Almaniya XİN başçısının Bakıya səfərində başqa izlər görünür - GÜNDƏM

"Almaniyanın Fransanın yedəyində görünməsi Azərbaycanın maraqları ilə uyuşmur, hərçənd ki, Bakı Berlini Parisə qarşı “susdurucu silah” kimi nəzərdən keçirir"

Almaniyanın xarici işlər naziri Annalena Barbok noyabrn 3-də Ermənistana səfər edəcək. Bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, o, ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək. Tərəflərin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir.
Annalena Barbok  bir gün sonra, noyabrın 4-də Azərbaycana gələcək. Səfər çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunacaq.



Səfəri “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Almaniya xarici işlər nazirinin regiona gəlmək planı Berlinin Cənubi Qafqazla əlaqədar vahid paketdə siyasət formalaşdırmaq istədiyinin göstəricisidir: 

“Almaniya XİN başçısının Ermənistan və Azərbaycana səfərlərinin proqramı Berlinin regional təşəbbüslərdə rol almaq istəkləri ilə əlaqəlidir. Rusiya-Ukrayna müharibəsi Almaniyanı çətin vəziyyətə salır. Almaniyan indi Avropa ilə Asiya arasındakı kəsişmə nöqtəsi olan Azərbaycanın geostrateji əhəmiyyətindən yararlanmaq istəyir. Düzdür, Azərbaycanın regional siyasətinə Almaniya hər nə qədər qərəzli yanaşmağa çalışsa da, iki ölkənin münasibətləri iqtisadi platformalarda yaxşı yerdə hesab oluna bilər. Elə bu yerdə demək olar ki, Almaniya üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması əhəmiyyət daşıyır”.

 Analitik qeyd edib ki, Berlinin məntiqində Fransanın da ştrixləri mövcuddur:

“Almaniyanın Fransanın yedəyində görünməsi Azərbaycanın maraqları ilə uyuşmur, hərçənd ki, Bakı Berlini Parisə qarşı “susdurucu silah” kimi nəzərdən keçirir. Bu o deməkdir ki, Avropa İttifaqında Fransanın Ermənistana can yandırmasına qarşı olaraq Azərbaycan Almaniyanı kompensasiya edici faktor kimi diqqətdən kənarda qoymur”.