Azad Vətən Partiyası M.Ə.Rəsulzadənin abidəsini ziyarət etdi

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mətin mübariz Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 ili bu gün tamam oldu. Görkəmli dövlət xadiminin yubileyi dövlətimiz və xalqımız, ictimai-siyasi təşkilatlar tərəfindən geniş qeyd olunur. Yubiley tədbirləri haqda Azərbaycan Prezidentinin 30 dekabr 2023-cü il tarixli qərarında deyilir: “Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı”.
"Sherg.az" xəbər verir ki, milli azadlıq uğrunda mübarizin xatirəsini anmaq üçün Azad Vətən Partiyasının (AzVP) bir qrup üzvü əllərində dövlətimizin və partiyanın bayraqlarını tutaraq bu gün səhər saatlarında Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı qəsəbəsində yerləşən abidəsini ziyarət edib. Abidənin qarşısına təzə-tər qərənfillər düzən partiya sədri Akif Nağı M.Ə.Rəsulzadənin həyatı və mübarizə yolu barədə qısa nitq söylədi. Xalqın vətənpərvər oğlunun azadlıq yolunda nəinki öz həyatını, hətta doğmalarını belə fəda etməkdən çəkinmədiyini, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə haqqında ziyarətçilərə məlumat verib.