Ermənistanın İranla dövlət sərhədində yeni gömrük məntəqəsi tikiləcək
“Sputnik Armenia”ya xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.
Onun sözlərinə görə, Meğridə tikiləcək gömrük məntəqəsi bütün beynəlxalq standartlara cavab verəcək. Həmin məntəqənin istifadəyə verilməsi sənədləşmə prosedurlarını sürətləndirəcək və gömrük nəzarətinin səmərəliliyini artıracaq.
Mövzunu “Sherg.az”a dəyərləndirən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan vurğulayıb ki, rəsmi İrəvan və Tehran arasında iqtisadi əlaqələrin genişlənməsi perspektivdə Hindistan, İran və Ermənistanı nəzərdə tutan "Şimal-Cənub" dəhlizi ilə bağlıdır:
"Mehri rayonu ərazisində həm də azad ticarət zonası var. Bu isə Ermənistanla İranın iqtisadi-ticarət əlaqələrinin inkişafına xidmət edəcək. Yəni bunun regionun digər ölkələrinə heç bir faydası yoxdur. Çünki həmin gömrük məntəqəsindən Ermənistan və İran iş adamları istifadə edəcək. Digər tərəfdən bunun Gürcüstana da elə böyük təsiri görünmür. Ona görə ki, Gürcüstanın Azərbaycanla nəqliyyat kommunikasiya sahəsində əməkdaşlığı mövcuddur. Digər tərəfdən bu həm də Ermənistanın şimal yolu bağladığı halda İran vasitəsilə əlaqələrin genişləndirilməsinə xidmət edə bilər. Yəni gömrük məntəqəsinin regional və beynəlxalq əhəmiyyəti yoxdur. Sadəcə olaraq iki ölkə arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsi, həmçinin sənədləşmə işinin sürətlənməsi üçün görülən işdir".