Öncə əqidə, ideya birliyi olmalıdır


Azərbaycançılıq ideyasının təbliği

Dünya azərbaycanlılarının vahid bir amal ətrafında birləşdirilməsi vacib amildir


  Azərbaycançılıq ideyasının təbliği dövlətçilik və vətənpərvərlik kimi təməl ideyalara söykənir. Hər birimizin əsas vəzifəmiz, işimiz azərbaycançılıq ideologiyasına xidmət etməkdən ibarət olmalıdır.
Bu məfkurənin təbliği milli həyatın ahəngdarlığı, dünya azərbaycanlılarının ümumi maraqları, ölkənin ərazi bütövlüyünün qorunmasına xidmət edərək gələcək nəsillərə də Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini sonsuz sevməyi və yaşatmağı aşılayır. 
  
Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını önəmli hesab edir. Bu səbəbdən də onun təbliği hər zaman aktuallıq kəsb edir.
  
Ötən illər ərzində bu ideologiyanın  ölkə vətəndaşları  arasında daha dolğun şəkildə təbliğ olunması və yayılması istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb. Xüsusən də,  2023-cü ilin “Heydər Əliyev İli" elan edilməsi azərbaycançılıq ideologiyasının təbliği üçün yeni imkanlar açıb. Mütəmadi olaraq bu istiqamətdə tədbirlər və layihələr həyata keçirilir.
 
 Lakin azərbaycançılıq sadəcə respublikanım hüdudlarında yaşayan azərbaycanlıların yox,  dünyanın ən müxtəlif ölkələrində məskunlaşan   azərbaycanlıların təşkilatlanması, mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsi  üçün son dərəcə önəmli məsələlərdəndir. 
  
Xatırladaq ki, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsi, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsi dövlətin prioritet məsələlərindəndir. Dövlət hesab edir ki, güclü azərbaycanlı diasporunun ürəyi müstəqil Azərbaycanla, onun əsas ideyası olan azərbaycançılıqla döyünməlidir. Sirr deyil ki, bu taktika Azərbaycan dövləti tərəfindən diaspora təşkilatları qarşısında qoyulan ən vacib məsələlərdəndir. Belə halda diaspor təşkilatlarının dövlətin dəstəyi ilə fəaliyyət qurması daha uğurlu nəticələrə yol açır. 

 Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Sherg.az”a açıqlamasında deyib ki,  Azərbaycan xalqının milli inkişaf yolunun formalaşması azərbaycançılıq ideyasına söykənir. Bu ideyanın tətbiqi isə sırf elə azərbaycançılıq ideologiyası əsasında həyata keçirilib: “Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüb. Məhz Heydər Əliyevin səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub. 

  Xaricdəki azərbaycanlıların bir araya gəlməsində azərbaycançılıq ideologiyasının rolunu xüsusi qeyd edən F.Hüseynzadə bildirib ki, xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir: “Dünya azərbaycanlılarının vahid bir amal ətrafında birləşdirilməsi vacib amildir. Azərbaycanlıların bir araya gəlməsi üçün hər şeydən əvvəl, əqidə, ideya birliyi olmalıdır. Bu, real birliyə aparan başlıca yoldur. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyasına əsaslanaraq həmrəylik nümayiş etdirməsinə və vətənlə əlaqələrini möhkəmləndirməsinə ehtiyac var. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vətənə bağlılığının olması, dilinin qorunması, millətinin, milli-mənəvi dəyərlərimizin yaşadığı ölkədə təbliğ etməsi vacib amildir. Məhz buna görə də Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsi həyata keçirilib. Layihə dünya azərbaycanlılarının milli və ideoloji birliyi üçün onlara azərbaycançılıq ideyalarının  aşılanması, eyni zamanda soydaşlarımızın azərbaycançılıq ideyalarının təbliği işinə təşviq edilməsindən bəhs edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir”.

  F.Hüseynzadənin sözlərinə görə, azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər kəs üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir: "Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir. Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür”.
  Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri hesab edir ki, ölkəmizin əksər ictimai-siyasi qüvvələrinin qəbul etdiyi azərbaycançılıq ideologiyasının diaspor quruculuğunda üstün cəhəti, ilk növbədə onun milli maraqlarımızın tam palitrasını əhatə etməsidir: 
“Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də çox müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.  
Hazırda lobbiçiliyin inkişafında azərbaycançılıq ideologiyasından yararlanmaq mümkündür. Hər şeydən əvvəl, xaricdəki soydaşlarımız lobbiçilik fəaliyyətinə başlamalıdır. Azərbaycançılıq ideologiyası əsasında lobbiçiliyimizi praktiki həyata keçirmək üçün azərbaycançılıq ideologiyasının doktrini hazırlanmalıdır. Hər bir fəaliyyət bu konsepsiyaya və doktrinaya uyğun olmalıdır”.