"Nə iqtidar, nə də müxalifət zamanla ayaqlaşa bilir. Bunu üçün ciddi islahatlara ehtiyac var"
"İndiki siyasi qüvvələr Qarabağ dalğasında siyasətə gəliblər". Bu barədə ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli müsahibələrinin birində deyib.
Onun sözlərinə görə, son illər iqtidar düşərgəsində nəsil dəyişimi baş verib, lakin müxalifətdə isə bu, baş verməyib:
"20-30 il əvvəl Qarabağ dalğasında siyasi səhnəyə gələnlər yenə də siyasətdədir. Artıq Qarabağ məsələsi bitib və ona görə həmin müxalif siyasilər öz vizyonuna korreksiya etməlidirlər. Amma edə bilmirlər. Müxalifət dünyadakı yeni trendləri, yeni ab-havanı tuta bilmir, Azərbaycan iqtidarı bunu daha yaxşı bacarır. Ona görə də müxalif cameədə olanların 90 faizi siyasətdən gedəcək".
N.Cəfərli əlavə edib ki, Azərbaycanda siyasi partiyalar lider ətrafında formalaşıb. Həmin liderlərin ideoloji kimliyi, məsələlərə baxışı haqqında insanlar məlumatsız olub: "Yeganə ana xətt ondan ibarət olub ki, biz hakimiyyətə qarşıyıq, özümüz hakimiyyətə gəlmək istəyirik. Ancaq sən necə hakimiyyətə qarşısan və hakimiyyətə gələndən sonra nələr dəyişəcək? Bu suallarla bağlı son 30 ildə boşluqlar olub". O qeyd edib ki, ölkədə müxalif cameə nəyinsə leyinə yox, kiminsə və nəyinsə əleyhinə formalaşıb: "Əleyhinə" tipli birliklər və yanaşmalar isə çox vaxt uğursuzluqla nəticələnir".
Səslənən fikirlərlə bağlı "Sherg.az"a danışan AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, siyasət "köhnə-təzə", "yaşlı-gənc" məsələsi ilə deyil, düşüncələrlə bağlıdır. Partiya rəhbəri vurğulayıb ki, müasir siyasi çağırışlara cavab verə bilməyən, mövcud siyasi proseslərə adaptasiya olmaqda çətinlik çəkən siyasilər onsuz da səhnədə qala bilməyəcəklər və gedəcəklər.
Səsləndirilən fikirlərlə əlaqədar danışan ana müxalifət partiyalarından sayılan AMİP-in qurucusu Etibar Məmmədov isə Sherg.az-a bildirib ki, iki nəfər orta yaşlı siyasətçi kimlərin siyasətdən gedib-getməməsi barəsində öz fikirlərini səsləndiriblər:
"Amma düşünürəm ki, siyasətçilər kimin gedib-getməyəcəyini yox, özlərinin necə irəliləyəcəklərini fikirləşməlidir. Paritayalara qaldıqda isə nə iqtidar, nə də müxalifət zamanla ayaqlaşa bilmir. Bunu üçün ciddi islahatlara ehtiyac var. Yəni Azərbaycanda siyasi sistem daha fəal olmalıdır".