ÖRNƏK VƏSİYYƏT: Mövlud Süleymanlı niyə Fəxri Xiyaban arzulamadı?

 Xalq yazıçısının “Şərq”ə sonuncu müsahibəsindən: "80 ildə bu sözləri hələ keç kimə deməmişəm"

Çinli alim Li Zehou vəsiyyət edibmiş ki məzarına baş daşı qoyulmasın. Lap təəccüblüsü isə budur ki, alim beyninin dondurulmasını və yalnız 300, ya da 500 il keçəndən sonra çıxarılsın. 
Alimin məqsədi həm çin, həm də ümumiilkdə dünya sivilizasiya tarixinə töhfə  vermək olub: “Bununla mənim “ji dian”- (çöküş) fəlsəfi görüşlərimin təsdiqini tapmasını istəyirəm”. “Ji dian” zaman və mədəniyyətlərin  beyinə təsirinə aid fəlsəfi görüşdür. Fəlsəfi cərəyan zaman və fərqli mədəniyyətlərin beyində fiziki izlər buraxacağını ehtiva edir. Bəşər tarixində fərqli dnüyagörüşünə malik insanlar olub və yəqin ki olacaq da. Kimisi dünyanın xilası, mənsub olduğu millətin gələcəyi naminə hətta ölümündən sonra da isitfadə edilməsini vəsiyyət edir, kimisi nəyi varsa həyatda olduğu müddətcə sərf edir, kimisi həyatı boyu da heç nəyə yaramır. Bu mənada elm adamları, yazıçı və şairlər, ziyalılar ölümlərindən sonra da millətə xidmət edən şəxslərdir. Təbii, əgər həqiqi ziyalı, həqiqi alimdirlərsə.  Xalqın yazıçısı Mövlud Süleymanlı belə yazıçılardan idi. 

“Şərq”ə bir müddət əvvəl müsahibəsində (demək, sonuncu imiş – M.R.)  Mövlud Süleymanlı belə demişdi: 

“Çörəkdən də əvvəl torpaqdı. Heç nəyə bənzəməyən, heç nəylə əvəz olunmayan bir mövzuya bağlanmışıq... Çünki ayağımızın altında torpaq yoxdu.  Ayağımızın altında ayaq izimizlə, ayağımızın qabarıyla tanış olan torpaqda deyilik. Bir az qəliz danışıram. Bir az da bilərəkdən qəliz danışıram. Çünki işimiz qəlizdi!.. Bilrisiz... torpaq ana kimi nəsə verir insana. Ən canlı olan torpaqdı. Biz gedirik, o, qalır. Mən... harda, niyə yazıçı olmuşam,  bilmirəm. Amma torpağı bilirəm. 80 ildə bu sözləri hələ keç kimə deməmişəm. Bu, torpaqdan gələn bir şeydi. Hətta qonşu kənddə də bu ifadələr yoxuydu. Qonşu kəndin camaatı başqa cür danışırdı. Mİllətlər niyə müxtəlifdi? Niyə biri qorxaq, biri cəsurdu?.. Mən bilirəm ki, yurd anlayışı bizdəki qədər heç bir millətdə yoxdur.  Onu da bilirəm ki, mənim oxucularım çox-çox sonra gələcək...” 

Bunları demişdi Mövlud Süleymanlı. Və ana bildiyi torpaqla qovuşdu, ustad! Vəsiyyətinə görə (belə vəsiyyət qarşılığında Fəxri Xiyaban ehtirası necə də mənasız görünür), onu 1943-cü ildə Qərbi Azərbaycanda, Cücəkənddə onu bu dünyaya gətirən, amma Şamaxıda dünyasını dəyişmiş anasının məzarı yanında. Demək, bir yox, hər iki anasına qovuşub, ustad. Xalq yazıçısı ilə vida mərasimi də evində keçirilib. Hardasa başqa, təmtəraqlı məkanda yox. İstədim, sual edəm, “niyə?”. Müsahibəsini anidən xatırladım və cavab bəlli oldu. Amma başqa sual yarandı: bəs niyə başqaları, kimlərsə Fəxri Xiyabana can atır. Vida mərasimləri bir qədər kiçik salonda keçiriləndə gileylənir doğmaları, içi biz qarışıq ictimaiyyət, media? Doğrusu, bunu da bilmirik, Fəxri Xiyabanda dəfn edilənlər özlərimi istəyir bunu, vəsiyyətmi edirlər, bəlkə hətta israr edirlər, yoxsa, buna hökumət qərar verir, yoxsa, doğmaları, ailələri təkid edir... Bilmirik. Fəxri Xiyabanda dəfn edilmiş xalq şairləri, yazıçıları, xalq artistləri, partiya rəhbərliyində olımuş şəxslər, dahi, görkəmli şəxsiyyətlər çoxdur. Qəbul ediləni də var, qəbul edilməyəni. “Bu niyə burada dəfn olunub?”, deyə etiraz etdiyimiz şəxslər də var. Və bir də, Mövlud Süleymanlı kimi doğma torpaqda, doğmalarının məzarı yanında dəfn edilənlər. Halbuki onlar arasında da yüksək titullar sahibi, xalqın sevimliləri olanlar var. Vəfat tarixlərini səhv sala bilərik, sıralama olmadan   bəzisini xatırlayaq. Mirvarid Dilbazi, Osman Sarıvəlli, Musa Yaqub, Əzizə Cəfərzadə...           

Siyahıya əlavələri yazıçı-publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlı etdi: 

- O sırada Əli Kərimin, İsi Məlikzadənin, İsa İsmayılzadənin... də adlarını da çəkmək olar. Bu şəxslərin fəxri adları, yüksək təltifləri olmasa da, ədəbiyyatımızda yetərincə uca yerləri var. 
Görkəmli şəxsiyyətlərin bir çoxunun Fəxri Xiyaban arzulamamasının səbəbinə gəlincə N.Əvdülrəhmanlı belə izah etdi: 

- Bu, doğulub boya-başa çatdıqları, yaxud məskən saldıqları torpağa sevginin çoxluğundan irəli gəlir. Şübhəsiz, insan doğmalarının arasında özünü daha rahat hiss eləyir, ruhu da doğma saydığı məkanda dinclik tapır. Mövlud Süleymanlı da həmişə deyirdi ki, anamın yanında dəfn olunmaq istəyirəm. Güman ki, mümkün olsaydı, doğulduğu, indi Ermənistan ərazizində qalmış doğma kəndi Qızıl Şəfəqdə (Cücəkənddə) dəfn olunmağı arzulayardı. Amma qaçqınlıq faciəsi doğmalarının Şamaxı rayonunda məskunlaşmalarına səbəb olduğundan qisməti belə oldu. Məkanı cənnət olsun.