Professorun seçki müşahidələri: Aktivlik, təxribat cəhdi...

"Müşahidə apardığım hər üç seçki məntəqəsində yüksək seçici fəallığı var. İnsanlar həvəslə səsvermədə iştirak edir, növbələrdə səbrlə gözləyirlər". 

Bu sözləri "Sherg.az"a açıqlamasında 32 Saylı Suraxanı Seçki Dairəsinin 32,33,34 saylı məntəqələrində Qeyri-Hökumət Təşkilatlarının Seçki Monitorinq Koalisiyasının təmsilçisi kimi səsverməni müşahidə edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. 
Professor vurğulayıb ki, seçki məntələqəri Əmircanda, 154 saylı orta məktəbdə yerləşir: 
"Hər üç məntəqədə saat 11-ə kimi seçici aktivliyi 30 faizin üzərində idi. Vətəndaşlar xeyli müddət növbələrdə dayanmaqla səs verə bilirlər. Ən balaca "seçicinin" 2 yaşı var, nənəsi ilə səsverməyə gəlib. Vaxtı bitmiş şəxsiyyət vəsiqələrlə seçki məntəqəsinə gələnlər də geri qaytarılmır. Onlar üçün Mərkəzi Seçki Komissiyası bütün məntəqələri xüsusi avadanlıqla təmin edib. Vaxtı keçmiş vəsiqələr xüsusi aparata salınır. Qeydiyyata alınandan sonra həmin vətəndaşlara arayiş verilir və onlar səsverməyə buraxılır. Bu da önəmli yenilikdir". 

C.Nuriyev üzləşdiyi arzuolunmaz bir məqamı da diqqətə çatdırıb: 
"Müxalifət nümayəndələrindən biri prosesi pozmağa cəhd edib. Deməli, bunlar yeni taktika kəşf ediblər. Gəlirlər, seçki bülletinini götürürlər və qəsdən pozurlar. Bülleteni qutuya atandan sonra tələb edirlər ki, qutular açılsın və onlara yeni bülleten verilsin. Belə şeytani yola baş vurmaqda məqsəd odur ki, "təkrar səsvermənin" mümkün olduğunu "sübut etsinlər" və dünyaya car çəkəcəklər. Müxtəlif üsullarla səs-küy salırlar, aranı qarışdırmağa cəhd edirlər. Hətta eşitdiyimizə görə, yaşlı adamları qəsdən çaşdıraraq başqa məntəqələrə aparırlar. Çalışırlar ki, bununla aləmə səs salsınlar".

Professor şəhid ailələrinin də səsvermədə fəallıq nümayiş etdirdiklərinə şahidlik edib: 
"19-20 sentyabr anti-terror əməliyatlarında şəhid olan Cəlilov Devid Raufoviçin anası və Sevinc Cəlilova və bacısı Naida Raufova da səs verənlər arasında olub: "Devid Raufoviç şəhid olan cəmi 19 yaşı olub. Yaraları təzə olsa da, şəhidin anası və bacısı səsvermə hüquqlarından istifadə etdilər. Bu, bir daha şəhid ailələrinin dövlətə, Vətənə bağlılıqlarının, vətənpərvərliyinin göstəricisidir". 

Cümşüd Nuriyev rastlaşdığı bir məqamın da diqqətini çəkdiyini söyləyib: 
"Bir ana seçkiyə 3 övladı ilə gəlmişdi. Maraqlı tərəfi odur ki, ana öz uşaqlarını bayraq rənglərində geyindirmişdi. Yəni balaca uşağın üst libası göy, ortancılın qırmızı, böyüyün paltarı isə yaşıl rəngdə idi. Bu da görənlərə xoş ovqat yaşadırdı".