Yataq otağında balıq qoxusu - Faciənin eşiyində

Yaxşı ki, faciə yaşanmadı

  Şotlandiyada yaşayan cütlük yataq otaqlarından gələn çürümüş balıq qoxusunun haradan, nədən qaynaqlandığını uzun müddət müəyyənləşdirə bilməyib. Bir müddət bu dəhşətli qoxuyla baş-başa qalan Anderson ailəsinin xanımı, 26 yaşlı Klaudiya həyat yoldaşıyla birlikdə mənzildə köklü təmizlik işlərinə başlayıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, cütlük mənzildə hər yeri qarış-qarış təmizləyib. Bu qoxunun hamamdakı borulardan gələ biləcəyini düşünərək oranı da dərindən təmizləyiblər. Lakin qoxu çəkilməyib. Əlacsız qalan Klaudiya bu barədə qayınatasına xəbər verib. Qayınata evə gəlib. Və anlayıb ki, kəskin qoxunun səbəbi qısa qapanma verən elektrik naqilidir. Qayınatanın elektrik ustası olması köməyinə çatıb. “Evdə hər yeri, hər künc-bucağı tər-təmiz etdik, ayaqyolunu, hamamı təmizlədik, su, kanalizasiya borularını da təmizlədik, amma bir nəticə olmadı. Kəskin qoxu barədə kiməsə bəhs etməyə də utanırdıq. Eşidib-bilən haqqımızda nə düşünərdi? Sonda çarəsiz qaldığımızı görüb qayınatama zəng etdim. Qayınatam elektrik ustası olub. Evdən kəskin balıq qoxusu gəldiyini ona söylədikdə, tələsik bizə gəldi”, söyləyən Klaudiya deyib ki, qayınatasının evə gəlməsiylə onları gözləyən dəhşətli faciədən xilas olublar. Kişi mənzildə qısa qapanma verən elektrik naqilini tapıb. Məlum olub ki, naqilin bir ucu qırılıb, digər ucu isə qığılcım yayır. Belə vəziyyət bir qədər də davam etsəydi, mənzildə yanğın baş verərdi. Klaudiya “xoşbəxtlikdən yanğın çıxmayıb. Bəxtimiz gətirib. Evdə hər şey yanacaqdı, evsiz qalacaqdıq. Sonra bildik ki, evin əvvəlki sakinləri elektrik naqillərinə zərər vurubmuş. Bu şəkildə də evi bizə satıblar. Yaxşı ki, başımıza faciə gəlmədən problem aradan qaldırıldı”, - deyib.