Evsizlikdən əziyyət çəkən ailələrdə gərginlik yaşanır - ŞƏRH

Boşanma statistikası yox, boşanmaya qədər ailələrdə yaşanan problemlər təhlil olunmalıdır

  Milli Məclisdə boşanmalarla bağlı dinləmənin keçirilməsi təklif olunub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Sədaqət Vəliyeva son dövlər boşanmaların sayının artmasına diqqət çəkib. Millət vəkili həmçinin problemin müzakirəsi ilə bağlı parlamentdə dinləmənin keçirilməsini təklif edib.
  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə “Sherg.az"a açıqlamasında deyib ki, bu məsələnin parlamentdə müzakirəsi ilə həllinə nail olmaq mümkün deyil. Boşanmaların səbəbini araşdırmaq, problemin kökünü tapıb aradan qaldırmaq lazmdır:

“Biz boşanma statistikasını yox, boşanmaya qədər ailələrdə yaşanan problemləri təhlil etməli, boşanmaya səbəb olan motivləri aradan qaldırmalıyıq. Ailələrin dağılmasının əsas səbəblərindən biri sosial problemlərdir. İqtisadi çətinlik, evsizlikdən əziyyət çəkən ailələrdə gərginlik yaşanır. Qadınlar ərdən daha yaxşı həyat şəraiti tələb edir və kişi bu tələbləri qarşılaya bilməyəndə münasibətlər pisləşir.
  Müasir texnologiyaların inkişafı, sosial şəbəkələr də boşanmalara səbəb ola bilir. Sovet dövründə ailənin təməlinin möhkəm qurulması üçün dövlət tərəfindən xüsusi təminatlar vardı. Ailələrin qorunub saxlanılması istiqamətində mütləq Dövlət Proqramı hazırlanmalı, ciddi maarifləndirmə tədbirləri keçirilməli, boşanmalara səbəb olan amillər aradan qaldırılmalıdır. Parlamentdə dinləmə keçirməkdənsə televiziyalarda, media portallarında, sosial şəbəkələrdə ailə ilə bağlı videoroliklər paylaşılmalıdır. Bu sahə üzrə ixtisaslaşan ekspertlər, dəyərli ziyalılar öz tövsiyələrini verməlidir. Təəssüf ki, bizim televiziyalarda, o cümlədən də sosial şəbəkələrdə “əxlaq”ı və “kim”liyi hər kəsə bəlli olan şəxslər insanlara əxlaq dərsi keçir”.
  Ç.Qənizadənin fikrincə, bu məsələdən ən çox təsirlənən, travma alan uşaqlardır: “Proses bu templə davam edərsə, cəmiyyətimizdə natamam ailələrin sayı çoxalacaq. Valideynsiz böyüyən uşaqların yaşadığı stress onların gələcək həyatına mənfi təsir edir”.