Müəllimliyi buraxdı: Evdar xanımlar komandası yaratdı

12 qadın ev təmiri ilə məşğuldur

  Türkiyənin Sakarya bölgəsində Mərvə Uğurlunun təşkil etdiyi usta-fəhlə komandası məşhurdur. Komanda 12 nəfərdən ibarətdir. Hamısı da evdar qadınlardır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Mərvə Uğurlu ixtisasca müəllimdir. Amma müəllimlikdən əl çəkərək qadınlardan ibarət usta-fəhlə komandası təşkil edib. “Qadınlar kişilərin bacardığı bütün işləri bacara bilər”, inancına sahib Mərvə Uğurlu təşkil etdiyi komandanın üzvlərinə qısa zamanda ev təmirinə aid təcrübə keçilməsinə nail olub. Sonra isə sifarişlər almağa başlayıblar. Qadınlar da ev təmirindən, çağırıldıqları ünvanlarda gördükləri işlər müqabilində aldıqları qazancla ailə büdcəsinə gəlir gətirirlər. M.Uğurlu müştərilərin onların işindən razı qaldığını söyləyib: “Əvvəlcə bizə şübhə ilə yanaşırdılar. “Həqiqətənmi qadınlar bu işi bacaracaq?” - deyə şübhə edirdilər. Komanda üzvlərimiz işlədikcə, gördülər, inandılar. Xanımlar kişilərə nisbətən daha səliqəli çalışır. Ev sahibləri döşəməyə boya damcıları düşmədiyini gördükdə heyrət edirlər. Kişilərin bacara bildiyi hər bir işi qadınlar da bacarır. Biz buna inandıq və inandırdıq”. Komanda üzvləri divarları boyamaq, divar kağızları yapışdırmaq, mala çəkmək, xırda təmir işlərini ustalıqla yerinə yetirirlər. Qadın səliqəsi, qadın baxışı, qadın zövqü təmir işlərində öz sözünü deyir. Xanım ustalar, məsələn, divarların hansı rəngə boyanması məsələsində də ev sahiblərinə məsləhət verə bilirlər. Bəzi kişi ustalar kimi divar kağızı yapışqanını qapıların, pəncərələrin kənarlarına da sürtmürlər. Onların səliqə ilə çalışması ev sahiblərini razı salır. Qadınlar da halal qazanc əldə edir, ailəyə maddi dəstək olurlar.