Hazırlaşmaq lazımdır
Partiyalar seçkilərə nə qədər tez hazırlaşmağa başlasalar, o qədər yaxşıdır
Azərbaycanda yaxın aylarda daha bir seçkinin, parlament seçkisinin keçiriləcəyi ilə bağlı iddialar dolaşır. Məsələ ondadır ki, parlament seçkiləri 2020-ci ilin fevralında keçirilib və növbəti seçki 2025-ci ilin fevralında olmalıdır. Ancaq Azərbaycan qanunvericiliyinə görə, parlament seçkiləri noyabr ayının ilk həftəsinin çərşənbə günü keçirilməlidir. Bu isə o deməkdir ki, Milli Məclisə seçkilər gecikəcək. Qanunvericiliyə görə, seçkilər irəli çəkilə bilər, ancaq vaxtından gec keçirilə bilməz. Lakin 2024-cü ilin sonunda parlament seçkilərinin keçirilməsi mümkünsüz görünür. Çünki bu il noyabrın 11-dən 24-nə qədər ölkəmizdə irimiqyaslı tədbir - COP29 baş tutacaq və Azərbaycana ən azı 80 min qonağın gələcəyi gözlənilir. Belə bir məqamda parlament seçkilərinin keçirilməsi əlavə problem yarada bilər. Buna görə də bir çox hüquqşünas parlament seçkilərinin yay aylarında keçiriləcəyini iddia edirlər.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Konstitusiyasına görə, seçkilər noyabr ayında keçirilməlidir və parlamentin səlahiyyət müddəti beş ildir.
Onun sözlərinə görə, hər çağırış parlamentin səlahiyyət müddəti beş ildən artıq ola bilməz: "Ancaq növbədənkənar seçkilərin keçirilməsi mümkündür və belə bir seçki artıq keçirilib. Ümumən hesab edirəm ki, seçkilərin vaxtında keçirilməsi üçün heç bir problem yoxdur. Azərbaycan eyni vaxtda bir neçə tədbirin keçirilməsinə qadir olan bir dövlətdir və hakimiyyətin kifayət qədər təcrübəsi var. Ona görə seçkiləri vaxtında keçirmək olar. Lakin bir qədər irəli çəkmək mümkündür. Bu da istisna olunmur və tamamilə konstitusiyaya uyğundur".
Siyasi şərhçinin fikrincə, partiyalar seçkilərə nə qədər tez hazırlaşmağa başlasalar, o qədər yaxşıdır: "Hazırlaşmaq lazımdır. Siyasi partiyalar bu işi vaxtında görməlidirlər. Ümumiyyətlə, partiyalar daim seçkilərə hazırlıqla məşğul olmalıdırlar. Növbəti dəfə deməməlidirlər ki, "biz qəfil seçkilərə yaxalandıq". Siyasi partiya üçün qəfil seçki ola bilməz. Siyasətçilər hər an seçkiyə hazır olmalıdır. Vaxtında, yaxud vaxtından əvvəl keçiriləcək parlament seçkisi Azərbaycan üçün uğurlu olacaq və Azərbaycan daha sanballı, daha güclü parlament tərkibi əldə edəcək".