Meriyanın yeni icadı... Bu qarı yola tökməli deyilsiz, cənablar! 


Əqli cəhətdən problemi olan insanlar ancaq başa düşməyə bilər ki, havalar şaxtalı olduğundan, yola tökdüyünüz o qar axşam və səhərlər buz bağlayır...

  Yol kənarındakı qarın mənzil-kommunal təsərrüfatı idarələrinin məhz xanım işçiləri tərəfindən təmizlədilməsi nə qədər təəssüf doğurursa, qarın yolun hərəkət hissəsinə, trasın ortasına atılması bir o qədər təəccüb doğurur, sürücülər tərəfindənsə əsəb və etirazla qarşılanır. Xanım əməkdaşlarla bağlı qısaca bunu deyə bilərik ki, “bu işi texnika icra etsə, onlar işsiz qalacaqlar, sonra da onların işsiz qalmasına etiraz edəcəksiniz”, “evlərinə çörək (yəni çörək pulu) aparırlar” və sair bu kimi çıxışlar məntiqsiz görünür. MKTİ məgər işçiləri yalnız qarlı havalar üçün işə qəbul edir? Belə anlaşıla bilər ki, fəhlələr, xadimələr başqa fəsillərdə heç bir iş görmür, bekar oturub qarın yağmasını gözləyirlər. Elə deyil. Bu işçilər şose yollarını sübh tezdən süpürür, küçələri təmizləyir, zibilləri daşıyır, ağacların dibini belləyir, torpağı əlləriylə şumlayır... Bu işlərə görə əməkhaqqı almırlarmı, yoxsa ancaq qarı təmizlədikdə əməkhaqqı alırlar, yaxud qarı təmizlədikdə əmək haqlarına xüsusi əlavə edlir? Bu nə yanaşma, nə məntiqdir? Texnika ona görə alınır ki, qarlı havada yol təmizlənsin. Çətin şəraitdə insanlar əziyyət çəkməsin, bu işi texnika icra etsin. Belə olmayacaqdısa, o texnika niyə alınırdı? Hər dəfə görürük axı, meydana yığılan yeni kommunal texniki vasitələr bəh-bəhlə təqdim edilir. Belə bir qəribə, tam da Azərbaycan reallığına uyğun vəziyyət yaranıb. Sosial şəbəkələrdə də müzakirələr bitmir. Yollardan da yazılır, qarın fəsadlarından da.
Məsələn, sosial şəbəkə istifadəçisi Elnur Məmmədli qeyd edir:
- Bu mənə heç vaxt çatmayıb. Məntiqlə yolun hərəkət hissəsində olan qar təmizlənməlidir. Amma Azərbaycanda kimsə icad edib ki, qeyri-hərəkət hissəsində olan qar, buz təmizlənib hərəkət hissəsinə tökülməlidir. Özü də bunu qadınlar etməlidir. Niyə?
Jurnalist Zülfüqar Xeyirxəbər də yazıb:
- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, bu qarı yola tökməli deyilsiz, yoldan kənarlaşdırmalısız. Bu hərəkətinizlə insanların həyatına təhlükə törədirsiz. Əqli cəhətdən problemi olan insanlar ancaq başa düşməyə bilər ki, havalar şaxtalı olduğundan, yola tökdüyünüz o qar axşam və səhərlər buz bağlayır... Ayrıca olaraq buz bağlamış yollarda o qadınları işlətməklə onların həyatını da təhlükəyə atırsız... Hökumətdən bu işlər üçün texnika almaq adı ilə milyonlarla vəsait almısız.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında məsələyə aydınlıq gətirdi:

- Ümumi götürdükdə, bizdə piyada infrastrukturunun qarsız havada baryersiz olması yönündə işlər görülməlidir. Qarlı havada isə piyada gəzmək daha təhlükəsizdir. Avtomobillərin qəza etmək riski var, təhlükə realdır çünki. Yol kənarlarındakı qarı niyə yolun hərəkət hissəsinə atırlar, deyə bilmərəm. Bu məsələdə qarın həcmindən asılı olaraq fərqli həllər mümkündür. Qar çox olarsa, kənara daşıya bilərlər. Düşünürəm ki, çox deyil deyə, yolun hərəkət hissəsinə atmaqla əriməsini stimullaşdırırlar.