Vətəndaşın gəlirlərinin artması iqtisadi dayanıqlıqdan asılıdır

İctimai və dövlət maraqlarının müdafiəsi

Pərviz Heydərov: “Hökumət çalışıb buna nail olmalıdır”

  Vətəndaşların rifah halının yüksəldilməsi, sosial-iqtisadi durumunun yaxşılaşdırılması Azərbaycan dövlətinin daimi prioritetlərinə daxildir. Qəbul edilən qərarlar əmək haqlarının, təqaüd və müavinətlərin artırılmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə xalq tərəfindən seçildiyi son 20 il ərzində əmək haqları, təqaüd və müavinətlər dəfələrlə artırılıb, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində əməli tədbirlər görülüb. Əlbəttə ki, bütün bunların mümkün olması ölkəmizin iqtisadi inkişafından asılıdır. Əhalinin rifah halının yüksəlməsi iqtisadi inkişafla sıx bağlıdır. Müasir dövr isə iqtisadi inkişafa yeni baxış və yanaşmalar tələb edir. Cənab Prezidentin təqdimatı ilə yenidən Baş nazir vəzifəsinə namizədliyi Milli Məclis tərəfindən təsdiqlənən Əli Əsədov çıxışı zamanı bu məsələlərə toxunub. Baş nazir qeyd edib ki, cəmiyyətimizin həyatının bütün sahələrində, o cümlədən sosial sahədə inkişaf dövlət başçımızın hər zaman diqqət mərkəzində olub və olacaqdır: “Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ən önəmli vəzifə olaraq bundan sonra da hökumət qarşısında duracaqdır. Təbii ki, cənab Prezident öz çıxışında qeyd etdiyi kimi, sosial rifahla bərabər əhalimizin, əsasən gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə və ənənələrə, azərbaycançılıq prinsiplərinə əsaslanaraq formalaşdırılması, müasir çağırışlara və texnologiyalara yiyələnməsi Dördüncü Sənaye İnqilabı dövründə gələcək inkişafımızın təminatçısı olacaqdır. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün əsas prioritetlərimizdən biri yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsilin, sağlam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərtdir. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı, maliyyə müstəqilliyinin daha da gücləndirilməsi təmin edilməlidir. Növbəti dövrdə Azərbaycan hökumətinin işinin əsas prioritetlərini bu hədəflərin reallaşdırılması, bununla bağlı qarşıda duran vacib çağırışlara çevik reaksiya verilməsi təşkil edəcəkdir”. Baş nazir qeyd edib ki, bu gün Azərbaycan postmüharibə dövrünün çağırışlarına uyğun olaraq inkişaf strategiyası ilə uğurla irəliləyir. Növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi, hərbi sənaye kompleksinin gücləndirilməsi, ordunun təchizatının yaxşılaşdırılması, sərhədlərin müdafiəsinin gücləndirilməsi əsas prioritetlər olacaq.
Qeyd etməliyik ki, ötən il və bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 4 367 şəxsin pensiyalarını yenidən hesablayaraq artırıb. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduqdan sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına xidmət edir. Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.
  İqtisadçı Pərviz Heydərov “Sherg.az"a açıqlamasında bildirdi ki, baş nazirin qeyd etdikləri bir-biriylə bağlı məsələdir:

- İqtisadi artımda dayanıqlığının əldə olunması, maliyyə müstəqiliyinin və qeyri-neft sektorunun inkişafı – bunlar bir-biriylə sıx əlaqəlidir. İqtisadiyyatda dayanıqlığa nail olmaq qeyri-neft sektorunun inkişafını tələb edir. Maliyyə müstəqilliyi isə bilavasitə ölkənin gəlirlərinin neft və qaz sektorundan asılı olmamasını təsbit edir. Yəni bunlar bir-birindən asılı, biri digərini doğuran faktorlardır. Pandemiyadan sonra ölkə iqtisadiyyatında hər il artım qeydə alınıb. Müəyyən ildə bir qədər az, müəyyən ildə bir qədər çox. Amma son illər iqtisadi artım 1 faiz ətrafındadır. Bunun əsasını neft-qaz sektorunun inkişafı və oradan əldə edilən gəlirlər təşkil edir. Qeyri-neft-qaz sektorundan əldə edilən gəlirlər tələb olunan səviyyədə dayaq nöqtəsi təşkil etmir. Baş nazirin dediyi də budur ki, iqtisadi artımlar dayanıqlı olsun. Bunun üçün də qeyri neft-qaz sektoru inkişaf etməli, genişlənməlidir ki, ordan əldə edilən gəlirlər də bizim dövlət gəlirlərinin mühüm tərkib əsas hissəsini təşkil etsin. Bu zaman möhkəm dayanıqlıqdan söhbət gedə bilər. Və bu zamn manatın da üzən məzənnə rejimi əsasında buraxılması mümkün olacaq. Bu da iqtisadiyyatın idarə olunmasını, tənzimlənməsini asanlaşdıracaq. Və bazar iqtisadiyyatının tələblərinə uyğun həyata keçirilməsini təmin edəcək.
  İqisadçı bildirdi ki, qeyri-neft sektorunun inkişafı vətəndaşların da rifah halının, sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına kömək edəcək güclü amildir:
- Cənab Prezident niyə hər çıxışında qeyri-neft sektorunun inkişafına vurğu edir, çünki bu sektorun inkişafının bilavasitə vətəndaşların sosial vəziyyətinin yüksəlməsinə xidmət edəcəyini bilir. Yeni iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın inkişafı, sənaye müəssisələrinin çoxalması, bunlar hamısı əhali üçün yeni iş yeri, yeni və dayanıqlı gəlir deməkdir. Prezident çalışır və gərəkli tapşırıqlar verir, işğaldan azad olunmuş bölgələrdə sənaye müəssisələrinin, yeni iş yerlərinin açılmasıyla bağlı. Hamımız görürük ki, işğaldan azad edilmiş torpaqlarımızda necə quruculuq, abadlıq, tikinti işləri aparılır. Regionlarda əhalinin normal yaşayışı və ən əsası işləyib qazanc əldə etməsi üçün şərait olmalıdır. Bununla əhalinin maddi vəziyyəti yaxşılaşır, həyat şəraiti yüksəlir. Dövlətə də xeyirdir, vətəndaşa da. Dövlət büdcəsi gəlir əldə edir, vətəndaş da bolluq içində yaşayır, ehtiyaclarını özü qarşılaya bilir. Biz iqtisadiyyatda dayanıqlığa nail olsaq, vətəndaşlarımızın iqtisadi gəlirləri də artacaq. Dövlətimiz buna çalışır, hökumət də bunun üçün lazımi, gərəkli addımlar atmalı, əlaqədar strukturları səfərbər edərək faydalı layihələrin icrasını tələb etməlidir.