Hər yerdə sevgi yağışı…

Türkiyəli astronavt: “Vətənim mənə təhsil verdi, elm verdi, mən də çalışdım ki, Vətənə borcumu ödəyim”

  Kosmosdakı vəzifəsini yerinə yetirib Yerə dönən türkiyəli astronavt Alpər Gezeravcı Vətənə döndü. Ankara Esenboğa Hava limanında təyyarədən əlində Türkiyə bayrağı ilə enən kosmonavt izdihamla qarşılanıb. A.Gezeravcının Türkiyənin 81 bölgəsini ziyarət edəcəyi gözlənilir. Vətənə dönən kosmonavtla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elə hava limanında görüşüb, onu təbrik edib. Kosmonavt özüylə kosmosa apardığı Türkiyə bayrağını prezidentə təqdim edib. Görüş zamanı türkiyəli kosmonavtın beynəlxalq kosmik stansiyada çalışması müsbət qiymətləndirilib, bunun Türkiyə üçün müsbət nəticələrə səbəb olacağı vurğulanıb. Qeyd edilib ki, 2030-cu ilədək kosmik liman inşa edilməsi, “Ay proqramı”nın hazırlanmsı və milli kosmik aparatla kosmosa uçuş planlaşdırılır. Türkiyəli gənclər bu gün A.Gezeravcıdan əmanət aldıqları bayrağı daha uca zirvələrə daşıyacaqlar. İlk türk astronavt Alpər Gezeravcı da qarşılanma mərasimində ürək sözlərini deyib: “Mənəviyyatı yüksək olan bir ölkənin səmimi insanları ilə, türk vətəndaşlarımızla yenidən bir yerdə olmaq kosmosa yolçuluğun ən gözəl sonluğudur. Mən üzərimə qoyulan vəzifəni layiqincə yerinə yetirərək Vətənə qayıtmağın xoşbəxtliyi içindəyəm. Vətənim mənə təhsil verdi, elm verdi, mən də çalışdım ki, Vətənə borcumu ödəyim. Bənzərsiz gözəllikləri bir də kosmosdan seyr etmək fövqəladə hissdir. Bunu gördüyüm və hiss etdiyim üçün çox xoşbəxtəm”.