“Himayədar ailə” qayğı modeli mütərəqqi layihədir

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu model daha çox uşağın ailəyə sahib olmasını təmin edəcək

“Əsas hədəf  budur; uşaqlar ailə ortamında böyüsün, inkişaf etsin, təhsil alsın, yarımçıq deyil, tam ailələrdə cəmiyyət üçün yararlı vətəndaş olaraq yetişsinlər”

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin iyul ayında imzaladığı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun uşaqların müdafiəsində böyük əhəmiyyət daşıyır. Bu dəyişiklikləri əhəmiyyətli edən qanunvericiliyə bir sıra vacib məsələlərlə yanaşı, himayədar ailə anlayışına da geniş yer verilməsidir. Azərbaycanda himayədar ailə modelinin təşəkkül tapması, himayədar ailələrə dövlət qayğısının artırılması, valideynini itirmiş uşaqların himayədar ailələrə verilməsi prosesinə xüsusi diqqət ayrılması hər bir uşağın ailədə böyüməsinin təmini məqsədi daşıyır ki, bu da uşaqların mənəvi dünyasının nurlanması deməkdir. Azərbaycan tarixən ailə dəyərlərinə və ailə modelinə üstünlük verilən, ailənin müqəddəs hesab edildiyi ölkədir. Uşaqların ailə mühitində böyüməsi də yetişən gənc nəslə milli-mənəvi dəyərlərimizin aşılanması, övladlarımızın Vətən, Ana, dövlətçilik sevgisi və bağlılığının yaranmasında böyük rol oynayır.
  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığagötürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov  da bildirib ki, hazırda himayədar ailə modelinin tətbiqi ilə bağlı hazırlıq prosesi gedir və altsistem, demək olar, hazırdır. Onun sözlərinə görə, potensial himayədar ailələrin müəyyənləşdirilməsi, onlarla müvafiq maarifləndirici görüşlərin keçirilməsi prosesi gedir: “Proseslər yekunlaşdıqdan sonra faktiki olaraq uşaqların himayədar ailənin yanına yerləşdirilməsi təmin ediləcək”. Şöbə müdiri həmçinin himayədar ailəyə veriləcək müavinətlərin uşağa xərclənib-xərclənməməsi məsələsinə də müvafiq qaydada nəzarət olunacağını diqqətə çatdırıb: “Hər ay sosial işçilər uşaqların durumunu monitorinq edəcək. Həmin uşağın geyiminə, şəxsi əşyalarının olmasına, eləcə də qidalanmasına, yəni fizioloji inkişafına baxacaqlar. Nəsə xoşagəlməz hal olarsa, monitorinqlər intensivləşir. Hətta sonda uşağın ailədən alınması halları da ola bilər. Təbii ki, ailədən hər hansı qəbz istənilmir”. 
  F.Ələkbərov qeyd edib ki, himayədar ailəyə verilən uşaqların sayı 3-dən çox ola bilməz: “Lakin burada bacı-qardaş məsələsi istisnadır. Çünki həmin uşaqların ayrılmasına yol verilmir. Onlar sistemdə qeydiyyata alınanda belə bacı-qardaş olması qeyd olunur”. O bildirib ki, bir ailə içərisində himayəyə verilən uşaqlar da daxil olmaqla ümumi uşaq sayı 5-dən artıq olmamalıdır: “Himayəyə uşaq götürən valideyn və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında müqavilə imzalanır. Lakin müqavilənin hansı müddətdə olması ilə bağlı qanunvericilikdə konkret müddəa yoxdur”. Şöbə müdiri bildirib ki, müqavilənin müddəti qarşılıqlı istək əsasında formalaşır: “Burada himayədar ailənin istəyi və niyyəti önəmlidir. Misal üçün, himayədar ailə ilə ilkin mərhələdə ola bilər ki, müqavilə 3 aylıq müddətə bağlansın. Əksər hallarda himayədar valideyn və uşaq arasında düzgün münasibət formalaşır. Müəyyən narazı hallar olduqda isə müqaviləyə xitam verilir. Ümumilikdə isə altsistemə uşağın bütün istəklərinin hamısı qeyd olunur”. Qeyd edilir ki, “Himayədar ailə” modelinin tətbiqində əsas məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsinə və inkişafına şərait yaratmaqdır. Həmin ailələrə himayəyə götürdükləri 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat aylıq müavinət verilir. Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələrin hər rübdə bir dəfə 200 manat birdəfəlik müavinətlə təmin edilir. 

  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, hazırda ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilir, mütərəqqi yanaşmalar əsasında dolğun normativ hüquqi baza yaradılır. Bu modelin tətbiqinə hazırlıq işləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müzakirələr aparılır: 

- Övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə institutunun tətbiqi işlərində də uşaqların maraq və mənafelərinin üstün tutulması prioritet təşkil edir. Bu sahədə idarəçilik və xidmətlərin də elektron sistem üzərində müasir, operativ və şəffaf təşkili diqqətdə saxlanılır. Nazirlikdə aparılan müzakirələrdə qeyd edildi ki, himayədar ailə olmaq istəyən ailələrin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılması təmin ediləcək. Bu sahədə normativ hüquqi bazanın yaradılması, himayədar ailə mexanizminin tətbiqi ilə bağlı nazirliyin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin yeni funksional imkanlar əlavə olunmaqla təkmilləşdirilməsi istiqamətində iş aparılır. 
  
M.Zeynalova qeyd etdi ki, “Himayədar ailə” qayğı modeli uşaqların ailələrdə böyüməsi və inkişafı üçün nəzərdə tutulan platformalardan biridir: 

- Övladlığa verilmə mexanizmləri mövcuddur. Bu mexanizmlər getdikcə sadələşdirilir. Bu səbəblə ki ailələrdə böyüyəcək uşaqlar daha çox olsun. Mexanizmin sadələşməsi o demək deyil ki, kim müraciət edir, həmən qəbul edilir, ona  övladlığa uşaq verilir. Burada uşağın böyüyəcəyi ailə, valideyn olmağa iddialı şəxslər barədə məlumatların əldə edilməsi, məlumatların bir bazada toplanması, uşağın böyüyəcəyi ortamın öyrənilməsi, sənədləşmə işinin asanlaşması nəzərdə tutulur. Necə ki, övladlığa verilmədə əsas hədəf uşaqların ailə daxilində böyüməsi, daha çox uşağın ailəyə sahib olmasıdır, eləcə də “Himayədar ailə” modelində də əsas hədəf  budur; uşaqlar ailə ortamında böyüsün, inkişaf etsin, təhsil alsın, yarımçıq deyil, tam ailələrdə cəmiyyət üçün yararlı vətəndaş olaraq yetişsinlər.  Dövlətimiz heç bir uşağı kimsəsiz, arxa-dayaqsız qoymur. Ölkədə körpələr evi də, uşaq evləri də var, sığınacaqlar da. Amma dövlətin başlıca məqsədi uşaqların məhz ailələrdə böyüməsini, hər bir uşağın (mümkün olduğu qədər) ailəyə sahib olmasıdır. Bəli, uşaq evləri dövlətin himayəsi altındadır, hər cür təminatı da var. Lakin nə qədər təminat olsa da, səmimi, mehriban münasibət göstərilsə də, uşaq evi ailə deyil. Ailənin verə biləcəyini uşaq evi verə bilməz. Daha çox uşaq ailəyə sahib  olsun, ailə ortamında böyüsün deyə, müxtəlif işlər həyata keçirilir. Onlardan biri də “Himayədar ailə” qayğı modelidir. 
  
M.Zeynalova qeyd etdi ki, övladlığa götürmə ilə himayədar ailə fərqlidir: 

- Himayədar ailədə böyüyən uşaqların valideynləri ola bilər. Bəlkə valideynlik hüququ alınmış şəxslərdir, bilirik ki, belə hallar olur, uşaqlar baxımsız qaldıqda, valideynləri tərəfindən uşağa işgəncə verildikdə və sair hallarda. Ola bilər valideyn cəzaçəkmə müəssisəsində olsun və uşaq himayədar ailəyə verilsin. Himayədar ailə uşağın təhsil almasını təmin edən, digər qayğılarını qarşılayan, onunla bağlı qərarların qəbulunda iştirak edəndir. Himayədar ailə uşağın soyadını dəyişmir, uşaq bioloji valideynlərinin soyadında qalır. Yəni bu ailə uşağı himayə edir, onun normal şərtlər daxilində yaşamasını, əqli, fiziki inkişafını təmin edəcəyini üzərinə götürür. Əlbəttə, himayədar ailə olmaq üçün də müəyyən şərtlər var ki, onlara əməl edilməlidir. Himayədar ailə olmaq istəyənlər təlimlərə cəlb edilir, müxtəlif testlərdən keçirilirlər. Avropa ölkələrində himayədar ailə modeli işləkdir. Belə ailələrə çox rast gəlinir. Hətta bəzən valideynlər özləri övladlarını himayədar ailələrə təhvil verirlər, uşağın gələcəyini düşünərək. Beynəlxalq təcrübədə bu var. Bizim ölkəmizdə ənənələr bir qədər fərqlidir. Bizdə də belə hallar olurdu, amma fərqli tərzdə. Kimsə övladını maddi vəziyyəti, sosial statusu yüksək olan yaxın qohumuna, bəzən qardaşına, əmisinə, dayısına həvalə edirdi ki, övladı təhsil alsın, müəyyən peşəyə, ixtisasa yiyələnsin, daha təminatlı, intellektual səviyyənin yüksək olduğu başqa bir ortamda böyüsün, inkişaf etsin. Müsbət haldır ki, nazirlik valideyn himayəsindən məhrum, yaxud uyğun ortamda böyümək imkanı məhdud olan uşaqlar üçün “Himayədar ailə” qayğı modelini tətbiq etməyi düşünür.  Bu model daha çox uşağın ailəyə sahib olmasını təmin edər. Ailə ortamında böyüyən uşaqla hər hansı müəssisədə böyuyən uşaq fərqlidir. Dövlətimiz valideynini itirmiş, yaxud valideyn himayəsindən məhrum uşaqlara hər nə qədər qayğı göstərsə də, heç bir müəssisə ailəni əvəz edə bilməz. Əlbəttə ki, normal ailə nəzərdə tutulur. Ailə normal deyilsə, uşaqlara qayğı yoxdursa, əksinə, zorakılıq, istismar halları varsa, təbii ki, həmin uşaqlar ailədən alınıb dövlət nəzarətinə verilməlidir. Bəzi hallarda dövlət müəssisələri uşaqlara anormal ailələrdən qay-qat yaxşı baxır. Bu, öz yerində. Lakin himayədar ailə modelinin yaranması və təkmilləşməsi uşaqların mümkün qədər məhz ailə mühitində, ailə ortamında böyüməsini təmin etmək məqsədi daşıyır ki, bunun da üstünlüklərini bildirdik.