Paytaxt nə Ağdama, nə də başqa yerə köçürüləcək - MÜZAKİRƏ

Bu tipli təkliflərin hamısı xalqı ələ salmaqdan başqa bir şey deyil

“Bütün resurslar Bakıdadır və Azərbaycanın inkişafı, ayaq üstə durması Bakıya bağlıdır. Bakı həm siyasi, həm də iqtisadi mərkəzdir. Və bunun dəyişdirilməsi mümkün görünmür”

  Paytaxtın köçürülməsi də, universitetlərin köçürülməsi də gündəmdən düşməyən mövzulardır. O səbəbdən ki, Bakıda addım atmaq müşkülə çevrilib artıq. Bəli, Bakının yeni Baş planı hazırlanıb. Baş plan haqqında izahlara baxanda adamın ürəyi açılır. Hər şey əladır. Baş planda! Bəs reallıqda? Çox pis. Bərbad! Baş plan 2040-cı ilədək olacaq dövrü əhatə edir. 2040-cı ilədək nə olacaq bəs? Yenə tıxaclar, basabas, dibi qurudulmuş ağaclar, yaşıllıq əvəzinə hündürmərtəbələr, səkisiz və ya sürüşkən səkili şəhər, qar, yağış yağanda parkları bağlanan şəhər?!. Millət vəkili Fazil Mustafa da paytaxtdan danışıb. Amma yeni paytaxtdan – Ağdamdan. “Paytaxtı bu formada saxlamaq mümkün deyil. Paytaxtı köçürməli, Bakını yüngülləşdirməliyik, təqribən Ankara-İstanbul modeli kimi bir şey qurmalıyıq. Əgər bu gün Ağdam yenidən tikilirsə, infrastruktur dünya standartlarına uyğundursa, qoy paytaxt Ağdam olsun, başqa yolu yoxdur", deyib millət vəkili Metbuat.az-a açıqlamasında.
  F.Mustafa ali məktəblərin köçürülməsi məsələsinə də toxunub: "Universitetləri Bakıdan köçürüb neyləyəcəyik? Birinci universiteti yaradaq ki, sonra köçürək də. Sosial mühit olmayan bir yerdə biz bu prosesi necə idarə edə bilərik? Tutaq ki, köçürüldü Qazaxa, Lənkərana, nə olsun? Orada sosial mühit yoxdur, kamplar yoxdur, universitet üçün gərək orada tamamilə fərqli bir mühit olsun. Ora gedən müəllim orada yaşaya bilsin, qalmağa yeri olsun, idman infrastrukturu olsun. Bu məsələlər öz həllini tapmalıdır. Universitet köçürmək təkcə bir binanı, mebeli köçürmək deyil ki". Deputat hesab edir ki, Bakıdakı sıxlığı aradan qaldırmaq üçün universitetləri köçürmək yerinə, bütövlükdə paytaxtı köçürməliyik.
  Əslən Ağdamdan olan peşəkar jurnalist, Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, “paytaxtı Ağdama köçürək”, “universitetləri regionlara köçürək” və bu tipli digər təkliflərin hamısı xalqı ələ salmaqdan başqa bir şey deyil:
- Deyirlər Bakıda sıxlıqdır. Bəs bunun səbəbi nədir? Səbəb çox sadədir. Regionların inkişafının geri qalması. Raxit uşaqlar kimi Bakıda sürətli inkişaf, regionlarda isə geriləmə. İnsanlar da məcbur olub gəlir Bakıya. Regionların inkişafı məsələsini həll etmədən nə Bakının tıxacı həll olacaq, nə də digər problemlər. Regionların inkişafına mane olan ən ciddi əngəl isə inhisarçılıqdır. O ki qaldı Ağdamın paytaxt olunması məsələsinə, bu, lazımsız və absurd məsələdir. Heç lazım da deyil. Bu gün Ağdamı ağdamlılara vermək və onlara işləmək üçün sərbəst şərait yaratmaq lazımdır. Bax, o zaman regionun inkişafı necə olur, görə bilərlər. Və o zaman insanların Bakıya yox, Ağdama necə axışdığının da şahidi olarlar. Heydər Əliyevin yaxşı bir sözü vardı: “İmkan versəydilər, ağdamlılar Ağdamı da qoruya bilərdi, digər bölgələri də”. Bu gün də ağdamlılar Ağdamı da tikər, qurar, işğaldan azad olunan digər bölgələri də.
  Paytaxtın və ya universitetlərin Qarabağa köçürüləcəyi təqdirdə regionlarda inkişafın sürətlənəcəyi versiyasına gəlincə, A.Quliyev Prezident İlham Əliyevin çıxışından bir hissəni xatırlatdı:
- Prezident 44 günlük müharibə vaxtı alman jurnalistə verdiyi müsahibədə belə demişdi: “Bizim bütün resurslar burada - Bakıdadır. Qarabağ bizim üçün mənəvi məsələdir”. Bu, təsadüfi söz deyildi. Bəli, bütün resurslar Bakıdadır və Azərbaycanın inkişafı, ayaq üstə durması Bakıya bağlıdır. Bakı həm siyasi, həm də iqtisadi mərkəzdir. Və bunun dəyişdirilməsi mümkün görünmür. Qarabağ isə mənəvi məsələdir.