Əsgərimizin hansı şəraitdə, harada saxlandığı məlum deyil 

"Ombudsman Ermənistan ombudsmanına müraciət etməli və izahat tələb etməlidir"

  Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahovun hazırda hansı şəraitdə, harada saxlandığı məlum deyil. Verilən məlumata görə, R.Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbçimiz  Ermənistan tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb. 

Ruslan Pənahovun atası Eldəniz Pənahov Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı dövlət qurumlarının mütəmadi iş apardıqlarını bildirib: “Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəyəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir. Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qızıl Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər. Vaxt bildirilməyib”.

  Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycan dövlət orqanları R.Pənahovun azad edilməsi istiqamətində çalışır. Lakin: 

- Hesab edirəm ki, əsgərimizin valideynləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı ofisi ilə mütəmadi əlaqə saxlamalıdırlar. Valideynlərə tövsiyə edirəm ki, BQXK-yə müraciət etsinlər, hətta tələb etsinlər ki, övladları barədə onlara dəqiq, ətraflı məlumat verilsin. Buna onların haqqı var. BQXK-nin Bakı nümayəndəliyi Ermənistandakı nümayəndəliklə əlaqəli işləyir. Onlar əsgərin harada olması, saxlanma şəraiti, ona işgəncə verilib-verilmədiyini dəqiqləşdirib ailəyə xəbər verməlidir. Dövlət orqanları üzərinə düşəni edir. Lakin valideynlər də BQXK-dən tələb etməlidir. 
  S.Bənənyarlı bildirdi ki, Azərbaycan ombudsmanı da Ermənistan ombudsmanına müraciət etməli və izahat tələb etməlidir.