Prioritetlər müəyyənləşib və beş istiqamət seçilib
Nazirlər Kabineti altı ay ərzində sahibkarlara əlavə dəstək mexanizmi ilə bağlı təkliflər hazırlayacaq
Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı”nı təsdiqləyib. Əlavə dəstək mexanizminin tətbiq olunacağı sahələr bunlardır: - Sənaye, kənd təsərrüfatı, informasiya və rabitə, turizm, tikinti, nəqliyyat, ticarət. İqtisadiyyat Nazirliyi qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Qeyd olunub ki, bu addım mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsinə, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılmasına imkan yaradacaq. Ümumiyyətlə, son dönəmlərdə sahibkarlar üçün xeyli güzəştlər tətbiq olunmaqdadır. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən “İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi hazırlanıb. Bu mexanizmin tətbiqi nəticəsində 500 milyon manat kommersiya kreditinin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsi nəzərdə tutulur. Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin sədri Osman Xaliyev deyib ki, bununla da, faizlərin 2/3 hissəsi dövlət tərəfindən subsidiyalaşacaq. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb. Qeyd olunub ki, sahibkarlar Elektron Hökumət Portalı (e-gov.az) portalı və edf.gov.az saytı üzərindən "Elektron kredit və zəmanət" informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər: "Mexanizm çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manata qədər, müddəti 7 ilə qədər, illik faiz dərəcəsi 15 faizə qədər olan biznes kreditlərinin 90 faizinə qədər hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndini 36 aya qədər müddətdə dövlət subsidiyalaşdırır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir".
O.Xaliyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi bu ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə həyata keçirilir: "Mexanizm həmin ərazilərdə qeyri-neft sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub". Onun sözlərinə görə, bu günə qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən 7 sahibkarlıq subyektinə 14,4 milyon manat güzəştli kredit ayırıb. 1 sahibkarlıq subyektinə kənd təsərrüfatı, 6 sahibkarlıq subyektinə isə sənayenin müxtəlif sahələri üzrə güzəştli kredit ayrılıb. Qeyd edək ki, fevralın 1-dən etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb. Belə ki, sahibkarlar e-gov portalı və edf.gov.az saytı üzərindən “Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. Mexanizm çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. Ekspertlər isə hesab edir ki, işğaldan azad edilmiş digər torpaqlarımızda olduğu kimi, Xankəndidə də tətbiq olunan güzəştlər ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaq. Bu güzəştlər işğaldan azad edilmiş ərazilərdə müxtəlif təsərrüfat fəaliyyəti üçün əlverişli biznes və investisiya mühitinin yaradılmasına hesablanıb.
İqtisadçı-ekspert Fuad İbrahimov "Sherg.az"a açıqlamasında bildirib ki, Nazirlər Kabineti altı ay ərzində sahibkarlara əlavə dəstək mexanizmi ilə bağlı təkliflər hazırlayacaq. Ekspert xatırladıb ki, 2021-ci ildə "Azərbaycan 2030" adlı sosial-iqtisadi inkişafa dair milli prioritetlər müəyyənləşib və beş istiqamət seçilib:
"Dayanıqlı və rəqabət qabiliyyətli iqtisadiyyat dedikdə mikro, kiçik və orta sahibkarlığın fəalliyyətlərini tənzimləyən mühitin formalaşmasını təmin etməliyik. Təftiş edək, görək 2005-ci ildən bu yana fəaliyyətə başlamış orta və iri müəssisələr hansı güclə işləyib, neçə faiz işləyir, yaxud işləmirsə, bunun səbəbi nədir. Ola bilər ki, hansısa müəssisə yüz faizlik potensialının sadəcə 10 faizindən yararlanır. İlk növbədə bunların səbəblərini araşdırmaq, ortaya qoymaq lazımdır. Mikro, kiçik və orta sahibkarlığa bəlli biznes, sağlam rəqabətyönümlü mühit, əlçatan kapital lazımdır. Yeri gələndə kredit yox, qrant verilməlidir ki, müəssisə dayanmasın, işləsin. Ən əsası isə yanaşma dəyişməlidir. Reallıq odur ki, indiki şəraitdə balaca bir sənaye müəssisəsini açmaq üçün sahə müvəkkili, FHN-in müvafiq strukturu, vergi və s. istiqamətlərdə atılan addımlar sahibkarı işgüzar mühitdən uzaqlaşdırır. Ona görə də Nazirlər Kabinetinin qərarında xüsusi tapşırıq verilməlidir ki, əgər müraciət edən sahibkarın biznes layihəsi uyğundursa, onun dərhal işə başlamasına şərait yaradılmalıdır".
F.İbrahimov vurğulayıb ki, sənədləşmə, lazımi ödənişlər, arayışlar, dövlət rüsumları sahibkar əvəzinə hansısa qurum tərəfindən həyata keçirilərsə, əlverişli biznes mühiti yaranar: "Yəni işi hərəkətə gətirməyin məsuliyyəti biznes mühitinin fəaliyyətinə razılıq verən dövlət qurumlarının üzərinə qoyulmalıdır. Bundan sonra sahibkarlıq sahəsində atılmış addımların effektini görmək mümkündür. Əks halda nə qədər qərarlar verilsə də, nəticə arzulanan olmayacaq. Mikro sahibkarlar xırda detallara ilişib qalmamalıdır. Sənədlərini düzəldib versinlər, sonra ondan iş tələb etsinlər. Bu gün hamımızın rahatlıqla istifadə etdiyi ASAN Xidmətlər var. Heç birimiz ASAN-da sənəd-sünəd doldurmaqla vaxt itirmirik. Biznes mühitinə də bunu tətbiq etmək lazımdır. Müvafiq dövlət strukturları müəssisələrin, biznes sahələrinin açılmasında məsuliyyət daşımalıdır. Açılmaması üçün də məsuliyyətə cəlb olunmalı, cavab verməlidir. İcra mexanizmi belə işləməlidir".