Gələcəyimiz təhlükədədir: Cəmiyyəti silkələyən hadisələr

Uşaqları artıq valideyn, məktəb tərbiyə etmir, internet tərbiyə edir

Efirdə gedən bəzi verilişlər gənclərimizə qarşı, ailə institutlarına qarşı, milli dəyərlərimizə qarşı bir terrordu və bunun qarşısı alınmalıdır

Nə qədər ki ailədə hüquqları pozulan uşaqlar dövlət tərəfindən ailədən alınıb xüsusi təhsil müəssisələrinə verilməyəcək, bu halların sayı da artacaq

  Növbəti video, növbəti cinayət, növbəti əxlaqsızlıq, növbəti təhqir, növbəti suçlu-suçsuz axtarışları… Bəs nəticə? Heç nə! Sabah bu mövzu qapanacaq. Bir neçə gün sonra yenisi çıxacaq ortaya. Bir qisim ailəni günahlandıracaq, bir qisim məktəbi, bir qisim tiktoku, bir qisim efiri, bir qisim “arvad, uşaq komitəsi”ni… Cəmiyyətin, sosial həyatın görün nə qədər təbəqəsini sadaladıq. Demək, burada tək günahkar axtarışları faydasızdır, bütün sosial kateqoriyalar toplu şəkildə cavabdehlik daşımalıdır. Dahi Nizami yazıb: “Hər ev 4 divarla qurular əlbət”. Cəmiyyətin normal cəmiyyət kimi formalaşması üçün nə ailə təkbaşına bir iş görə bilər, nə məktəb, nə efir, nə dövlət komitəsi. Bu işdə birgəlik lazımdır. Hər təbəqə üzərinə düşən vəzifəni yerinə yetirməlidir, həm də ləyaqətlə. Millətin gələcəyini düşünərək. Milli olmayan kəslər bunu etməyəcək.
  156 saylı orta məktəb şagirdinin digər şagirdə qarşı zorakılığını əks etdirən videonun yayılmasıyla cəmiyyətimiz şok vəziyyətindədir; Şüvəlan qəsəbəsindəki 156 saylı orta məktəbin şagirdi Rzaquliyeva Dilarə Rza qızı məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Həmin videodan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz söz yazır, sonra onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.
Amma bu, birinci şok deyil ki. Son illərdə cəmiyyəti silkələyən hadisələr saya-hesaba gəlmir. Lakin nə fayda? Danışıb-danışıb yoruluruq, ertəsi gün başqa mövzu gündəmə gəlir, əvvəlki unudulur. Təkrarlanan, təxminən eyni ssenarili hadisələrsə ümumilikdə cəmiyyəti məhv edir. Yavaş-yavaş da yox, sürətlə gedir bu proses artıq.
Həmişə olduğu kimi yenə fikirlər haçalanır. Təhsil sektoruna aid olanlar məktəbin müdafiəsinə qalxır, təhsildən yanıqlı olanlar bütün məsuliyyəti məktəbə yükləməyə çalışır, efirimizdən bezənlər də imkan düşmüşkən tv-layihələri, tv-aparıcıları “qılınclayır”.
  Ekspert rəylərinə keçməzdən öncə, yazıçı Şərif Ağayarın statusunu təqdim edirik. Hesab edirik ki, ən doğru yanaşma Şərif Ağayara məxsusdur. Bu da bizim mövqeyimizdir.
  Şərif Ağ (Ağayar) - Ən az günahkar o uşaqların özüdür. Əmin ola bilərsiniz. Cəmiyyətin bir çox sahələri o gündədir: korrupsioner məmur, siyasiləşən məhkəmə, pul alıb yalan yazan mətbuat, karuselə minən vətəndaş, fürsətcil taksi sürücüsü, yaltaq yazıçı, onun-bunun qucağında pul qazanıb efirdə əxlaq dərsi keçən müğənni və s və i.a. Oğul lazımdır hərənin adını öz alnına yazıb tiktoka çəksin.
İndi isə görək bu hadisədə neçə günahkar var.
Birinci günahkar – valideyn
Təhsil eksperti, “Təhsil Ekspertləri Mərkəzinin” əməkdaşı Elşən Qafarov:
- Son zamanlarda məktəblərdə baş verən olaylarda cəmiyyət olaraq biz ancaq məktəbi və müəllimi günahlandırmaqla deyəsən üstündə oturduğumuz budağı kəsdiyimizin fərqində olmamışıq. Məhz bunun təzahürüdür ki, artıq valideynlər öz üzərinə düşən məsuliyyətdən boyun qaçırmağın asan yolunu tapıblar. Heç kim bu ağla gələn və ağla gəlməyən hadisələri törədən uşaqların valideynlərini axtarmır, ictimai qınağa çəkmir. …Son illərdə məktəbdə bulinq hallarında qızların daha çox önə çıxması təəssüf doğurur. Baş verənlərin kökündə isə oğlanlar uğrunda gedən mübahisələr və münaqişələrdir. Bu kimi halların sayı artdıqca bir şeyə əmin olursan ki, deyəsən, bizim xanımların əksəriyyəti (yeni nəsil) ərə getməklə ailə qurmaq, uşaq doğmaqla ana olmaq arasında fərqləri dərk etmirlər və ya dərk etmək istəmirlər. Pedaqogikadan bilirik ki, tərbiyəyə təsir edən 3 əsas amil var: ailə, məktəb və mühit. Son 10-15 ildə yeni – çox ciddi bir amil ortaya çıxıb ki, bu da internet amilidir. Və internet amili digər 3 amilin cəmindən daha çox tərbiyəyə təsir etməkdədir. Çünki bu amilin gücünü artıran həm subyektiv amillər (xüsusilə valideyn), həm də sosioloji amillər günü-gündən artmaqdadır.
İkinci günahkar – mobil telefon!
  E.Qafarov qeyd edir: - Valideyinlər bir çox hallarda borca, kreditə düşərək övladlarına (xüsusilə qızlara) ağıllı telefonlar alır (uşaq yuxarı sinfə keçdikcə bu telefonların qiyməti və markası da daha bahalısı ilə əvəz olunur), amma övladının bu telefonların istifadəsinə nəzarət etməyi nədənsə ağıllarına belə gətirmirlər. Telefon artıq məktəbdə imic məsələsinə çevrilib. Baxmayaraq ki, ağıllı telefonlarda VALİDEYN NƏZARƏTİ bölməsi var, valideynlərə maraqlı deyil bu funksiya. Bir çox hallarda valideynlərin özlərinin gizli həyat sürməsi, övladlarının onların telefonu vasitəsilə bu gizli həyatlarından xəbər tutması, övladlarına təsir imkanını sıfıra endirir.
Üçüncü günahkar – ailə
  Ekspert bildirir: - Qayıdaq 156 nömrəli məktəbdəki hadisəyə. Bulinqə məruz qalan qızın heç bir reaksiya verməməsinin iki səbəbi ola bilər. 1. Həmin qız evdə də şiddətə məruz qalır və şiddəti normal qəbul edəcək qədər travma alıb ailədə. Belə uşaqların sayı o qədər çoxdur ki. 2. Görünən odur ki, həmin uşaqla bağlı onu təhqir edənlərdə çox güclü kompramat (video, şəkil və ya səs yazısı) var. Və bu kompramat onu təhqir edən qızın marağında olan oğlanla bağlıdır.. Hər bir halda sinif rəhbərlərinin peşəkarlığının aşağı olmasının təzahürüdür. Eyni zamanda təcavüz edən qızların ailə tərbiyəsində ciddi problemlərin olduğu görünür.
Baş verən hər bir hadisəyə ciddi yanaşmalıyıq ki, bu kimi hadisələrin gələcəkdə təkrarlanmasının qarşısını ala bilək.
Dördüncü günahkar – dövlət orqanları
  Ekspert davam edir: - Nə qədər ki ailədə hüquqları pozulan uşaqlar dövlət tərəfindən ailədən alınıb xüsusi təhsil müəssisələrinə verilməyəcək, bu halların sayı da artacaq. Düşünürəm, ilk növbədə Rayon İcra Hakimiyyətlərinin humanitar şöbələri yanında Yeniyetmələrin hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti genişləndirilməli, bu vəzifəyə bir neçə müvafiq qurumlarla razılaşdırmaqla müəyyən edilmiş təcrübəli şəxslər təyin olunmalıdır. Valideynlər tərəfindən şiddət və zorakılıq, o cümlədən təhsil və digər hüquqları pozulan uşaqlar ailələrdən alınıb dövlətin himayəsinə verilməli, şiddət və zorakılıq göstərən valideynlər valideynlik hüququndan məhrum edilməlidir.
Beşinci günahkar – məktəb
- Ümumi təhsil müəssisəsində tərbiyə mühitinin yaradılması və ya möhkəmləndirilməsi üçün məktəblərin fərdi nizamnamələri hazırlanıb təsdiq edilməlidir. Məktəb nizamnaməsində təhsil prosesinin bütün tərəflərinin hüquqları, vəzifələri, məsuliyyəti aydın şəkildə göstərilməlidir. Qaydalara riayət edənlər üçün rəğbətləndirmə və etməyənlər üçün isə cəza sistemi müəyyən edilməlidir. “Məktəblinin dostu” layihəsinin Regional Təhsil İdarələrində (Bakı şəhəri üzrə Təhsil İdarəsi) mərkəzləşdirməklə ilkin mərhələdə ölkənin 500+ şagirdi olan məktəblərə yayılmasını təmin etmək üçün ştat vahidi müəyyən edilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq məktəblərdə cinsi zorakılıqla bağlı 7-ci sinifdən başlayaraq dərsdənkənar məşğələlərin tədrisinə başlamaq, bu məşğələlərdə valideynlərin iştirakını təmin etmək lazımdır. 156 nömrəli məktəbdə baş verən hadisədə iştirakçı olan (təcavüz edən qızlar) yeniyetmələr valideynlərindən alınaraq xüsusi tərbiyə müəssisəsinə yerləşdirilməklə, bu kimi hadisələrin gələcəkdə təkrarlanmasını minimuma endirə bilərik.
Yenə məktəb;
  Həbibə Abdulla: - Saçları rənglənmiş, dırnaqları yarım metr şagirdmi olur?! Deyirsiz məktəbdən öncə valideyndir, tutaq ki, valideyn avaradır, laqeyddir, bəs məktəb, müəllim, rəhbərlik görmür ki, uşaq hansı görkəmdə gəlir dərsə? Niyə icazə verilir axı? Bu mənada İradə müəllimənin (67-nin direktoru) yeri görünür. Şagirdin geyiminə, saç düzümünə ciddi nəzarət edirdi şəxsən... Səhərlər olanda qapının ağzında dururdu, uyğunsuz olanları geri qaytarırdı. Məlum videodakı qızların birinin saçları rənglənib, o birinin dırnaqları adamın gözünü çıxaracaq qədərdir. Onların təkcə xarici görünüşü ailələrində və təhsil aldıqları məktəbdəki təlim-tərbiyə mühitini bəlli edir...
Altıncı günahkar – cəzasızlıq
  “Uşaq dərk etmir ki, qanunla o, cəzalandırıla bilər. Bəzən elə düşünürlər ki, onlar uşaqdır deyə məsuliyyətdən kənar qalacaqlar. Maksimum valideynləri məktəbə dəvət ediləcək və məsələ bitəcək”. Bu barədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova danışıb. O bildirib ki, 16 yaşında inzibati məsuliyyət, 17 yaşında cinayət məsuliyyəti yaranır: “Videoda qızın saçını kəsir, bu, Cinayət Məcəlləsinin maddəsidir. Təhqir edir, bu cinayət məsuliyyəti daşıyır. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunu var. Bu qanuna əsaslanaraq uşaqların bir-birinə qarşı bu cür davranışlarının qarşısının alınması ilə bağlı tədbir görüləcək. Bu cür zorakılıqların qarşısının alınması üçün qanun layihəsi hazırlanır. Hazırda aidiyyəti qurumlarla bu istiqamətdə işlər gedir. O qanun layihəsi çərçivəsində uşaqların neqativ davranışları, bulinq və cinayət məsuliyyəti yaradacaq hərəkətlərə yol verən yetkinlik yaşına çatmayan şəxslər barəsində tədbirlər görüləcək. Baxın, orada videonu çəkən şəxs “dayan, bəsdir” deyir. Lakin çəkməyə davam edir. Onlar özləri də məsuliyyətə cəlb ediləcəklər. Hüquq-mühafizə orqanları bu məsələni araşdırır, materiallar toplanır. Bu videoları sosial şəbəkədə paylaşan şəxslər də məsuliyyətə cəlb ediləcəklər. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən qurumlardan, QHT-dən məsələnin diqqətdə saxlanmasını xahiş edirəm. Uşaqların hüquqi tərbiyəsinin artırılması istiqamətində maarifləndirici tədbirlərin görülməsi önəmlidir”.
Yeddinci günahkar, günahkarlar – tiktok, efir, seriallar, dizilər...
  Sosial şəbəkələrdə rəy yazanların əksəriyyəti həm də efirdəki bayalığı günahkar sayır. Zaurların, xoşqədəmlərin, elgizlərin, azərtaşların yalan-yapmacıq “şou-dramları”, arxasını-önünü böyüdüb-kiçildən, qadınlaşan kişi, kişiləşən qadın müğənnilərin təbliğ edildiyi, “avtoritet” ədasıyla ağıl paylayan, qanundan danışan ekspertlərə efir azadlığı verən tv-lər tənqid edilir.
  BDU-nun kafedra müdiri Xatirə Hüseynova: - Səhər məktəblilərin məlum bulinq videosunu 7-ci sinifdə oxuyan qızım Banu gördü. Mən də əsəblərimi cilovlayıb olar-olmazdan danışmaq istədim. Dedi ki, "ana, deyəsən, bu qızlar bir az çox seriala baxırlar". Gördüm ki, tam haqlıdır. Qızın hərəkəti, danışığı, mimika və jestləri hamısı seriallardan gəlir. Budur yumşaq gücün vurduğu zərbə. Klassik "bizim dövrümüzdə" söhbətlərini o qədər də sevmirəm. Amma bu bir gerçəkdir ki, bizim qəhrəmanımız "Sehirli xalat"dakı Rəşid, "Ögey ana"dakı İsmayıl, "Bir qalanın sirri"ndəki Elşən, Mətanət, "Uzaq sahillərdə"ki Mixaylo, "Yeddi oğul istərəm"dəki Cəlal idi. İndi uşaqlarımızın qəhrəmanları kimdir? Bütün günü efirləri zəbt eləmiş məişət proqramlarının qəhrəmana çevirdiyi gülxanımlar... Üstəgəl, elə o proqramların təsirindən çat verən ailə institutunun və cəmiyyətin lazımınca verə bilmədiyi tərbiyə, təhsil. Nəticə də belə - cahillik, savadsızlıq, kitabsızlıq. Belə davam etsə, bu videoları hələ çox görəcəyik.
  Seva Əliyeva: - Bu qədər yazılır, tənqid edilir, bir faydası yoxdur. Yeniyetmələrimizin gələcəyi təhlükədədir. Düşünürəm ki, efirlərdə gedən bəzi verilişlər gənclərimizə qarşı, ailə institutlarına qarşı, milli dəyərlərimizə qarşı bir terrordu və bunun qarşısı alınmalıdır.
  Səadət H. Məmmədova: - Razıyam. İndiki seriallar birbaşa ailə institutuna zərbə vurur.
  Sevda Bağırova: - Bəli, tamamilə haqlısız. Verilislər, seriallar bunu təbliğ edir.
  Şəbnəm Qurbansoy: - Dünəndən bəri deyirəm. Hər il yayımlanan türk “lise diziləri”ndə dərsdən, oxumaqdan başqa hər şey təbliğ olunur.
  İlahə Məmmədova: - Mən isə bütün bunların K-POP qruplarının şüuraltı ötürdüyü mesaja bağlayıram. Əfsus ki, bütün yeniyetmələri alıb cənginə, qurtarmaq istəyəndə isə daha da bağlanırlar onlara. Adı musiqi qrupu olsa da, təbliğ etdiyi məsələlər intihar, arıq olmaq, evliliyə qarşı fikirlər, həmcins münasibətlər və daha bilmədiyimiz nələr.
  Ilham Rəfi: - Tam doğrudur. Bizim "sosial verilişlər" yazıqlığı, ələbaxımlılığı, seriallar isə kriminal davranışı, intriqanı təbliğ edir.
  Rüfanə Günəş Paşa: - Bir müəllimim Türkiyə cəmiyyəti üçün təxmini belə bir şey demişdi: Amerika Türkiyə və Ortadoğudakı ailə institutlarını dağıtmaq üçün serialları maliyyələşdirir. Əmin olduğum şeylərdən biri dediyiniz kimi xüsusilə “Z kuşağı” çox ciddi mənəvi boşluq yaşayır. Onların kumirləri seriallardakı xarakterlərdir. Və biz bunu necə azalda bilərik? Həll yollarından biri mütləq kiçik siniflərdən media oxu-yazarlığı dərsidir. Bu, məktəblərə qədər enməlidir. Ailələrdə ciddi problemlər var, yaxşı psixoloqlara, məktəblərdə profesionallara ehtiyacımız var.
  Hikmət Mustafayev: - Qarşısını almağın bir yolu var. Kimlikləri bilinməlidir. Atalarının, qardaşlarının, əmisi, dayısı oğlanlarının adları yazılmalıdır. Bəlkə el qınağı təsir edə bilər.
  Fəridə Aslanova Rüstəmova: - Bayaq işə gələndə gördüm ki, yolda tıxac var. Taksi sürücüsü də ehtimal etdi ki, yəqin qarşıda qəza baş verib. Yaxınlaşdıqca nə görsək yaxşıdır? Bir qara inək düşüb yolun ortasına, maşınların arası ilə qaçır. Hamı da dayanıb inəyi tiktoka çəkir. Belə başa düşdüm ki, camaata şou, adrenalin, həyəcan lazımdır. Sosial şəbəkələrdən də hiss olunur, əksəriyyətimiz elə bir himə bəndik, sanki stresə, gərginliyə qida mənbəyi kimi baxırıq. Dövrümüz elə gətirib ki, gündəlik nə isə bir problem axtarırıq. İstəməsək də "şüuraltımızın ürəyi" istəyir. Nəticədə cəmiyyət olaraq kütləvi psixoloji sarsıntı yaşayırıq, özümüzü nə qədər ustalıqla gizlətsək də. Ölkədə baş verən bir neqativ hadisə hər kəsin beynini, zehniyyətini məşğul edir. Məşğul etməsə, hər kəs ağzının odunu bir-birinə tökməz. Bəlkə təsir metodlarını dəyişmək lazımdır?
  Lalə Mehralı: - Kələfi elə dolaşdırıblar ki, ilmənin ucunu tapa bilmirsən. Haradan başlayasan, harada qurtarasan, necə edəsən ki, baş verənləri sinirə, uda biləsən. Udmaq olmur axı. Məktəblərdə ən böyük boşluq nədir, bilirsinizmi? Müəllim avtoritetinin yoxa çıxması. Müəllim kimi ali bir ünvanı sıxışdıra-sıxışdıra yazıq görkəmə saldılar. Müəllimi elə yazıqlaşdırdılar ki, uşağa söz deməyə risk etmir. Deyən kimi valideyn cumur üst-başını yırtır, sifətini cırır.
  Azər Rəşidoğlu: “Deyirdik Overton pəncərəsini bağlayın. Deyirdik milli-dini dəyərləri ələ salmayın, cəmiyyətin mənəvi fundamentidir, dağıtmayın. Lağ-lağı etməyin. Deyirdik ləyaqətli adamları bir qəpiyə möhtac eləməyin, gülürdünüz. Deyirdik imkan verin insanlar çörək qazansın. Deyirdik ləyaqətliləri və peşəkarları ... möhtac etməyin. Deyirdik kasıblıq vəhşilik gətirir. İnanmırdınız. İndi dadaq əzabı!”.
Və son:
  Görün, nə qədər günahkar, suçlu çıxdı ortaya. Dəhşət saçan bir hadisənin fonunda ortaya kiçik bir yazıda. Bu problemlər kompleks, küll halında həllini tapmadıqca, faciələr zəncirvari şəkildə davam edəcək. Bu sərsəm axını durduracaq insanlara möhtacdır cəmiyyətimiz. Görək, kim, kimlər olacaq ölkənin cəngavəri.