Körpəsini dekan saxladı, ana imtahana girdi- Bundan gözəl nə örnək ola bilər? 

Bu hadisə göstərdi ki, ali məktəb rəhbərləri qadınlara təhsil almaqda dəstək göstərməyə hazırdır

Ana imtahana daxil olub, dekan isə onun körpəsini saxlayır. Faktmedia.az xəbər verir ki, bu barədə məlumatı və buna uyğun fotoları Naxçıvan Universitetinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Leyla Səfərova sosial mediada paylaşıb. Paylaşımda xanım dekan bunları yazıb: “Müəllimə, zəhmət olmasa, uşağı saxlayın, imtahana girim!” – deyən, fakültəmizin 4-cü kurs tələbəsi Zeynəbin balaca mələyi Sevinc. Ana imtahana daxil olubsa, dekan da körpəni saxlamalıdır. Xeyli müsbət enerji aldım bu yarım saatlıq müddətdə, çoxsaylı işlərimizin arasında”. Qeyd edilir ki, imtahan verən qadın Naxçıvan Universitetinin Xarici dil müəllimliyi (ingilis) ixtisası üzrə 4-cü kurs tələbəsi Zeynəb Şöhrət qızı Vəliyevadır.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu, normal davranışdır. Sadəcə :


 - Belə normal davranışlar son zamanlar az sərgiləndiyi üçün, vəzifəli şəxslərdən, hətta adi insanlardan da normal davranışlara bəzən tamarzı qaldığımızdan, ən adi, insani münasibətlər, qadına, uşağa münasibət, təhsilə dəstək verilməsi cəmiyyətə qeyri-adi görünür ki, yəni, belə hal mümkündür?!.  Burada insani davranış, səmimi münasibət  baxımından qeyri-adi bir hal yoxdur. Çoxları bunu edə bilər. Yetər ki gərəkən anda insana ehtiyacı olan köməklik göstərməyi hərə birimiz insani borc bilək. Buna can ataq. Dekan da bir ailə başçısıdır. Qadındır, anadır. Onun bu addımı bir qadının digərinə dəstək olmasna çox gözəl bir örnəkdir. Körpələr şıltaq olur, görünür o tələbə-ananın imtahan günü körpəsini kiməsə həvalə etmək imkanı olmayıb, məcbur qalıb özüylə uni versitetə gətirib. Dekan da sağ olsun, yüksək insani keyfiyyət nümayiş etdirib. Alqışlayıram onun bu hərəkətini.  Bu cür insanlarla qürur duymalıyıq. Məncə bu hadisə bir çox gənc qızlarımızı, gənc anaları təhsil almağa ruhlandıracaq. Evli qadınlar təhsilə çox zaman ona görə maraq göstərmirlər, elə bilirlər, onlara dəstək verən olmayacaq. Amma bu hadisə göstərdi ki, ali məktəb rəhbərləri qadınlara təhsil almaqda dəstək göstərməyə hazırdır. İnsani hisslər, uşaqlara qayğı ilə yanaşmaq duyğusu hamımzıa məxsusdur. Ailə qurmuş qadınlarımız təhsildən uzaqlaşmasınlar, təhsilə maraq göstərsinlər, onları dəstəkləyənlər mütləq olacaq.