"Şərq"in gözündən seçkilər -FOTOLAR

Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. 
Qeyd edək ki, Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Səsvermə hüququ olan 6 milyondan çox insan 6537 məntəqədə öz səslərini verirlər. Seçkiləri izləmək üçün 90 min 372 müşahidəçi qeydə alınıb ki, onların da 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Hazırda 89 ölkə təmsilçisi Azərbaycanın müxtəlif bölgələrində seçki prosesesini müşahidə edirlər. Əksər məntəqələrdə seçki aktivliyi kifayət qədər yüksəkdir. 

"Şərq" qəzetinin əməkdaşı olaraq baş çəkdiyimiz seçki məntəqələrində də seçici fəallığını yaxından müşahidə etdik. 
Səsverməni izləmək və müşahidəçilərin rəylərini öyrənmək üçün üz tutduğumuz ilk seçki məntəqəsi 161 nömrəli orta məktəbin nəzdində təşkil olunmuş 16 saylı Yasamal II Seçki Dairəsinin 7 saylı seçki məntəqəsi oldu. 7 saylı seçki məntəqəsində seçici fəallığı çox yüksək idi. Günün erkən saatları olmasına baxmayaraq, məntəqənin önündə uzun növbələr yaranmışdı. İnsanlar səs vermək üçün sanki bir-biriləri ilə yarışa girmişdilər. Hamı tələsir, həvəslə, həyacanla layiqli namizədə səs verməyə can atırdılar. İnsanların seçki məntəqələrinə azyaşlı uşaqları, hətta südəmər körpələri ilə gəlmələri isə daha xoş mənzərə yaradırdı. Aydın görünürdü ki, növbədənkənar prezident seçkisinin tarixi əhəmiyyətini anlayan insanlarımız Zəfər Seçkisinin nəticələrində öz paylarının olmasını arzulayır, tarixi fürsəti fövtə vermək istəmirdilər. Məhz o səbəbdən kifayət qədər uzun və yorucu növbələrə rəğmən, seçicilər səs hüquqlarından istifadə etmədən məntəqədən ayrılmırdılar..
7 saylı məntəqədə həm müşahidəçilər, həm də media təmsilçiləri üçün əlverişli şərait yaradılmışdı. Jurnalist olaraq prosesi rahatlıqla, maneə ilə üzləşmədən izləyə bildik. Məntəqədə siyasi partiya və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə yanaşı müstəqil müşahidəçilər də var idi. Rəyini öyrəndiyimiz müşahidəçilər seçki məntəqəsindəki aktivlikdən sözün həqiqi mənasında heyrətləndiklərini dedilər. Əvvəlki seçkilərdə də müşahidəçi kimi prosesi izlədiklərini, ancaq budəfəki kimi fəallıq görmədiklərini vurğuladılar. 

Səsverməni müşahidə edən Əhməd Həsənov Milli Cəbhə Partiyasının təmsilçisi olduğunu söylədi. Ə.Həsənov bir neçə məntəqəni gəzdiyini və bütün məntəqələrdə yüksək aktivlik gördüyünü bildirdi:

 "Ən çox aktivlik elə 7 saylı seçki məntəqəsindədir. Belə fəallıq görməmişdim. Bir neçə saatdır burdayıq, saat 8-dən məntəqədə uzun növbələr yaranmağa başlayıb. Görün, insanlar səs vermək üçün nə qədər həvəslidir. Adamlar çox mütəşəkkil qaydada, könüllü surətdə səsvermədə iştirak edirlər. Bu qədər insanı məcburi bura yığmaq olar? Mümkün deyil. Ağsaqqal adamam, çox seçkilər görümşəm, amma bu mənzərə mənə çox ləzzət elədi. Demokratiya budur. Beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər də gəldilər və bu növbələri gördülər". 

Prezidentliyə namizəd Zahid Orucun Seçki Qərargahının təmsilçisi kimi səsverməni müşahidə edən Mustafayev Radif Heybət oğlu da seçici aktivliyinin yüksək olduğunu qeyd edib. Müşahidəçi bildirib ki, bizdə adətən çörəyə, ərzağa bu cür növbələr olurdu, amma indi seçki növbələrini görürük: 
"Xarici müşahidəçilər də görsünlər ki, Azərbaycanda seçki demokratik və şəffaf mühitdə baş tutur. Heç kimi zorla seçki məntəqələrinə gətirmirlər. Siz də sual edirsiz, görürsüz hamısı könüllü surətdə səsvermə hüququndan istifadə etməyə gəliblər. Bu bütün seçicilərin vətəndaşlıq borcudur. Bir adam saatlarla növbə gözləyirsə, prosesin sönük keçdiyini iddia etmək olarmı? Əlbəttə, olmaz. Həqiqətən, böyük tarixi günləri yaşayırıq, bəlkə də əksəriyyət bunun fərqində deyil, amma bugünləri görənlər xoşbəxt adamlardır. Nəvə-nəticələrimiz indiki mərhələni yaşadığımız üçün bizə həsəd aparacaqlar". 

16 saylı Yasamal II Seçki Dairəsinin 8 saylı seçki məntəqəsində də eyni mənzərə ilə rastlaşdıq. Müşahidəçi Allahverdiyev Nəcəf səsvermə prosesində heç bir qanun pozuntusu ilə, qeyri-şəffaf hərəkətlə üzləşmədiyini dedi: 

"8 saylı məntəqədə seçkini, insanların səsverməsini müşahidə edirəm. SOCAR-ın Elmi Tədqiqat İnstitutunun nümayəndələri kimi seçki prosesini izləyirik. Hələlik hər şey öz qaydasındadır və proses tam şəffaf həyata keçirilir. Narazılıq bildirənə rast gəlməmişik. Sadəcə hamı tələsir, istəyir ki, bir an öncə səs versin. Siyahıda adı olmayan vətəndaşlar üçün əlavə qeydiyyatlar da aparılır. Yəni hamıya imkan yaradılır ki, səsini versin".

Yeni Azərbaycan Partiyasının təmsilçisi kimi seçkini müşahidə edən Gözəlov Pərvin Fəxrəddin oğlu da tarixi seçkilərin şəffaf keçirildiyini vurğulayıb. 2001-ci ildən, tələbəlik dövründən YAP-ın üzvü olan Pərvin Gözəlov 2018-ci ildən seçkilərdə müşahidəçi kimi iştirak etdiyini deyib:

 "Seçki çox obyektiv keçir. Bizi ən çox sevindirən odur ki, insanlar kifayət qədər fəallıq nümayiş etdirirlər. Seçicilər öz vətəndaşlıq borclarını qürur hissi ilə yerinə yetirirlər. Göründüyü kimi Qarabağ Zəfəri vətəndaşlarımızı daha da ruhlandırıb. Onsuz da azərbaycanlılar vətənpərvərlikləri ilə daim seçiliblər. Amma budəfəki seçkilərdə hamı öz sözünü deməyə çalışır, səslərinin həlledici olduğunu dərk edirlər. Digər ölkələrdə keçirilən seçkilərlə müqayisə etsək, bu cür aktivliyin qeyri-adi olduğunu görərik. Mən özüm tarixçiyəm, ixtisasım da dövlətçiliyin tədqiqatı ilə bağlıdır. Ona görə də müşahidələrimizi ciddi təhlil edərək, yekun nəticəyə gəlirik. İlk dəfə olaraq işğaldan azad edilmiş torpaqlarımızda, suveren ərazilərimizdə seçki keçirilir. Bu, tarixi hadisədir. Zəfərimizdən sonra demək olar ki, hər kəsdə ruh yüksəkliyi, siyasi aktivlik yaranıb. İnsanlar budəfəki seçkilərdə qürurla, fəxrlə iştirak edirlər". 
P.Gözəlov son günlər bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli yanaşmasını da münasibət bildirib: "Seçkini müşahidə edən beynəlxalq təşkilatlar öz rəylərini verəcəklər. Bu qədər şəffaf, demokratik və real prosesi gözardı etmək, seçki ilə bağlı qərəzli mənfi rəy vermək vicdansızlıq olar. Yaxından, yaxud uzaqdan hamısı prosesi izləyirlər, bəlkə də uzun növbələri görüb özləri qəsdən yaxınlaşmır, adamların seyrəlməsini gözləyirlər".    

Səsverməyə gələn vətəndaşlarımızla söhbət zamanı da insanların seçki əhval-ruhiyyəsinin yüksək olduğu hiss olunurdu. 72 yaşlı fizika müəllimi Firudin Qulamov ilk dəfə prezident seçkisində bu qədər növbə gördüyünü söylədi: 
"Müstəqillikdən sonra 5 seçkidə iştirak etmişəm. Amma belə şey görməmişəm. Elə bil çörək növbəsidir. Yaxşı ki, çox gec gəlməmişəm, yoxsa xeyli gözləməli olardım. Əlbəttə, adamların aktiv olması, könüllü səsverməyə gəlməsi yaxşı haldır. Dövlətin başçısını seçirik, hamı öz sözünü deməli, rəyini bildirməlidir. Mən də layiq bildiyim güclü liderə səs vermişəm". 

İlk dəfə səsvermə hüququndan istifadə edən Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbəsi Sadiq Mirzəliyev həyəcanlı anlar yaşadığını bildirdi:
 "İlk dəfə idi ki, seçkidə səs verdim. Normal idi, həm də maraqlı. Gənclərin sayı kifayət qədər çoxdur. Bəzən deyirlər, tələbələr siyasətlə az maraqlanır, siyasi prosesləri izləmirlər. Amma səsverməyə gələn gənclər daha çoxdur. Bu da göstərir ki, tələbələr prezident seçkisinə biganə yanaşmırlar, ciddi və həlledici proses kimi baxırlar". 
 
Daha sonra yollandığımız Bakı Dövlət Universitenin korpuslarında yerləşən 16 saylı Yasamal İkinci Dairə Seçki Komissiyasının 23 və 24 saylı seçki məntəqələrində də seçki fəallığını müşahidə etmək olurdu. 

"Dayaq" Sosial Maarifləndirmə İctimai Birliyinin təmsilçisi Hicran Əliməmmədova müşahidəçi kimi seçkini izlədiyini dedi: 

"Bu saatadək kiçik fasilə belə yaranmayıb. Vətəndaşların ardı-arxası kəsilmir. Yaranan növbələri özünüz də müşahidə edirsiz. İndiyə kimi hər hansı problemlər, çatışmazlıqla üzləşməmişik. Səsvermə şəffaf və obyektiv keçir. Bayaq beynəlxalq müşahidəçilər də gəlmişdilər. Səhv etmirəmsə, Özbəkistanın MSK sədri idi. Onlar da bir müddət səsverməni izlədilər və xoş təəssüratla ayrıldılar". 
QHT sektorunu təmsil edən digər müşahidəçi də səsvermənin qaydaları uyğun getdiyini, qeydə alınacaq hər hansı pozuntu müşahidə etmədiklərini bildirdi. Qısa zamanı əhatə edən müşahidələrə əsasən, prezident seçkisinin həqiqətən canlı, obyektiv və şəffaf keçdiyini əminliklə söyləmək mümkündür. 

Seçici Arzu Qurbanova da budəfəki qürurla seçkilərdə səs verdiyini bəyan etdi: 
"Hər bir vətəndaşımız qürurludur. Qalib dövlətin qalib insanlarıyıq və bununla fəxr edirik. Ona görə budəfəki səsvermə hamımızı həyəcanlandırır. Seçicilər də aktivdir. Bura gələrkən bir neçə seçki məntəqəsinin yanından keçdim, əməlli növbələr var idi". 

Qeyd edək ki, seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə etməkdədir. Seçkilərdə 190 beynəlxalq media qurumu da iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb. Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılması da həyata keçirilir.
İsmayıl