"Biz sadəcə Paşinyan hakimiyyətini məğlub etməmişik, həm də..." - POLİTOLOQ

"Eyni zamanda birinci Qarabağ müharibəsindən bugünə qədər Ermənistanda hakimiyyətdə olmuş bütün quldur rejimləri məğlub edərək ümumilikdə uzun illərdir formalaşdırılmış erməni yalanlarını yox etmişik"

"Akopyanın absurd fikirləri erməniçilik ideologiyasının son çırpınışlarından başqa heç bir ciddi məna kəsb etmir"

"Əgər 30 il ərzində bizim üçün üçüncü dövlət danışıq aparsaydı, yəqin ki, belə şərəfsiz, alçaldıcı sonluğa çatmazdıq. On mümkün variantlar arasından ölüm variantı üzərində qərarlaşdıq. 1988-ci ildə biz Qarabağa “muxtar respublika statusu” ala bildik. Amma bildirdik ki,bu, kifayət deyil. 1997-ci ildə biz Qarabağı və Laçını 6,2 min kvadratkilometr ərazi ilə birlikdə qoruyub saxlaya və Ermənistanın davamı kimi Ermənistan Respublikasına sahib ola bilərdik. Bu ərazilərdən boru kəmərləri, dəmir yolları keçəcəkdi. Aamma hərbi çevrilişin təşkilatçıları olan Sərkisyana, Köçəryana və Oskanyana güc, pul, şöhrət lazım idi, təhlükəsiz Qarabağ və Ermənistan yox".

Bunu erməni jurnalist Tatul Akopyan Feysbuk səhifəsində yazıb.

“1998-ci ildən 2018-ci ilə kimi Köçəryan və Sərkisyan rejimi çiçəkləndi, onlar üçün Qarabağ məsələsi yox idi. Onlar deyirdilər ki, məsələ həll olunub. 2018-ci ildən sonra böyük legitimlik ehtiyatına malik Paşinyan ağrılı və ləyaqətli həll yoluna qayıtmaq əvəzinə, qumar oynadı və bizə 44 günlük fəlakət gətirdi. Biz 9/10 noyabr 2020-ci il tarixli sənədlə daha diqqətli ola bilərdik, lakin bunu təslimiyyət aktı, Nikolu isə aradan qaldırmaq üçün təslimçi adlandrıdıq. 2023-cü ilin avqustunda biz erməniləri statussuz belə beşikdə saxlaya bilərdik, amma Köçəryan-Serj-Arkadi-Bako qruplaşması Qarabağda çevriliş etdi. Bu qrupun nümayəndəsi Şahramanyan “dqr”in buraxılması haqqında “fərman” imzalayıb. Ölüm və ya azadlıq. Başqa variant görmədik. Biz ölməyə qərar verdik”, - o bildirib.


 
Mövzuya münasibət bildirən politoloq Aytən Qurbanova "Sherg.az"a vurğulayıb ki, bu fikirlərdə  təəccüb yarada biləcək heç bir məqam yoxdur: 

"Çünki biz 44 günlük Vətən müharibəsinin yekununda Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra erməni cəmiyyətində Paşinyanyana qarşı oxşar ittihamların səsləndirilməsinin dəfələrlə şahidi olmuşuq. Amma maraqlı olan məqam odur ki, erməni jurnalist bütövlükdə iqtidar-müxalifət (keçmiş iqtidar) nümayəndələrinin hamısını ittiham edərək hər hansı bir üçüncü dövləti özləri üçün “xilaskar” elan edir.  Böyük ehtimal burada  Fransa kimi himayədarlarından hər hansı birini nəzərdə tutur. Bu yanaşma artıq yenidir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, biz bugün sadəcə Paşinyanın rəhbərlik etdiyi hərbi-siyasi hakimiyyəti məğlub etməmişik. Eyni zamanda birinci Qarabağ müharibəsindən bugünə qədər Ermənistanda hakimiyyətdə olmuş bütün quldur rejimləri məğlub edərək ümumilikdə uzun illərdir formalaşdırılmış erməni yalanlarını yox etmişik. Ali Baş Komandan bunu dəfələrlə öz çıxışlarında vurğulayıb. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Akopyanın bu absurd fikirləri erməniçilik ideologiyasının son çırpınışlarından başqa heç bir ciddi məna kəsb etmir".

Ekspert onu da qeyd edib ki, erməni cəmiyyəti artıq Azərbaycanın Qarabağın hər qarış torpağı üzərində öz suverenliyini bərpa etməsindən sonra yaranmış yeni reallıqla üzləşməyə başlayıb:

 "Bu mərhələdə biz onların bir-birinə qarşı belə ittihamları ilə hələ çox qarşılaşacağıq. Digər tərəfdən isə Paşinyan administrasiyası bəlkə də öz hakimiyyəti dövründə ən böhranlı mərhələdən keçir. Hətta ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra belə bu qədər ciddi şəkildə təhdidlərlə qarşı-qarşıya deyildi. Hadisələri qabaqlayaraq kəskin fikir bildirmək doğru olmasa da, proseslərin gedişatı Paşinyan hakimiyyətinə ciddi təhdidlər olduğunu aydın şəkildə nümayiş etdirir".