

“Sosial şəbəkədə Kamaz maşınının sürücüsü tərəfindən Qazax rayonunun Bərxudarlı və Sofulu kəndlərinin azad edilməsi ilə bağlı xəbər paylaşılan xəbər həqiqəti əks etdirmir. İşğal altındakı ərazi Kamaz ilə azad edilmir. Adı çəkilən kəndlər videomaterialda gözə dəymir. Əsgər əraziyə yerləşib Bayraq qaldırmayana qədər ərazi azad olunmuş hesab edilmir. Bu maşın Şahin Mustafayev ilə Mqer Qriqoryanın təmas xəttində görüşünün keçiriləcəyi əraziyə yolu hamarlamaq məqsədilə material daşıyıb. Görüş isə  təmas xəttində baş tutub. Minaya düşən traktor da bizim ərazidə yerləşir. Əgər iki kəndimiz həqiqətən də işğaldan azad olunsaydı, bunu dövlət niyə ictimaiyyətdən gizli saxlamalı idi? Bu hansı məntiqə sığır? Əsgərimizin sayəsində bir qarış torpağımız düşmən tapdağında qalmayacaq. Amma insanları aldatmaq da olmaz”.
Politoloq Əziz Əlibəyli  isə “Sherg.az”a açıqlamasında deyib ki, Qazaxın anklav kəndlərinin Azərbaycan ərazisi olmasını Ermənistan  hökuməti  etiraf edib. 
  
Məsələ odur ki, Qazaxın  işğal olunmuş  kəndlərinin qaytarılması ilə bağlı erməni tərəfi rəsmi yox, şifahi öhdəlik götürüb: 

“Yəni qarşıda duan əsas məsələ bu öhdəlikləri hüquqi müstəvidə həll edib, imzalamaq lazımdır. Ölkə başçısı dünənki çıxışında da bu məsələyə növbəti dəfə diqqət çəkdi. Bu isə o deməkdir ki, müəyyən mərhələlərdən sonra həmin kəndlərin qaytarılması mütləq baş tutacaq.  Zənnimcə,  gözlənilən Brüssel görüşündə  Ermənistanın Baş naziri Nikol Paşinyanın  qarşısına qoyulacaq sənəddə Qazaxın kəndləri ilə bağlı da xüsusi maddə olacaq. Ancaq ondan sonra 7 kəndin taleyi ilə bağlı konkret fikir bildirmək olar. İndiki halda isə sözügedən kəndlərin yaxın günlərdə təhvil veriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.