Türk Dövlətləri Təşkilatının (TDT) noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək zirvə görüşünün gündəliyi açıqlanıb.
“Türk zamanı!” adı altında keçiriləcək sammitdə və iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək.
Dövlət və hökumət başçıları üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. Bundan başqa, regionda və onun hüdudlarına baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılacaq.
Zirvə toplanmtısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.
Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.
Astana görüşünü şərh edən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a söyləyib ki, keçirilən zirvə görüşləri bu gün Türk Birliyi ilə bağlı real addımların atıldığını bir daha göstərir:
“Əvvəllər bizə xəyal kimi gələn arzuların və istəklərin bu gün reallaşdığının şahidi oluruq. Hər şeyin zamana ehtiyacı var. Heç nə birdən-birə baş vermir. Bir zamanlar Türk Birliyinin gücləndirilməsi ilə bağlı praktiki addımların atılması üçün zaman lazım idi. Həmin zaman yetişib. Buna uyğun strategiya mövcuddur. Bir sıra mövzularda ortaq fəaliyyətlər mövcuddur. Müntəzəm görüşlərin keçirilməsi ortada real istədiyin olduğunu təsdiqləyir. Dövlət rəhbərləri arasında olan şəxsi dostluq münasibətləri Türk xalqının birləşməsinə böyük təsir göstərir. Münasibətlər paralel şəkildə davam edir. Hər istiqamətdə Türk Birliyinin gücləndirilməsini müşahidə edirik. Bu istər siyasi, istər iqtisadi-mədəni və istərsə də beynəlxalq müstəvidə baş verir”.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.