Qızardılmış kartoflar - Təhlükə mənbəyi!

Mədə-bağırsaq sistemini pozur və gələcəkdə mədə və ya bağırsaq xərçənginin yaranmasına səbəb ola bilər

“Nə qədər qızardılmış məhsullardan uzaq dursaq, bir o qədər yaxşıdır”

  Qızarmış kartof sevgisi beynin qiymətli neyronlarının ölümü ilə nəticələnə bilər.
  Dietoloq Yelena Solomatina qızarmış kartofun beyin qan dövranını poza biləcəyini deyib: “Qızarmış qidalar, xüsusən kartof-fri, qızarmış kartof damarlarda xolesterin tıxacları yaradır. Nişastalı kartof yüksək qlikemik indeksə malikdir.
Bu o deməkdir ki, kartofda olan sadə karbohidratlar dərhal mənimsənilir, bu zaman da qanda şəkər tez yüksəlir. Bu qidanı tez-tez yeyənlərdə iltihab artır, bu zaman damarlar sıradan çıxır, nəticədə baş beynin oksigen təminatı azalır.
  Damarların divarı zədələnir, xolesterin divarları örtür, qan dövranı pozulur.
Bu zaman beynin neyrtonları ölür, nəticədə yaddaş pozulması, əqli zehni yorğunluq, gələcəkdə demensiya riski artır.
Buna görə də qızarmış kartof və bu kimi yeməkləri azaltmaq lazımdır”.
  Mütəxəssislər isə qeyd edir ki, şəkər indeksi yuxarı olduğu üçün kartof qızartması narkotik kimi alışqanlıq yaradır.
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın dediyinə görə, kartof qızartmasının tez-tez istehlakının tövsiyə edilməməsinin əsas səbəblərindən biri akrilamid birləşməsidir: “Kartof qızartması hazırlayarkən akrilamid əmələ gəlməsini azaltmaq üçün bəzi ehtiyat tədbirləri görməliyik. Kartof qızartması hazırlayarkən bişmiş kartofdan istifadə ilk növbədə akrilamid əmələ gəlməsi riskini azaldır. Çiy kartof istifadə ediləcəksə, qızartmadan əvvəl ən azı 2 saat suda saxlanmalıdır. Bundan əlavə, kartofu qızardarkən çox qızartmamaq lazımdır. Qızıl sarı rəng yaranana qədər qızartmaq kifayətdir. Çünki çox qızardılmış kartofda akrilamid daha yüksəkdir. Akrilamid sağlamlığa zərərlidir və kanserogen maddədir. Akrilamid təbii olaraq qidalarda tapılmır. Yüksək temperatura məruz qaldıqda reaksiya nəticəsində əmələ gələn birləşmədir. Yaranan akrilamidin miqdarı tətbiq olunan temperatur və vaxta görə dəyişir. Akrilamid əmələ gəlməsi yüksək nişastalı qidalarda daha yüksəkdir. Məsələn, qızardılmış kartof, çips, biskvit, un məmulatları. Onu da deyim ki, qızardılmış, dərin yağda bişən məhsullar birbaşa mədə-bağırsaq sistemini pozur və gələcəkdə mədə və ya bağırsaq xərçənginin yaranmasına səbəb ola bilər. İnsanlar acanda pörtdənmiş, az qızardılmış qidaları istehlak edə bilərlər. Nə qədər qızardılmış məhsullardan uzaq dursaq, bir o qədər yaxşıdır”.