Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə vəsaitlərin artırılmasına gətirib çıxarıb


 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında  bir sıra ciddi məqamlar yer alıb. Diqqət çəkən məqam isə  qeyri-neft sektorunun və qeyri-neft sektorunun sənaye sahəsində müşahidə olunan artımdır.  Prezident qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlər səsləndirib və onun önəmini vurğulayıb. 

  Şübhəsiz ki, altı ayda qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun 3 faizdən çox artması müsbət haldır və bu, digər sektorların artıq iqtisadi artımda drayverə çevriliməsindən xəbər verir. Bu, həmçinin ÜDM-nin strukturunda da qeyri-neft sektorunun payının artması anlamına gəlir. Bütövlükdə, bu ilin birinci yarısında əldə edilən nəticələr növbəti 6 ayda da qeyri-neft sektorunda, fiskal gəlirlərimizdə artım tendensiyasının davam edəcəyindən və Qarabağda bərpa işlərinin sürətlənəcəyindən xəbər verir.  Belə ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir. 2023-cü ilin büdcəsi manat ifadəsində müstəqillik ilinin ən böyük büdcəsidir. Bu ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manatın daxil olması fiskal gəlir və xərclərimizə dürüstləşmənin edilməsinə imkan yaratdı. Bu, büdcəyə əlavə 3 milyard 50 milyon manatın cəlb edilməsinə və bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə vəsaitlərin artırılmasına gətirib çıxarıb.
 
 Ekspertlərin fikrincə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur. Artıq həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı sürətlənib.

Hazırda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur və bu məsələ diqqət mərkəzindədir. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə  qəbul edilən Dövlət Proqramının icrası uğurla davam etdirilir.
  Bölgələrdə iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artması, bir tərəfdən büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərir, digər tərəfdən isə regionların maliyyə imkanlarının yaxşılaşmasına əsas verir.

  Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələrdən hesab olunan kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi sahələrində son illərdə dinamik irəliləyiş nəzərə çarpıb. Təbii ki, bu irəliləyiş də təsadüfi deyil və dövlət dəstəyinin rolu danılmazdır. Kənd təsərrüfatının subsidiyalaşdırılması, vergidən azad olmalar, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi həmin dəstəyin, dövlət dəstəyinin bariz nümunəsidir və məhz bu dəstək sayəsində regional inkişafın sürətlənməsinə nail olunur. Sözsüz ki, iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artması, ilk növbədə büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərir, digər tərəfdən isə regionların maliyyə imkanlarının yaxşılaşmasına əsaslı zəmin yaradır və geniş imkanlar açır. Ümumiyyətlə, belə bir nəticəyə gəlirik ki, regionların sosial-iqtisadi inkişafının bütövlükdə ölkə iqtisadiyyatı üçün əhəmiyyəti böyükdür və bu baxımdan da dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə təmin edilib.
 
"Sherg.az"a danışan iqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, Prezidentin toxunduğu digər bir məsələ isə insanlar üçün, ələlxüsus da regionda yaşayanlar üçün önəmli idi: “Ölkə başçısı çöx gözəl bir cümlə işlətdi: “… biz gərək nəqliyyat dəhlizlərinin biznesə olan təsiri haqqında özümüz üçün konseptual qaydada bir araşdırma aparaq və özümüz üçün bir hədəf müəyyənləşdirək ki, biz nə istəyirik”.
  
Bu, son dərəcə vacib ifadə idi. Azərbaycan nəqliyyat dəhlizlərinin “hörümçək toru”na çevrilir. Atlantikdən Sakit okeana, Hind okeanından Şimal Buzlu okeana qədər yollar ölkəmizdən keçir və genişlənməkdədir. Və bu yollar limanlardan limanlara göylə uçmur, rayonlarımızdan keçir. Deməli, hər bir istiqamət üzrə müəyyən bir biznes imkanları yaradıla bilər. Bu imkanlar reallaşdırılarsa, bu dəhlizlərin Azərbaycana verdiyi töhfə təkcə tranzit gəlirləri, vergilərlə məhdudlaşmaz, regionların inkişafına, məşğulluğun artmasına, sosial həyatın yüksəlməsinə öz təsirini göstərər”.