Ağıllı ermənilər burada yaşayacaqlar - DEPUTAT

Ermənilərlə azərbaycanlıların sülh şəraitində yaşamalarını arzu edirəm.

Bunu Samvel Yevriyan Laçında Ermənistana yola düşməmişdən qabaq jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycanlılarla bir yerdə yaşamaq niyə mümkün deyil ki? Əlbəttə ki, mümkündür! Mənim yüzlərlə azərbaycanlı dostum var idi. Biz birlikdə çalışmışıq”, - o, iki xalqın bir yerdə yaşamasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, hələ sovet illərində Bakıda tamaşada iştirak edib: “Azərbaycandan olan sənətçi dostlarımla görüşməyi çox istərdim. 

S.Yevriyan Qarabağda yaşamadığını, burada işlədiyini, buraya ildə bir neçə dəfə fasilələrlə gəlib-getdiyini və buranı öz arzusu ilə tərk etdiyini vurğulayıb.
  
Samvel Yevriyanın iki xalqın birgə yaşamasının mümkünlüyü barədə sözlərini “Sherg.az”a şərh edən millət vəkili Elman Nəsirov bildirib ki, Azərbaycan silahlı  qüvvələrinin bu il sentyabr ayının 19-20 tarixində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirlərinin nəticəsi bölgədə yeni reallıqlar yaradıb:

“Bu reallıqlar ilk növbədə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı məsələləri özündə ehtiva edir. Zəfərdən sonra Qarabağda yaşayan ermənilərdən 2  istiqamətdə davranış gözləniləndir. Bunlardan birincisi Azərbaycanın tabeliyi altında yaşamaq istəməyən ermənilərdir. Bu qisim azlıq təşkil edir. İkinci qisim və çoxluq təşkil edənlər isə Qarabağda yaşamaq istəyən ermənilərdir.  Ağıllı ermənilər burada yaşayacaqlar. Prezident İlham Əliyevin bu mövzudakı düşüncələri bütün dünyaya məlumdur. O, Qarabağda yaşayan ermənilərin bütün hüquqlarla təmin olunacaqlarını çıxışlarında dilə gətirir. Cənab Prezidentin sözlərinin də imzası qədər gücə malik olduğu erməni cəmiyyətinə bəllidir”. 

Millət vəkili son zamanlar erməni ictimai fəallarının iki xalqın birgə yaşamasının mümkünlüyü ilə bağlı açıqlamalarının artdığını vurğulayıb:

“Əvvəllər erməni cəmiyyətində  birmənalı şəkildə azərbaycanlılarla birgə yaşamağın qeyri-mümkünlüyü vurğulanırdı. Hazırda vəziyyət dəyişib. Ermənistan cəmiyyətində sağlam düşüncəli insanlar, ziyalılar  açıq şəkildə bu iki xalqın birgə yaşamasının mümkün olduğunu dilə gətirirlər. Onlar Azərbaycan bayrağı altında yaşamağın müsbət tərəflərini görürlər. Azərbaycan çoxmillətli dövlətdir və xalqımız sülhpərvərdir. Əlbəttə bizim üçün tarixi dərslər var. Biz bu dərsləri unutmamalıyıq. Erməni qəsbkarlarının törətdiyi soyqırımlar yaddan çıxmamalıdır. Lakin Cənab Prezident İlham Əliyevin də dediyi kimi, yaşananların əsas səbəbkarı  erməni xalqı deyil. Baş verənlərin təqsirkarı  Ermənistan hakimiyyəti və  Qarabağdakı qanunsuz xuntadır. Azərbaycan xalqı da reallıqları bu cür qiymətləndirir”.