Mişustin təşəkkürü bizim üçün sevindirici sayıla bilməz -  ŞƏRH

“Biz rus dilini göz bəbəyi kimi qoruyuruq, amma ruslar bunun qarşılığını vermirlər”

Azər Həsrət: “Rusiyada azərbaycanlılara latın əlifbasından istifadə etməyə icazə verilmir. Bu, qanunla yasaqdır. Belə bir şəraitdə biz bu təşəkkürə sevinməliyikmi?”

  Rusiyanın Baş naziri Mixail Mişustin bizə - Azərbaycana təşəkkür edib. Rus dilini göz bəbəyi kimi qoruduğumuz üçün. Gözümüz Rusiyadan nələr gördü, durub çözələməyə başlasaq, çox uzaqlara gedib çıxacağıq. Yaxşısı budur, zəmanəmizə qayıdaq və baxaq görək Rusiya baş naziri bizi necə tərifləyib. Bakıya səfəri çərçivəsində Rus Dram Teatrının kollektivi ilə görüş keçirən Rusiya baş naziri bu cür iltifatlarda bulunub: “Dil mədəniyyətin elementidir və onun qorunub saxlanmasına qayğı, əlbəttə ki, ümumi humanitar, tarixi, mədəni məkanımızın möhkəmlənməsinə kömək edir. Rus dilinə münasibətə gəlincə, bu yaxınlarda Vladimir Putin Federal Məclisə müraciətində rus dilinə dəstəyi genişləndirmək və ilk növbədə bunu MDB məkanında etmək lazım olduğunu bildirib. Rus dili millətlərarası ünsiyyət vasitəsidir. Rus dili, rus mədəniyyəti, adət-ənənələri vasitəsilə başqa ölkələrə gəlir və şübhəsiz ki, biz rus dilinin dəstəklənməsi ilə bağlı işi sistemli şəkildə davam etdirəcəyik”.
  Rusiya baş naziri Azərbaycanda rus dili tədris edilən məktəblərin çox olduğunu da vurğulayıb və buna görə ölkə rəhbərliyinə, Azərbaycan xalqına, həm də burada rus dilinə çox diqqətlə yanaşan bütün insanlara minnətdarlıq edib. Baş nazir Azərbaycanda Açıq Təhsil Mərkəzinin fəaliyyətə başladığını da qeyd edib: “Bilirəm ki, bu mərkəzə böyük tələbat var, onun əsasında 400-dən çox tələbə hazırlanıb”. M.Mişustin deyib ki, MDB məkanında rus dilinin dəstəklənməsinə dair işlər davam etdiriləcək: “Əlbəttə, biz rus dilini təbliğ etməyə davam edəcəyik".
Ortaya sual çıxır; biz Mişustinin təşəkkürünə, minnətdarlığına sevinməliyikmi?
  Əməkdar jurnalist, siyasi şəhrçi Azər Həsrət “Sherg.az"a açıqlamasında qeyd etdi ki, əgər Rusiyada da Azərbaycan dilinə eyni diqqət və qayğı olsaydı, bu tərif və təşəkkürə sevinərdik:
- Bu cür münasibətlər qarşılıqlı olsaydı, Rusiya baş nazirinin təşəkkürünə sevinərdim. Bizdə rus dilinə qayğı ilə yanaşılır. Amma onlarda belə deyil. Rusiya Azərbaycan dilinə və həmçinin digər türk dillərinə də çox hörmətsiz münasibət bəsləyir. Deməli, bu diqqət və qayğı birtərəflidir. Sadə misal çəkim; Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra kiril əlifbasından latına keçmişik. Azərbaycan dili suveren bir dövlətin rəsmi dövlət dili olmaqla dünyada da rəsmi dövlət dillərindən biridir və bu dilin özünün əlifbası var – latın əlifbası. Amma Rusiyada azərbaycanlılara bu əlifbadan istifadə etməyə icazə verilmir. Rusiyada yaşayan azərbaycanlılar latın əlifbasında istifadə edərək nəsə yaza bilməzlər. Bu, qanunla yasaqdır. Rusiyada kirildən başqa əlifba yasaqlanıb. Belə bir şəraitdə biz bu təşəkkürə sevinməliyikmi? Dərbənddə “Dərbənd” adında Azərbaycan dilində çıxan qəzet Azərbaycan əlifbası ilə nəşr olunmur. Hətta qəzetin adını da latın əlifbası ilə yazmağa icazə vermirlər. Yasaqdır. Rusiya “al molla”dır, “ver molla” deyil. Onlar hamıdan hər şeyi tələb edirlər. Utanmaz-utanmaz da elə davranırlar, sanki biz onlara borcluyuq. Rus dilinə biz burada necə yanaşırıqsa, onlar da elə yanaşmalıdır. Amma yanaşmırlar. Çünki işğalçıdırlar. Rus şovinizmindən xilas ola bilməyiblər və xilas olmağı da heç düşünmürlər. Ona görə də hesab edirəm ki, Azərbaycan bu birtərəfli mehribançılıqdan, hörmətdən imtina etməlidir. Onlara başa salınmalıdır ki, zəhmət çəkin, siz də türk dillərinə, türkdilli ölkələrin, dövlətlərin dilinə, əlifbasına hörmətlə yanaşın. Krım latın əlifbasına keçmişdi, işğal etdilər, məcbur etdilər yenidən kiril əlifbası ilə yazsınlar. Başqırdlar ayaqlanırdı, imkan vermədilər, tatarlar latın əlifbasına keçmək istəyirdi, yasaqlandı. Bizdə rus dilinə hörmət birtərəflidir. Ona görə də bu təşəkkür bizim üçün sevindirici sayıla bilməz".