Bir ağıllı erməni çıxıb deməlidir ki…

Siyasi oyunlara son qoymaq və sülh müqaviləsini imzalamaq lazımdır
 
 
 Ermənistan israrla Azərbaycanla sərhədin 1974-78-ci illər xəritəsi əsasında müəyyən edilməsini istəyir. “Hraparak” qəzeti yazıb ki, 1974-78-ci illər xəritəsi Ermənistan tərəfi üçün məqbuldur. Hətta yanvarın 4-də Bakıya göndərilən təkliflər paketində sərhədlərin sözügedən illəri əks etdirən xəritə əsasında çəkilməsi məsələsinin də olduğu deyilir. Amma Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da bu xəritələrin bizim üçün məqbul olmadığını açıqlamışdı. Qeyd olunub ki, sərhədin delimitasiya və demarkasiyası komissiyaları 3 ilə yaxındır fəaliyyət göstərsələr də, görüşləri müəyyən fasilələrlə keçirirlər. Tərəflər hələ də Ermənistan-Azərbaycan sərhədlərinin hansı ilin xəritələrindən istifadə ediləcəyi barədə razılığa gəlməyiblər. 
 Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın sülh prosesini uzatması işin ziyanınadır. Ekspertin sözlərinə görə, İrəvan hökuməti elə düşünür ki, sülh müqaviləsinin imzalanmasını yubatmaqla nəsə əldə edə biləcəklər: "Ermənistan 44 günlük müharibədən sonrakı prosesləri diqqətlə nəzərdən keçirsələr görəcəklər ki, vaxt onların əleyhinə işləyir: "Müharibə bitəndən dərhal sonra Azərbaycan sürətli şəkildə bir çox məsələləri həll etmək üçün hazır olduğunu vurğulamaqla qalmadı, bunu əməldə nümayiş etdirdi. Ermənistan isə əksini etdi. Hətta Qarabağdakı bir ovuc erməniləri də silahlandırdılar. Ermənistandan hərbi qüvvə, silah-sursat və texnika gətirdilər. Rusiyadan da erməniləri Qarabağa daşıdılar. Bununla üstün mövqe əldə etməyə çalışdılar. Nəticəsi hamımıza bəllidir. Azərbaycan məcburiyyət qarşısında antiterror əməliyyatı keçirməli oldu və İrəvan güzəştə gedə biləcəyi məsələləri də sıfırladı. Ancaq İrəvan yenə nəticə çıxartmır. Sərhədlərin müəyyənləşməsi məsələsində gündə bir fikrə düşür, fərqli dövrləri əks etdirən xəritələrdən danışırlar. 1970-ci illərin xəritələri gündəmi sadəcə bir müddət məşğul edə bilər. Lakin Ermənistana heç nə qazandırmayacaq. Azərbaycan özünə aid torpaqları son santimetrinədək əldə etməyənə kimi bu məsələ qapanmayacaq. Yaxşı olardı ki, Ermənistan Azərbaycanla daha rahat anlaşa biləcəyi şərtlərdən çıxış etsin. Sözügedən xəritələrin kimlərdə, hansı əllərdə olduğunu demək çətindir. Bəlkə də Ermənistanın özündə 1970-ci illərə aid hər hansı xəritə var". 
 Analitik vurğulayıb ki, ermənilər özlərindən "xəritələr", "geniş ərazilər", "qədim dövlət" nağılları uydurmağı xoşlayırlar: "Sərhədlərlə bağlı da özlərinin uydurduğu və sovet vaxtı kiməsə möhürlətdikləri xəritələr ola bilər. Şübhəsiz, həmin xəritə İrəvan üçün əlverişli olduğundan mütəmadi gündəmə gətirir, bu məsələdə israr edirlər. Azərbaycan zəif dövlət deyil ki, hələ tam dövlətləşməmiş Ermənistan adlı qurum bizə nəyisə diktə etsin. Azərbaycan bu müharibənin qalibi olaraq masa arxasındadır. Diktə edən tərəf qalib tərəfdir. Paşinyan Ermənistan üçün də əlverişli şərtlərimizi vaxtında qəbul etməlidir. 1990-cı illərdə Ermənistana rəhbərlik etmiş Levon Ter-Petrosyan öz xalqına müraciət edərək demişdi ki, Bakının şərtləri ilə razılaşmaq lazımdır. Petrosyan əks halda ermənilərin böyük fəlakətlə üzləşəcəyini söyləmişdi. O zaman sabiq prezidenti topa tutdular. İndi bir ağıllı erməni çıxıb deməlidir ki, siyasi oyunlara son qoymaq və sülh müqaviləsini imzalamaq lazımdır".