Rəsmi İrəvan çalışır ki, danışıqlarda, masada mina xəritəsini alver predmeti kimi gündəmə gətirsin
Ermənistan Milli Təhlükəsizlik Xidməti yanvarın 25-də Azərbaycana mina xəritələrinin təqdim olunması niyyəti barədə açıqlama yaydı. Açıqlamaya görə, hərbçilərlə aparılan son dəqiqləşmələrdən sonra daha 8 mina xəritəsi yaxın dönəmdə Azərbaycana təqdim olunacaq. Heç şübhəsiz, bu açıqlama bir neçə aspektdən qeyri-səmimi görünür. İlk növbədə, açıqlama bundan əvvəl Azərbaycana əlindəki bütün xəritələri təqdim etdiyini deyən İrəvanın növbəti yalanını üzə çıxarır. İkinci Qarabağ müharibəsinin bitməsindən bu günə qədər Ermənistan 5 dəfə Azərbaycan ərazilərində basdırılmış mina sahəsi formulyarları təqdim edib. Sonuncu dəfə bu proses 2021-ci il noyabrın 29-da baş tutub. Həmin vaxtdan ötən 2 ildən artıq müddətdə Ermənistan rəhbərliyi ən yüksək səviyyədə mina xəritələrinin hamısını təqdim etdiyini açıqlayırdı. 8 mina xəritəsi ilə bağlı açıqlama isə bu müddətdə Ermənistanın tək Azərbaycanı deyil, beynəlxalq birliyi də aldatdığını, gizlətdiyi əlavə xəritələrin olduğunu ortaya qoyur. Qeyd edək ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən indiyədək 342 Azərbaycan vətəndaşı mina terrorunun qurbanına çevrilib. 50-si mülki şəxs olmaqla 65 nəfər həlak olub, 277 nəfər xəsarətlər alıb. Azad edilən bölgələrdə 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin heç bir fərq qoymadan, kütləvi və məqsədyönlü şəkildə minalanması postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına çətinlik törədən əsas təhdidlərdəndir. Ermənistanın bu fəaliyyəti müharibə cinayəti olmaqla yanaşı, beynəlxalq humanitar hüququn və Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ciddi pozuntusudur: "Azərbaycan tərəfi həm 2020-ci il Vətən müharibəsindən əvvəl, həm də postmünaqişə dövründə Ermənistan tərəfindən mina xəritələrinin təqdim olunmasını dəfələrlə tələb edib. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra əvvəlcə, ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25 faiz təşkil etdiyi məlumdur. Təqdim edilmiş bu xəritələrin yararsız və natamam olduğu, real vəziyyəti əks etdirmədiyi dəfələrlə tərəfimizdən bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd edilsə də, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur. Eyni zamanda qeyd edək ki, son illərdə mina partlayışlarının 55 faizindən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib. Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 342 nəfər vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3-ü jurnalist olmaqla, 65 nəfər həyatını itirib. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir. 2020-ci ildən sonra da Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan tərəfindən bu ölkə istehsalı olan yeni minaların yerləşdirildiyi faktı mövcuddur ki, burada da 500 mindən artıq mina basdırıldığı məlumdur. Bu, eyni zamanda son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac edilmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını göstərib. Ermənistan tərəfinin bu açıqlaması sözügedən ölkənin niyyətinin humanitar prosesə töhfə vermək olmadığını göstərir və bu addım etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilməz. Azərbaycan tərəfi bu günə qədər ölkəmizə tam şəkildə təqdim edilməyən minalanmış bütün ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim olunmasını gözləyir. Bununla yanaşı, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının aqibəti, habelə azərbaycanlıların dəfn olunduqları kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir". Ekspertlər də bu açıqlamanı Ermənistanın növbəti riyakarlığı kimi şərh ediblər. Əslində, Ermənistanın xəritələrlə bağlı yaydığı xəbərlərin səbəbləri var. Qarşı tərəf sülh sazişi ilə bağlı fəal danışıqlarda güzəştə gedəcək kimi görüntü yaradır. Amma onların mina məsələsində səmimi olduğu inandırıcı deyil.
Ermənistanın mina terroruna qarşı xarici ölkələrdə yaşayan həmvətənlərimiz də aksiyalar təşkil edirlər. Ötən gün İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar paytaxt Romanın mərkəzindəki “Piazza dei Santi Apostoli” meydanında Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsinə qarşı etiraz aksiyası keçiriblər. Aksiyanın məqsədi İtaliya və dünya ictimaiyyətinin diqqətini Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub. Aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalında qalmış ərazilərində Ermənistan tərəfindən basdırılan minaların bu gün də mülki şəxslərin ölümünə səbəb olduğunu bildiriblər. Soydaşlarımız mina terroruna son qoyulmasını tələb edib, “Erməni terroruna son!”, “Mina terrorunu dayandırın!”, “Ekoloji terrora son!” kimi şüarlar yazılmış plakatlar qaldırıb, İrəvanı sülhü dəstəkləməyə, mina xəritələrini verməyə çağırıblar. Uzun illərdir Romada yaşayan həmyerlimiz Aynur Aşurova bildirib ki, aksiyanın məqsədi Ermənistanın hələ də dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsidir: "Çünki Ermənistanın mina xəritələri ilə bağlı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi çox sayda insan itkisi ilə nəticələnir, eləcə də, keçmiş məcburi köçkünlərin öz yurdlarına tez bir zamanda qayıtmasına mane olur. Düşünürəm ki, mina terroruna son qoyulması istiqamətində qəti tədbirlərin görülməsinin vaxtı çatıb".
Bununla yanaşı, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı ilə Ermənistanın Niderlandın Haaqa şəhərindəki səfirliyi önündə dinc etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalı altında qalmış ərazilərində Ermənistan tərəfindən basdırılan və bu gün də mülki şəxslərin ölümünə səbəb olan minaların xəritələrinin verilməməsinə etirazlarını bildiriblər. Onlar bu gün dünyada ən ciddi təhlükə olan mina terroruna son qoyulmasını tələb ediblər. Aksiya iştirakçıları mina terroruna son qoyulması istiqamətində qəti tədbirlərin görülməsinin vaxtının çatdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, münaqişə zonalarında bu partlayıcılar çox sayda insan itkisinə səbəb olur və münaqişədən sonrakı yenidənqurma işlərinə maneə yaradır. Haaqada Ermənistan səfirliyi qarşısında toplaşmış aksiya iştirakçıları “Ermənistanın minaları mülki şəxsləri öldürür”, “Azərbaycan sülh, Ermənistan müharibə istəyir”, “Ermənistan sülh seçimini rədd edir” kimi şüarlar yazılmış plakatlar qaldırıb, İrəvanı sülhü dəstəkləməyə, mina xəritələrini verməyə çağırıblar. Aksiya iştirakçıları BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (İCJ) onların haqq səsini eşidəcəyinə ümid edirlər. Aksiyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini mina terrorunun planetimizin gələcəyi üçün çox ciddi təhlükə olmasına, Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və bu ölkədən Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməkdir.
Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a bildirib ki, mina xəritələri məsələsi artıq Azərbaycan və Ermənistan arasında müzakirə predmeti olmaqdan çıxıb. Ekspertin sözlərinə görə, bunun səbəbi İrəvanın mina xəritələri məsələsini alver mövzusuna çevirməsidir:
"Ermənistan bu məsələ üzərindən rəsmi Bakıya təzyiq göstərməyə çalışıb. 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli bəyanatın ardınca Ermənistan üzərinə öhdəlik götürmüşdü və mina xəritələrini təqdim edəcəyini vurğulamışdı. Amma İrəvanın sonrakı dönəmlərdə təqdim etdiyi mina xəritələrinin ancaq 15-20 faizi reallığı əks etdirirdi. Son 3 il ərzində işğaldan azad edilmiş ərazilərdə 300-yə yaxın mina partlaması hadisəsi qeydə alınıb. Həm mülki şəxslər, həm də hərbçilərimiz həyatını itirib, xəsarət alıb. Düzdür, Azərbaycan dövləti fasiləsiz olaraq işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işini həyata keçirir. Amma şübhə yox ki, yüzminlərlə mina hələ də torpaq altında qalmaqdadır. Rəsmi İrəvan çalışır ki, danışıqlarda, masada mina xəritəsini alver predmeti kimi gündəmə gətirsin və Azərbaycandan güzəşt qoparmağa çalışır. Bəlkə də Bakıda həbsdə olan erməni separatçılarla bağlı müəyyən güzəştlər əldə etmək istəyirlər. Amma bu cəhdlər əbəsdir. Digər yandan erməni tərəfinin dəqiq xəritələri verəcəyi də inandırıcı deyil. Həm də Ermənistanda minalanmış ərazilərin əks olunduğu dəqiq xəritələrin olması belə şübhəlidir. Hər şeyə rəğmən, Azərbaycan Ermənistandan mina xəritələrinin verilməsini tələb edəcək və bu istiqamətdə beynəlxalq qurumlarla iş aparacaq".