"Bir çox Qərb ölkələri Ukrayna savaşına maliyyə vəsaiti xərcləmək istəmirlər. Avropa ölkələri bu savaşın yükünü daşımaqda çətinlik çəkirlər"
Qərb ölkələri Ukraynanın silaha olan tələbatını ödəmək üçün istehsal xətlərini kifayət qədər genişləndirməyib.
Bu barədə “Politiko” adı açıqlanmayan Avropa rəsmisnə istinadən məlumat yayıb.
“AB artıq ehtiyatlarından Kiyevə silah ayırmağa davam edə bilməz. Amma Ukraynaya Avropada hələ də güclü ictimai və siyasi dəstək var. AB ölkələri təhlükəsizliklərinə xələl gətirmədən əllərindən gələni etdilər”, - mənbə bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a şərh verən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Ukrayna savaşı ətrafında baş verən hadisələr ABŞ və Avropa Birliyinin taleyüklü qərarlar vermək ərəfəsində olduğunu göstərir:
"Hazırda bir çox Qərb ölkələri Ukrayna savaşına maliyyə vəsaiti xərcləmək istəmirlər. Avropa ölkələri bu savaşın yükünü daşımaqda çətinlik çəkirlər. Bu ölkələrin büdcələri Ukraynaya maliyyə dəstəyi vermək üçün yetərli resurslara malik deyil. Bunu Avropa ölkələrinin özləri də açıq şəkildə etiraf edirlər.
Eyni zamanda, Avropa Birliyi Ukrayna savaşından ciddi ziyan çəkməyə başlayıb. Bu qurum son bir ildə Ukraynaya 85 milyard avro həcmində dəstək verib. Digər tərəfdən, Rusiyaya qarşı sanksiyalar AB məkanında bumeranq effekti verməyə və ağır sosial-iqtisadi problemlər yaratmağa başlayıb.
Nəhayət, ABŞ-ın siyasi elitasında da Ukrayna savaşı böyük mübahisələrə yol açıb. Bayden adminstrasiyası Ukrayna savaşına 145 milyard dollar xərcləyib. Ona görə də, indi respublikaçılar Bayden adminstrasiyasını sərt şəkildə tənqid edirlər və Ukraynaya yardımları dayandırmağı tələb edirlər. Onlar hakimiyyətə gələcəkləri təqdirdə, Ukraynaya axan maliyyə dəstəyini dərhal kəsəcəklərini artıq indidən bəyan edirlər. Bayden adminstrasiyası da son vaxtlar, xüsusilə də, növbəti prezident seçkiləri ərəfəsində daxili təzyiqlərə tab gətirməkdə çətinlik çəkir. Ona görə də, ABŞ-nin yaxın üç aylıq büdcəsində Ukraynaya maliyyə dəstəyi nəzərdə tutulmayıb. Belə ehtimal etmək olar ki, ABŞ-da hakimiyyət dəyişikliyi olacağı təqdirdə, Ukrayna Rusiya ilə təkbaşına buraxıla bilər. Bu isə Ukraynanın dövlət kimi mövcudluğuna böyük təhlükələr vəd edir".