İranın açıq savaşa girməsi hakimiyyətinin sonu ola bilər  - Şərh

Ona görə də, Tehran hakimiyyəti üçün proksi müharibə aparmaq daha faydalıdır

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.
Bu barədə İran XİN başçısı X hesabında yazıb.

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığında Qəzza zolağında və İordan çayının qərb sahilində baş verən son hadisələri müzakirə etdik”, - Abdullahian bildirib.

Hadisəni "Sherg.az"a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, İsmayıl Haniyənin Qəzza zolağından kənarda olması bu bölgənin perspektivindən xəbər verir:

"Ehtimal edirəm ki, İsrail Qəzza zolağını HƏMAS-sız bölgəyə çevirəcək. Digər tərəfdən İsrail tərəfi əvvəlcədən də qeyd etmişdi ki, Qəzza zolağını Fələstin hakimiyyəti və fələstinlilər idarə edəcək. O ki, qaldı İsmail Haniyə ilə Hüseyn Əmir Abdullahian arasındakı təmaslara, İran XİN başçısı bundan öncə Türkiyə,Qətər, Livan, Suriya və İraqa səfərlərdə olub. Abdullahianın SEPAH-ın fiqurlarından olduğunu nəzərə alsaq, onunla Haniyə arasındakı danışıqlarda müdafiə məsələləri və HƏMAS-ın İsrailə kompromisə getmək təklifi müzakirə oluna bilər. Çünki İsrail Qəzza zolağını təmizləməkdə qətiyyətlidir. Zolağın HƏMAS-ın əlindən çıxması ilə İranın həmin əraziyə təsir etmək imkan azalacaq".

Analitik əlavə edib ki, bu gün Livan "Hizbullahın" lideri şeyx Nəsrullah HƏMAS-ın müdafiəsi haqqında açıqlama verəcək:

"Bu açıqlamanın İsrailə müharibə elanı və ya HƏMAS-ı müdafiə etmə motivli olacağı gözlənilir. Çünki "Hizbullahdan" öncə "Husilər" İsrailə qarşı müharibə elan edib. Bu məntiqlə "Hizbullahın" da İsrailə qarşı müharibəyə qoşulacağı ehtimalı böyükdür. Həmçinin İran XİN rəhbəri Türkiyədə səfərdə olarkən də İsrailə qarşı ikinci cəbhənin açılacağını bildirmişdi. Ümumiyyətlə Yaxın və Orta Şərq regionu çoxsaylı müharibələrlər üzləşib. Hətta İranla İraq arasında 8 illik müharibə baş verib. Amma bu savaş genişlənərək dünya müharibəsi səviyyəsinə çıxmadı. Bu mənada HƏMAS-İsrail münaqişəsinin də böyüyüb dünya müharibəsinə çevriləcəyini ehtimal etmirəm. Məsələn, bu münaqişədə canfəşanlıq edən İranın digər dövlətlərlə açıq savaşa girmək hakimiyyətin sonu ola bilər. Ona görə də, Tehran hakimiyyəti üçün proksi müharibə aparmaq daha faydalıdır".