Bəzi yerlərdə imkan var, amma bir çoxunda yoxdur

Gender, ailə, demoqrafiya məsələlərinin işıqlandırılması

Valideynlər əlilliyi olan övladını harasa aparmaq üçün əziyyət çəkir

“Bu uşaqlar çox vaxt evdə qalır. İctimai yerlərdə az-az görünürlər. Bu isə onların cəmiyyətdən təcridinə səbəb olur. Bu baxımdan problemə diqqət ayrılmalıdır”
  BMT-nin Uşaq Hüquqları Komitəsi əlilliyi olan uşaqların valideynlərinə dəstəyi gücləndirmək və həmin uşaqların öz ailə mühitində böyümək hüququnun təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib. Bu, BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələr sənədində öz əksini tapıb. Eyni zamanda sənəddə icma əsaslı xidmətlərin, o cümlədən erkən müdaxilə xidmətləri və gündüz qayğısının əlçatanlığının artırılması, bu cür xidmətləri göstərən və valideynlərə adekvat sosial-iqtisadi dəstək göstərən QHT-yə dəstəyin göstərilməsi, həmçinin damğalanma ilə mübarizə üçün maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsi və əlilliyi olan uşaqların hüquq sahibləri kimi müsbət imicinin təşviq edilməsilə bağlı tövsiyələr yer alıb.
  Qeyd edək ki, Azərbaycan dövlət siyasətinin sosialyönümlü olması, əhalinin həssas təbəqəyə məxsus hissəsinin dövlət qayğısıyla əhatə olunması cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda, bu sərəncamlardan irəli gələn vəzifələrin aidiyyətli qurumlar tərəfindən icra edilmsəində əksini tapır.
  Qarşıda duran əsas vəzifələrdən biri şəhid ailələri və digər həssas qrupların sosial dəstək tədbirləri ilə əhatə olunmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclaslarında həssas qrupların, digər məsələlər kimi uşaqların lazımi sosial qayğıyla əhatə olunması istiqamətində görülən və görülməsi zəruri olan işlərin müzakirəsi aparılır. Nazirlikdə keçirilən növbəti kollegiya iclasında sosial xidmətlər sahəsində görülən işlər, o cümlədən bu il 5149 nəfərə evdə sosial-məişət xidməti göstərildiyi, 100 uşağın övladlığa verildiyi, reinteqrasiya tədbirləri nəticəsində dövlət uşaq müəssisələrindən 126 uşağın öz ailəsinə qaytarıldığı qeyd olunub. Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması, «Himayədar ailə» qayğı modelinin tətbiqi istiqamətində görülən işlərdən bəhs olunub. İclasda sosial xidmətlər, hüquq, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və digər sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
  BMT-nin Uşaq Hüquqları Komitəsinin əlilliyi olan uşaqların valideynlərinə dəstəyi gücləndirmək və həmin uşaqların öz ailə mühitində böyümək hüququnun təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə etdiyi tövsiyələr barədə “Şərq”ə danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, uşaqlara həssas qruplara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstəriləcək sosial xidmətlər “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” ilə təsdiq edilib:
- Bununla bağlı ölkə başçısının 28 avqust 2023-cü il tarixli sərəncamı var. Sərəncamla “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının təmin edilməsi məqsədilə adını çəkdiyimiz Dövlət Proqramı Prezident tərəfindən təsdiq edilib. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin, nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini də nazirliyin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti də bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Dövlət Proqramında nələr nəzərdə tutulur. Qısaca baxsaq, həssas qrupa aid uşaqların sosial qayğısının, onlara göstərilməli olan xidmətlərin siyahısı açıq verilib. Dövlət Proqramında qeyd edilir ki, hər bir cəmiyyətdə uşaqların sosial müdafiəsi, sağlam və firavan böyüməsi, fiziki və mənəvi inkişafı üçün həyata keçirilən siyasət həmin cəmiyyətin ümumi inkişafının əsas keyfiyyət göstəricilərindən biridir. Sivil və ümumbəşəri dəyərləri daim yüksək tutan Azərbaycan Respublikası da uşaqların münasib şəraitdə böyüyərək tərbiyə olunmaları və onların layiqli vətəndaş kimi formalaşmalarının təmin edilməsi sahəsində fəal siyasəti ilə fərqlənir. Hazırda Azərbaycan Respublikasının ixtisaslaşdırılmış sosial xidmət müəssisələri tərəfindən uşaqların münasib yaşayış şəraiti, sığınacaq və reinteqrasiya xidmətləri ilə təmin edilməsi, təhsilin və peşə hazırlığının, sosial reabilitasiyasının təşkili, onlara hüquqi, psixoloji yardımın göstərilməsi və digər tədbirlər həyata keçirilir. Uşaqlarla bağlı dövlət siyasətinin əsas hədəflərindən biri uşaq müəssisələrində yaşayan uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, eyni zamanda onların stasionar uşaq müəssisələrinə düşməsinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsidir. Uşaq müəssisələrinə düşmək riski olan 3234 uşaq müxtəlif şəhər və rayonlarda təşkil edilən günərzi qayğı mərkəzlərində xidmətlərə cəlb olunub, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı ilə bağlı 2006–2015-ci illər üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində, eləcə də sonrakı dövr üzrə fəaliyyət nəticəsində 879 uşaq ailələrinə qaytarılıb. Əlilliyi olan uşaqların digər ölkələrdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili diqqətdə saxlanılır, ötən müddət ərzində bu kateqoriyadan olan 386 uşağın xarici ölkələrdə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilib. Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin məzunu olan gənclərin yaşayış problemlərinin həlli ilə bağlı ciddi tədbirlər görülür, bu məqsədlə inşa edilmiş çoxmənzilli binalarda həmin kateqoriyadan olan 590 gəncə mənzil verilib. Bunlar həyata keçirilən əsaslı işlərdir. Dövlət Proqramının prioritet istiqamətlərinə hüquqi bazanın təkmilləşdirilməsi, əlilliyi olan uşaqlara mobil xidmətlərin səviyyəsinin yüksəldilməsi, bu sahədəki beynəlxalq təcrübənin öyrənilməsi, sosial xidmətlərə əlçatanlığın artırılması, sosial işin idarə edilməsində inkişafa nail olmaq, xidmət paketinin artırılması, fiziki məhdudiyyətli, əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb edilməsi, sosial-iqtisadi dəstək, bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası, imkanlardan bərabərhüquqlu istifadəsinin təmini, həmçinin belə uşaqların cəmiyyətdən təcridinin qarşısının alınması istiqamətində tədbirləri gücləndirmək daxildir.
  M.Zeynalova qeyd etdi ki, tövsiyələr arasında qeyri-hökumət təşkilatlarına dəstəyin artırılması və onlarla birgə əməkdaşlığa üstünlük verilməsi də əksini tapır:
 - QHT bu sahədə çox iş görə bilər. Bölgələrdə mövcud durumu öyrənmək, ailələrlə ünsiyyət, xüsusi həssas qrupa aid uşaqların üzə çıxarılması və onlara sosial xidmətin təşkilində QHT bəlli bir təcrübəyə sahibdir. Hesab edirəm ki, sosial xidmətlərin keyfiyyətini yüksəltmək üçün əlilliyi olan uşaqlara sahib ailələrə maddi dəstək artırılmalıdır. Söhbət sosial müavinətlərin artırılmasından gedir. Doğrudur, dövlət tərəfindən sosial müavinətlərin həcmi artırılır, lakin hesab edirəm ki, bu məbləğ gündəlik istehlak səbətini qarşılayacaq həddən yüksək olmalıdır ki, ailə əlilliyi olan övladına daha yaxşı xidmət göstərə, onun ehtiyac və istəklərini qarşılaya bilsin. Adi bir misal çəkim; əlilliyi olan uşağı harasa aparmaq üçün taksi xidmətindən istifadə edilməlidir. Təəssüf ki, əlilliyi olan şəxslərin sərbəst hərəkəti üçün uyğun şərait hələ tam formalaşmayıb. Bəzi yerlərdə imkan var, amma bir çoxunda yoxdur. Valideynlər əlilliyi olan övladını harasa aparmaq üçün əziyyət çəkir. Həm infrastruktur baxımından, həm də maddi çatışmazlıqdan. Ona gorə də bu uşaqlar çox vaxt evdə qalır. İctimai yerlərdə az-az görünürlər. Bu isə onların cəmiyyətdən təcridinə səbəb olur. Bu baxımdan problemə diqqət ayrılmalıdır. İnklüziv təhsil mərkəzlərinin, həmçinin günərzi qayğı mərkəzlərinin də sayı artırılmalıdır. Elə valideynlər var, işləyirlər, onların imkanı yoxdur övladına bütün gün ərzində nəzarət edə bilsin. Belə uşaqların günərzi mərkəzlərinə yerləşdirilməsi çox vacibdir, nəzarətsiz qalmasınlar və qayğı ilə əhatə olunsunlar deyə. Təkcə əlilliyi olan uşaqlar deyil, bu mərkəzlərə valideyn himayəsindən məhrum, həmçinin valideyni əmək fəaliyyəti ilə məşğul olan uşaqlar da cəlb edilə bilər. Sadəcə, bu mərkəzlərdə uşaq yeri sayı artırılmalıdır ki, daha çox uşaq və ailələr bu imkandan yararlana bilsin.