Müxtəlif dini konfessiyalara aid ibadət ocaqları da bərpa edilir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Qarabağda təkcə islam deyil...

  Azərbaycanda mill-mənəvi, dini dəyərlərin qorunduğu danılmaz faktdır. Hər nə qədər qərbin bəzi dairələri saxta dəlillərlə ölkəmizi dini dözümsüzlük, etnik ayrı-seçkilikdə günahlandırmağa çalışsa da, Azərbaycandakı tolerantlığın bütün dünyaya ən bariz nümunə olduğu əyani şəkildə özünü büruzə verir. Buna ən tutarlı sübut ölkəmizin hər bir guşəsində müxtəlif dini konfesiyyalara aid ibadət ocaqlarının, tikililərin qorunması və fəaliyyətlərinə heç bir maneə olmaması, eləcə də, Azərbaycan ərazisində yaşayan müxtəlif etnik qrupların öz milli adət-ənənələrini, ibadətlərini sərbəst və rahat bir şəkildə istədikləri zamanda yerinə yetirə bilmələridir. Kimlərsə buna bilərəkdən göz yuma bilər. Amma fakt faktlığında qalır. Təsadüfi deyil ki, doğma Qarabağımız işğaldan azad edildikdən dini ibadət yerlərinin bərpası və yenilərinin tikintisi ön plana çəkildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qarabağ və ətraf bölgələrə daimi səfərləri zamanı, hər dəfə hansısa məscidin, ibadət ocağının təməli qoyulub, erməni vandalları tərəfindən darmadağın edilmiş tarixi-dini abidələrin bərpasına göstərişlər verilib. Buna misal olaraq, məsələn, Suqovuşan qəsəbəsində məscidin təməlinin qoyulmasını göstərə bilərik. Bu, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğısının daha bir təzahürü idi. Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edir. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən, məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait var. Faktlara nəzər salsaq, Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalı dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında islam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Bu vəhşilik ermənilərin Azərbaycan xalqına nifrətinin və kin-küdurətinin miqyasını tam əks etdirir. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq işləri aparılır, yeni məscidlər, müxtəlif dinlərə aid ibadət ocaqları tikilir.
  İşğaldan azad edilmiş ərazilərdə məscidlər və kilsələrin də təmir edildiyini dünən Xocalı faciəsinin 32-ci ildönümü günü “Ana fəryadı” abidəsini ziyarət edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də vurğulayıb. O bildirib ki, Şuşada və digər ərazilərdə məscidlər tikilir. Gələcəkdə həmin ərazilərə qayıdan vətəndaşlarımız orada ibadət edəcəklər. Bunu da qeyd etməliyik ki, Xocalı soyqırımı qurbanlarının anım günü QMİ sədri ilə yanaşı Azərbaycandakı digər dini konfessiyaların rəhbərləri də "Ana fəryadı" abidəsini ziyarət ediblər. Din xadimləri XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciə qurbanlarının abidəsinin önünə tər çiçəklər düzüblər, faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək onların ruhları üçün dualar ediblər. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-nin Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən ölkəmizdəki mövcud dini tolerantlıqdan söhbət açıb. Şeyxülislam Stirlinq Fondunun həmtəşkilatçılığı ilə Bakıda Tolerantlıq günü ilə bağlı keçən beynəlxalq konfransı xatırlayıb, Azərbaycandakı dini konfessiya rəhbərlərinin ABŞ-nin Yuta ştatına səfərini yada salıb. Bildirib ki, ölkəmizin multikultural dəyərlərinin təşviqi baxımından həyata keçirilən səfər zamanı nümayəndə heyətimiz Yutanın ən böyük sərvətinin məhz onun qonaqpərvər, insanpərvər, mənəvi baxımdan zəngin insanlarının olduğunu məmnunluqla müşahidə ediblər. Stirlinq Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları həyata keçirilməsində yaxından iştirak etməsini yüksək dəyərləndirən QMİ sədri A.Paşazadə Uca Yaradana xoş gedən bu fəaliyyəti – müqəddəs dəyər olan insan həyatının qorunması yönündə səyləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb, bununla bağlı qonaqlara təşəkkürlərini bildirib. Şeyxülislam A. Paşazadə vurğulayıb ki, dövlətimiz azad olunmuş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri həyata keçirir, işğal dövründə dağıdılmış, vandalizmə məruz qalmış dini-mənəvi abidələrimizi, məscidlərlə yanaşı kilsələri və digər məbədləri bərpa edir. Görüşdə iştirak edən Yuta Mormon kilsəsinin din xadimi Şeyxülislam A.Paşazadəyə kilsələrinin Azərbaycanda qeydiyyatdan keçirilmə prosesi barədə məlumat verib. Stirlinq Fondunun prezidenti cənab Edvard Rou Azərbaycana hər bir səfərdən mənəvi zövq aldığını diqqətə çatdırıb, ölkəmizin multikultural həyat tərzinin olduqca böyük əhəmiyyət kəsb etdiyini, Yuta ştatının dini icmasının Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb. Şeyxülislam A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun bu ilin mayında keçiriləcək növbəti zirvəsində dünyanın tanınmış din xadimlərinin iştirakı barədə qonaqları məlumatlandırıb və bildirib ki, Mormon Kilsəsinin nümayəndələri də bu nüfuzlu tədbirə dəvət ediləcəklər. QMİ sədri A.Paşazadə həmçinin Azərbaycanda bu ilin noyabrında ev sahibliyi edəcəyi COP29 tədbiri çərçivəsində dünyanın dini liderlərinin iqlim dəyişikliyi probleminin mənəvi dəyərləndirilməsi məramı ilə Bakıda toplaşacaqlarını amerikalı qonaqların diqqətinə çatdırıb. E.Rou bildirib ki, QMİ sədrinin dünyada sülh, əmin-amanlıq, dini tolerantlıq ideyalarının təbliği və təşviqi sahəsində böyük əməyi vardır və Mormon kilsəsi iştirak etdiyi bütün tədbirlərdə Şeyxülislam A.Paşazadənin rolu və nüfuzunu hər zaman vurğulayır. Öz növbələrində, Mormon kilsəsinin Mərkəzi Asiya müsəlmanları ilə əlaqələrinin qurulmasında mənəvi yardımına görə Şeyxülislam A.Paşazadəyə öz təşəkkürlərini ifadə ediblər.
  Ölkəmizdəki tolerantlıq mühiti, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işlərinin dini ibadət ocaqlarını da hərtərəfli əhatə etməsi barədə “Sherg.az"a danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirdi ki, Qarabağ tarixən islam dininin geniş yayıldığı və möhkəm təmələ malik bölgə olub:

- Bunu cümlə Qarabağda mövcud olmuş tarixi-dini abidələr sübut edir. Erməni vandalları dini abidələrimizi məhv etdilər, məscidlərimizi təhqir etdilər. Bununla onlar bəşəri dəyərlərə qarşı vəhşicəsinə davrandıqlarını dünyaya nümayiş etdirdilər. Təəssüf ki, zaman-zaman Azərbaycanı dini dözümsüzlükdə, etnik ayrı-seçkilikdə əsassız günahlandırmağa çalışan bəzi dairələr 30 il müddətində erməni vandallığının insanlıq və bəşər əleyhinə törətdiyi vəhşilikləri görməzdən gəliblər. Amma şükür Allaha ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz, igid, qorxmaz əsgərlərimiz haqqı-ədaləti bərpa etdi, torpaqlarımız işğaldan azad olundu. Və bu gün Qarabağın hər bölgəsində azan səsləri yüksəlir. Eyni zamanda müxtəlif dini konfessiyalara aid ibadət məkanları da yenidən qurulur, təmir, bərpa edilir. Şuşadakı Qazançı kilsəsi, Kəlbəcərdəki Xudavəng monastrı yenidən ibadətə açıldı. Qeyri-islam dini ibadət ocaqları təkcə Qarabağda deyil, ölkəmizin müxtəlif bölgələrində var – Qaxda, Şəkidə, Balakən, Oğuzda... Qaxın Ləkit Kötüklü kəndində “Yeddi kilsə” kilsə-monastr kompleksi var. Ziyarət edənlər görüb. Qaxdakı monastır kompleksində elmi araşdrımalar aparılır. Bu ibadət ocaqları, tarixi abidələr dövlətimiz tərəfindən qorunur. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bölgələrə səfərləri zamanı tarixi abidələrin durumuyla maraqlanır, bərpa, təmir işləri ilə bağlı göstərişlər verirlər. Neçə dini ibadət ocağı məhz Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilib, abadlıq işləri aparılıb. Bu, birmənalıdır ki, ölkəmizdə milli və dini dəyərlərin ən böyük himayədarı cənab Prezident və Mehriban xanım Əliyevadır. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin bir-biriylə anlaşma və mehriban şəraitdə birgə yaşayışının daha bir təzahürünü biz Xocalı faciəsinin 32-ci ildönümü günü soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi mərasimində gördük. Orada bütün dini konfessiyaların rəhbərləri və təmsilçiləri vardi. Müsəlmanlarla birlikdə xristian kilsəsi, yəhudi sinaqoqu, katolik kilsəsi və ölkəmizdə yaşayan müxtəlif etnik qurplara məxsus insanlar faciə qurbanlarının xatirəsini bütün xalq olaraq yad etdilər. Bu, ölkəmizdə yaşayan xalqların qardaşlıq nümunəsidir. Bu cür nümunələrə, təəssüf ki, dünyamızda nadir rast gəlinir. Azərbaycan bu mənada, həqiqətən də, dünyaya ən gözəl örnəkdir.