COP29: İqlim dəyişmələri ilə bağlı yeni yanaşmalar...

Azərbaycan ev və söz sahibidir

  Mineral yanacaq növlərindən istifadənin geniş yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının həcminin artması dünyada temperaturun yüksəlməsinə səbəb olub. Temperaturun qlobal səviyyədə artması səbəbindən hava şəraiti dəyişib - ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri və bir çox heyvan növlərinin nəslinin kəsilməsi təhlükəsi yaradıb. Bu səbəbdən iqlim dəyişmələri məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Lakin hər kəs bu qlobal problemdən danışsa da, çox az ölkə bu istiqamətdə iş görür. Bir sıra ölkələr, ümumiyyətlə, bu istiqamətdə üzərlərinə götürdükləri öhdəliklərə əməl etmir. Lakin Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişmələri ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq.
  Qeyd edək ki, bu il Azərbaycan ən böyük beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu tədbir Azərbaycanın beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək.
İki həftə ərzində dünyanın nəbzi Bakıda döyünəcək və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
Ölkəmizin artıq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi var.
  Formula 1 Azərbaycan Qran-Prisini, “Eurovision” mahnı müsabiqəsi, I Avropa və IV İslam Həmrəyliyi oyunları, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumları, Dini Liderlərin Zirvə toplantı və Qoşulmama Hərəkatının nazirlərinin görüşü kimi bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gələn Azərbaycan COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkilini də ən yüksək səviyyədə həyata keçirəcək.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi, heç şübhəsiz ki, ölkəmizin böyük bir uğurudur: “Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərə qoşulmaqla və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.
  Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük. Bu ölkə yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. İşğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edilib və bu ərazilərin də 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur".
Ekoloqun sözlərinə görə, hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.
  Ölkəmizin ev sahibliyi edəcəyi COP29 da iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək: “Hesab edirəm ki, Azərbaycan kimi digər bütün ölkələr də bu problemin həllinə töhfə verməlidirlər. İqlim dəyişmələri ilə mübarizədə maliyyənin əhəmiyyəti ilbəil artır. Demək olar ki, uzunmüddətli danışıqlar zamanı ölkələr iqlimin təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrdə maliyyə dəstəyi tələb edirlər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirirlər. Lakin bu məsələ söhbət olaraq qalır. COP29 inkişaf etmiş ölkələri sözügedən maliyyə dəstəyi ilə bağlı vədlərini yerinə yetirməyə sövq edilə bilər”.