Hədəf ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır - Millət vəkili

Türkiyə 15.0 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır

  "Türkiyə ən vacib günlərdə Azərbaycanın yanında olan qardaş dövlətdir". Bu sözləri millət vəkili Vüqar Bayramov deyib. Deputatın sözlərinə görə, Azərbaycan və Türkiyə arasında siyasi, strateji münasibətlərlə yanaşı, son illər iqtisadi əməkdaşlığın daha da dərinləşməsi müşahidə olunur: "Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındandır. Türkiyə ilə 2023-cü ildə ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu, 2022-ci illə müqayisədə 30.0 faiz artım deməkdir. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Türkiyə 15.0 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub. Digər tərəfdən, Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23.4 faizini formalaşdırıb. İki ölkə arasındakı sərmayə qoyuluşlarında da kəskin artımlar müşahidə edilməkdədir. Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Azərbaycan qardaş türk dövlətləri ilə strateji münasibətləri daha da dərinləşdirir. Bu, daha güclü Türk dünyası deməkdir".