Tükürpədici cinayət: Kimdir müqəssir?

Ən böyük günahkar, əlbəttə, valideynlərdir

Psixoloq: “Yazıqdır bu camaat, ötürürlər insanlar arasına bu potensial ruhi xəstələri, caniləri”

Sosioloq: “Bunlar cəmiyyət üçün qorxulu, təhlükəli tendensiyadır. Belə cəmiyyətlərdə kriminal hadisələrin artması gözləniləndir. Ona görə də bu axının qarşısı alınmalıdır”

  Paytaxt gündəmini, təəssüf ki, yenə qətl hadisəsi, həm də xüsusi amansızlıqla törədilmiş qətl zəbt edib. Rəsmi məlumatda bildirilir ki, fevralın 13-ü, saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Ailə üzvlərini balta ilə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Xətai rayon prokurorluğunda cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
  Fövqəladə Hallar Nazirliyinin məlumatında isə bildirilir ki, Bakı şəhərinin Suraxanı rayonunda iki nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmasına dair xəbər verildikdən sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə əraziyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Məlum olduğu kimi, mənzildə aşkarlanan meyitlər elə həmin Əhmədov Əhməd Mehman oğlunun qətlə yetirməkdə şühbəli bilindiyi bacısı və bacısının 5 yaşlı qızına məxsusdur.
Qətl hadisəsi, qətlə yetirilmiş insanların şəxsiyyəti, ailədəki vəziyyət (həm maddi, həm mənəvi, ruhi-psixoloji) barədə yazılan, tirajlanan məlumatların sayı-hesabı yoxdur.
Əhmədovlar ailəsi belə tanıdılır…
  Ata - 52 yaşlı Mehman Əhmədov indiyə kimi müxtəlif vəzifələrdə çalışıb. Onun sonuncu iş yeri “Azərbaycan Dəmir Yolları” QSC olub. Mehman Əhmədov 2022-ci ilə kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentində təsərrüfat sektorunun müdiri vəzifəsində çalışıb. O, bu qurumun sabiq rəhbəri Cavid Qurbanovun ən etibarlı kadrlarından biri olub. Buna görə də çalışdığı QSC-də əsas söz sahiblərindən sayılıb, bir çox təyinatların gerçəkləşməsində bilavasitə rol oynayıb. Ana - 1977-ci il təvəllüdlü Bikə Əhmədova uzun illərdir 59 saylı orta məktəbin direktoru vəzifəsində çalışırdı və yaxşı direktor kimi tanınırdı. Qətlə yetirilmiş Məhəmməd Əhmədovun 9 yaşı vardı. Bacı Elmira Əhmədova 1997-ci il təvəllüdlüdür. Keçmiş iş yoldaşları Mehman Əhmədovu imkanlı və xeyirxah adam kimi xatırlayırlar. Onların sözlərinə görə, mərhum hələ məmur işləyərkən ciddi biznes şəbəkəsinə sahib olub. İşdən çıxandan sonra da bizneslə məşğul olmağa davam edib. Qətldə şübhəli bilinən Əhməd Əhmədov barəsində də çoxsaylı məlumatlar var. Və bu məlumatlara diqqət edəndə ailənin öz sonunu hazırladığı üzə çıxır. Ə.Əhmədov barəsindəki ən ciddi və ağır iddia onun əvvəllər həmyaşıdını bıçaqlaması, hətta öldürməsi ilə bağlıdır. Qətlə yetirilən Mehman Əhmədovun xalası Qənirə Əhmədovanın da Əhmədin məktəbdə təhsil alarkən bıçaqlanma hadisəsi törətdiyini deməsi iddiaları daha da gücləndirib. Lakin bu məlumatlar hələ təsdiqini tapmayıb. Əhməd Mehman oğlu Əhmədovun əvvəllər də cinayət törətməsi və məhkum edilməsi ilə bağlı rəsmi qurumlarda hər hansı məlumat yoxdur. Amma məlumatın olmaması hadisənin baş vermədiyinə dəlalət etmir. Məlumatlardan belə nəticə çıxır ki, ailə vaxtilə övladlarının etdiyi cinayəti də “bəlli” üsullarla ört-basdır edə bilərmiş, necə ki psixi xəstə kimi qeydiyyatda olan gəncə sürücülük vəsiqəsi almaq üçün sağlam olduğunu təsdiq edən tibbi arayış əldə ediblər. Sonra da taksi alıb veriblər ki, “başını qatsın”. Ayrıca mənzil də alınıb onun üçün. Cibinə hər gün xərclik qoyublar. Maddi cəhətdən hərtərəfli təmin edilib. Fəqət, mənəvi deqradasiyanı kimsə görməyib və ya görmək istəməyib. Şübhəli əməlləri necə ört-basdır edilibsə, ruhi-mənəvi aləminin çürük olması da valideynlər tərəfindən görünməyib.
“Psix” necə sürücülük edib?
  Ə.Əhmədovun ixtisaslaşmış psixiatrik xəstəxanada qeydiyyatda olması və müalicə aldığı məlum olub. Qohumları, Ə.Əhmədovu tanıyan digər şəxslər, eləcə də məktəb yoldaşları onda psixoloji problemlərin olduğunu, qeyri-adekvat davranışlar etdiyini bildirirlər. Ciddi psixoloji xəstəliyi olan Əhməd Əhmədovun sürücülük vəsiqəsinə sahib olması, Bakıda taksi fəaliyyəti göstərməsi kimi iddialar da var. Belə çıxır ki, valideynlər övladlarının normal olmadığını bildikləri halda onu cəmiyyətə ötürüblər; get, nə istəyirsən, elə! Suallar çoxdur: psixi xəstədirsə, niyə xüsusi müəssisədə müalicə olunmayıb, xəstə deyilsə, niyə dərman qəbul edirmiş, bəlkə də narkotik maddə təsiri altında olub. Niyə ailəsi vaxtilə onu apar-topar Rusiyaya göndərib? Hansısa cinayət əməlinin məsuliyyətindən yayındırmaq üçünmü? “Psixi xəstə”yə sağlamlığı haqqında tibbi arayışı kim, hansı səhiyyə orqanı verib? Bu suallara cavab tapılacağına ümid azdır. Bu cür cinayət hadisələri barədə ilkin məlumatlar hər zaman bol olur, nəticə isə bilinmir. Güman edilir ki, Ə.Əhmədovun məktəbdə oxuyarkən törətdiyi cinayət əməlindən cəza çəkməməsi üçün ailəsi “psixi xəstə" arayışı düzəldib, sonra da onu Rusiyaya göndəriblər ki, ara sakitləşsin. Bir müddət sonra qayıdıb Bakıya, ailə onu hər cür təmin edib. “Psixi xəstə” damğasını da üzərindən götürüblər. Məsuliyyət çəkməli çox şəxs var.
  Ata, ana sağ deyil. Sağ olsaydılar, yəqin ki, cinayəti yenə ört-basdır etməyə çalışacaqdılar. Artıq məsuliyyət hüquq-mühafizə orqanlarınındır. Təcrübəli istintaqçılar bütün hallarda həqiqəti ortaya çıxarmalıdır. İnsanın xəstə, ya sağlam olduğunu müəyyənləşdirmək çətin deyil, mütəxəssislər üçün asan işdir. Həmçinin Ə.Əhmədova vaxtilə “psixi xəstə” arayışı verən, sonra onu dəyişənlər, əvvəlki cinayətin bağlı qalmasına səbəb olanlar da məsuliyyətə cəlb edilməlidir. Hər hansı cinayətin üzərindən ötəri keçmək, növbəti cinayətlərə yol açmaqdır. Bunu, istintaqçılar yaxşı bilir.
  Baş vermiş hadisə bir müddət əvvəl Afiyəddin Cəlilov adlı yeniyetmənin qeyri-adi davranışlarını yada saldı. Məlum olduğu kimi, A.Cəlilov 1992-94-cü illərdə Azərbaycan Ali Soveti sədrinin müavini olmuş, görkəmli siyasi-ictimai xadim Afiyəddin Cəlilovun nəvəsidir. Bu yenmiyetmə küçədə qeyri-adi davranışlar edərək videoya çəkib yayırdı. Onun da ruhi-psixi durumunun normal olmadığı deyilirdi. Və sual yaranırdı ki, əgər həqiqətən belədirsə, valideynləri niyə onu təcrid etmir? Və bir gün bu şəxs kiməsə qarşı cinayət törədəcəksə, kim məsuliyyət daşıyacaq?
Psixoloq Elmir Əkbər: “Yaxşı ki, çanaq öz başlarında çatladı”
– Bütün cəmiyyəti narahat edən bir hadisə baş verib. Min şükür ki, çanaq öz başlarında çatlayıb. Bu ailə problemli övladlarını müəyyən müalicələrdən yayındırıb, müvafiq psixoloji, psixoterapevtik müalicələrə cəlb etməyib. İnsanlar ehtiyatlı olsunlar. Cəmiyyət doludur belə potensial cənayətkarlarla. Bilirsiz, son illərdə karyerist qadınlar əmələ gəlib, 1 yaşında körpəni gətirib atır bağçaya. Uşaq müəyyən yaşa kimi valideynlərin himayəsi və iştirakı ilə böyüməlidir. Uşaq 3 yaşında bağçaya qoyulmalıdır. 3 yaşınadək körpəyə valideyn baxmalıdır. Heç kim ana-atanın missiyasını yerinə yetirə bilməz. Ailə dərslərinə ciddi ehtiyac var. Təhsil sistemimizdə çox böyük problemlər var.
  Psixoloq qeyd etdi ki, valideynlər övladlarının psixoloji problemlərini müalicə etdirməməklə cəmiyyəti risk altına atırlar:
- Bunu edən xırda ambisiyalarının əsirinə çevrilən valideynlərdir. Kriminalistika sayəsində işlədiyimə görə, canilər necə yetişir, hansı düşüncəyə sahib olur və bu məsələdə ailənin rolunu çox gözəl bilirəm. Elə ailələr var, deyirsən də qəbul etmirlər ki, uşaqda psixi pozğunluq var. Yazıqdır, bu camaat. Ötürürlər insanlar arasına bu potensial ruhi xəstələri, caniləri. Qətlə yetirilmiş bu ailə də övladını ərköyün böyüdüb, pul hesabına hərəkətlərini ört-basdır edib, hətta deyilənə görə, törətdiyi cinayət əməlini də gizlətməyə, övladlarının məsuliyyətdən yayınmasına nail olublar. O qədər ərköyün, harın böyüdüblər, hər hərəkətini ört-basdır ediblər ki, nəticədə bu adam özünü üstün sayıb, sözünün üstünə söz deyilməsiylə, istəklərinin əksinə gedilməsini heç cür qəbul etməyib və belə bir qətl törədib. Mümkündür ki, bəli, bu şəxs qanlı cinayət törədərkən narkotik maddənin təsiri altında olsun. Bunun da günahkarı, səbəbkarı valideynlərdir. Onlar bəlkə də çox gözəl bilirdilər ki, övladları narkotikə qurşanıb. Amma qarşısını almayıblar, ya da artıq çox gec olub, ala bilməyiblər.
  E.Əkbər baş vermiş bu cür cinayətlərdə qohumların, dost-tanış, qonşuların da məsuliyyət daşıdğını vurğuladı:
- Təəssüf ki, cəmiyyətimizdə ictimai qınaq deyilən anlayış və yanaşma tərzi yoxdur. Necə ki azyaşlı qızların ərə verilməsinə göz yumaraq gedib nişan, toy mərasimində iştirak edir qohumlar, qonşular, eləcə də narkomaniyaya qurşanmış, ruhi-əsəb xəstəliyi olanlar barədə məlumat vermək istəmirlər, bunu ağıllarından da keçirmirlər. Amma bir faciə baş verəndə başlarına-dizlərinə döyürlər. İndi yazırlar ki, bu caninin atası xeyirxah adam olub, anası yaxşı müəllimə idi…Xeyirxah adamdırsa, övladı hər hərəkəti edə bilər və ona söz deyilməməlidir? Bu cür yanaşma təhlükəlidir və hər birimiz ondan ziyan çəkə bilərik.
Əhməd Qəşəmoğlu: “Günahkar əlbəttə, valideyndir”
  Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az"a açıqlamasında qeyd etdi ki, cəmiyyətdə baş verən deqradasiya barədə dəfələrlə xəbərdarlıq etsə də, lazımi ünvanlar qulaqlarını tutub, heç nə eşitmək istəmir:
- Mən dəfələrlə bu barədə danışmışam. Bildirmişəm ki, cəmiyyət mürəkkəbləşdikcə, həssaslaşdıqca xüsusi sosial xidmət əməkdaşlarına ehtiyac yaranır. Bu, mənim tapıntım, mənim kəşfim deyil. Bunu sosiologiya və psixologiya elmi diktə edir. Hazırkı cəmiyyət 20-30 il əvvəlki cəmiyyət deyil. Cəmiyyət çox dəyişib, mürəkkəbləşib, həssaslaşıb, kriminallaşıb. Maddiyyat mənəviyyatdan önə keçib. Bunlar cəmiyyət üçün qorxulu, təhlükəli tendensiyadır. Belə cəmiyyətlərdə kriminal hadisələrin artması gözləniləndir. Ona görə də bu axının qarşısı alınmalıdır. Bu da sosial xidmətlərin artması ilə mümkün olar. Hər məhəllədə 2-3 nəfər sosial xidmət işçisi olmalıdır. Onlar ailələri tanımalı, nəzarət etməli, düzgün istiqamətləndirməyə çalışmalıdırlar. Sosial işçilər müşahidə etdikləri vəziyyət barədə aidiyyəti orqanlara məlumat, hesabat verəcəklər. Belədə baş verə biləcək fəlakətlərin, faciələrin qarşısı alınar. Qonşular, qohumlar bunu etmir. “Ayıbdır, qohumuq, qonşuyuq, çörək kəsmişik…”, deyib ailəyə lazımsız dəstək olurlar. Bir faciə baş verdikdə isə yanıb-yaxılırlar. Nə çıxar bundan?!.

  Ə.Qəşəmoğlu qeyd etdi ki, baş vermiş qanlı cinayət hadisəsində ən böyük günahkar, əlbəttə, valideynlərdir. Əgər övladlarının hər hansı sağlamlıq problemi vardısa, o, müalicə olunmalıydı. Müalicəyə tabe olmayan xəstəlikdirsə, bu şəxs cəmiyyətdən də, ailədən də təcrid edilməliydi. Amma yayılan məlumatlara baxıram, belə nəticə çıxır ki, onu nəinki müalicə ediblər, əksinə, daha da harınlaşdırıblar. Valideynlər sağlam düşüncəyə sahib olsaydılar, övladlarının qeyri-sağlam olduğunu, düzgün tərbiyə olunmadığını anlayıb, özləri lazımi ölçü götürməliydi. Amma belə etməyiblər, sağlam tərzdə düşünə bilməyiblər, nəticə də bu cür faciəli olub.
  Ə.Qəşəmoğlu bildirdi ki, “Ömrün uğurlu bünövrəsi” adlı kitabında uşaqların düzgün tərbiyəsi metodundan yazıb:
- Elə bilirdim bu kitab böyük maraq doğuracaq, Elm və Təhsil Nazirliyi, digər qurumlar maraqlanıb bəhrələnmək istəyəcəklər. Amma yox, “eqo”ları yenə imkan vermədi. Çünki özlərini hamıdan ağıllı sayırlar. Uşaq 6 yaşına qədər düzgün formalaşdırılmalıdır. Məhz 6 yaşına qədər insanda fərdi keyfiyyətlər formalaşır. Əgər bu dövrdə ona müsbət, insani keyfiyyətlər aşılanmayıbsa, sonrası çətindir. Biz 6 yaşında uşağı məktəbə formalaşmamış göndəririk. Bir sinifdə 30 uşaq varsa, onun 20 faizi yaxşı oxuyur, qalan 80 faiz isə 11 il ancaq danlaqla üzləşir. Bu da uşaqlarda yarımçıqlıq kompleksi yaradır. Uşaq özünü heç nəyə yaramayan bilir. Halbuki bütün insanlar hansısa sahədə bacarıqlıdırlar. Ola bilsin, uşaq riyaziyyatı mənimsəməkdə çətinlik çəkir, müəllim isə 11 il onu danlayır ki, “tupoysan”. Hamının riyaziyyatı bilməsi mümkün deyil. Bəlkə bu uşaq yaxşı tar çalır, musiqi duyumu var, bəlkə yaxşı idmançı ola bilər, bəlkə yazıçı, şair olacaq? Uşaqların istedad və bacarıqlarının üzə çıxarılmasına çaılşmırlar. 11 ildən sonra ötürürlər cəmiyyətə. Bir hissəsi ali məktəblərə daxil olur, bir hissəsi isə işsiz, peşəsiz qalır. Bu vəziyyəti dəyişmək üçün ölkədə humanitar siyasətə yenidən baxılmalıdır. Çünki qeyd etdiyim kimi, cəmiyyət 30 il əvvəlki cəmiyyət deyil. 3 dəfə Humanitar siyasət şöbəsinə müraciət etmişəm, heç bir reaksiya verilməyib. Mən vəzifə istəmirəm, sadəcə, bu sahəni bilən şəxs kimi kömək etmək istəyirəm. Milli Məclisin Sosial siyasət komitəsi nə iş görür, hansı layihələr təqdim edib? Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Statistik hesabatlar hazırlamaqla məşğuldurlar. Cəmiyyət - orqanizm xəstələnibsə, onu müalicə etmək lazımdır. Müalicə edilməyəcəksə belə eybəcər, dəhşətli hadisələr azalmayacaq, yenə baş verəcək.