Dünyaya Azərbaycan istiqlalını tanıdan insan

Azərbaycançılıq ideyasının təbliği

“Məhəmməd Əmin Rəsulzadə şəxsiyyəti ilə azərbaycançılıq ideyası vəhdət təşkil edir”

  Son nəfəsində “Azərbaycan” deyərək dünya ilə vidalaşan şəxsiyyətin – Şərqdə bərqərar olmuş ilk demokratik respublika - Azərbaycan Xalq Cümhiriyyətinin banisi və ilk rəisi-cümhuru Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi müxtəlif tədbirlər, elmi konfranslarla qeyd edilir. Xüsusi olaraq qeyd etməliyik ki, həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı ötən ilin sonlarında imzaladığı Sərəncamdan irəli gələrək keçirilir. Prezidentin imzaladığı sərəncamda qeyd olunur ki, 2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb. “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Qeyd etdiyimiz kimi, məhz bu sərəncamdan irəli gələrək ölkəmizdə geniş tədbirlər keçirilib.
  Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş “II Beynəlxalq Rəsulzadə qiraətləri” bu tədbirlər arasında xüsusi seçilirdi. Tədbirlər 4 gün intensiv davam etdi. M.Ə.Rəsulzadənin adına təşkil edilmiş beynəlxalq konfransda iştirak edən qonaqlar arasında Polşa nümayəndə heyəti, Varşava Universitetinin professoru, Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Yan Maliski, Necdet Ünüvar (Ankara Universitetinin rektoru) və başqa mötəbər şəxslər olub. Varşava Universiteti dosenti Danuta İvona Çmielovska böyük tarixçi-alim, Azərbaycanın dostu Tadeuş Svetoçovskinin Məhəmməd Əmin Rəsulzadə haqqında fikirlərini səsləndiriblər. Tədbirin ikinci günü M.Ə.Rəsulzadənin Novxanı kəndindəki heykəlini ziyarət olunub, abidə önünə gül çələngləri qoyulub və xarici qonaqların iştirakı ilə ürək dolusu çıxışlar səslənib. Həmin axşam “Holiday Inn” hotelində konfransın Təntənəli Açılış Mərasimi oldu və bu mərasimdə Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “II Beynəlxalq Rəsulzadə qiraətləri” kitabı təqdim olundu. Təşkilatçılar və müəlliflər bir-birindən maraqlı və təkrarolunmaz çıxışlar etdilər. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan bu mərasimdə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamını Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.e.d., prof. Fərhad Cabbarov səsləndirib. Azərbaycanın Xalq artisti Alim Qasımovdan möhtəşəm musiqi salamı konfrans iştikarçılarının ruhunu oxşayıb. Vahid Mustafayev (VMF Holdinqin təsisçisi) və “Rəsulzadə Ev-Muzeyi” İctimai Qrupunun videotəqdimatı olub. M.Ə. Rəsulzadənin məharətlə hazırlanmış virtual ev muzeyi “ziyarət edilib”. AMEA prezidenti İsa Həbibbəyli, Mədəniyyət Nazirliyinin nümayəndəsi, Elm və Təhsil Nazirliyi nümayəndəsi və Polşa Respublikasının səfiri Rafal Poborski çıxış ediblər. Xarici iştirakçılar adından Yeva-Maria-Aux (Almaniya), Səbahəddin Şimşir (Türkiyə), Georgi Mamulia (Fransa), Tohid Məlikzadə (İran), Səadət Kərimi (İsveç) və Səlcuk Önal (Türkiyə), Azərbaycan ziyalıları və iştirakçıları adından dosent Zümrüd Axundova-Dadaşzadə, Rəsulzadə ailəsi adından Rais Rəsulzadə çıxış ediblər. 3-cü gün isə Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında konfransın Elmi proqramı baş tutub. Birinci paneldə Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinə Tarix, Fəlsəfə, Hüquq perspektivlərindən həsr olunmuş tədqiqatlar dosent Firdovsiyyə Əhmədovanın moderatorluğunda təqdim olunub. "Xaricdə Azərbaycan simvolu – Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə Qərb tarixçilərinin dəyərləndirilməsində" adlı yeni araşdırma ilə Səadət Kərimi çıxış edib. 4-cü gün elmi konfrans Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında öz işini davam etdirib. “Şərq zalı”nda M.Ə.Rəsulzadənin 1949-cu il 1 fevral tarixində Ankarada yaratdığı Azərbaycan Kültür Dərnəyinin 75 illiyinə həsr olunmuş maraqlı tədbir baş tutub.
  M.Ə.Rəsulzadənin 140 illiyi təkcə paytaxtda deyil, regionlarda da qeyd edilir. Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 24 saylı kitabxana filialı Türkdilli dövlətlərin siyasətinə dəstək fondu ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Cümhuriyyətin əbədiyaşar lideri M.Ə.Rəsulzadə” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirib. Onlayn formatda keçirilən konfransa Azərbaycan ziyalıları ilə yanaşı Qazaxıstandan parlamentin sabiq deputatı, tanınmış ictimai xadim Əbülfəz Xamedov, Moskvadan hüquq elmləri namizədi Oktay Hüseynov və digərləri qatılıblar. Çıxış edənlər M.Ə.Rəsulzadənin keşməkeşli həyatından və müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından danışıblar. Azərbaycandan kənarda da silsilə tədbirlər keçirilib. Qardaş Türkiyənin Ankara, İstanbul, Əskişəhərində görkəmli mütəfəkkir, Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan M.Ə.Rəsulzadənin 140 illiyi qeyd edilib. Tədbirlərdə M.Ə.Rəsulzadənin yadigarı Azərbaycan Kültür Dərnəyinin üzvləri, elm adamları, ziyalılar iştirak edib. İstanbul, daha sonra Ankara Universitetində "Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası" mövzusunda Türkiyənin və Azərbaycanın rəsmi və elmi qurumlarının təmsilçiləri, millət vəkilləri, alimlər, ictimai təşkilatlar və media nümayəndələri və təbii ki, tələbələrin iştirakı ilə ard-arda iki möhtəşəm elmi konfrans keçirilib.
  Əlbəttə ki, keçirilən tədbirlərlə yanaşı, Məhəmməd Əmin Rəsulzadənin Ankaranın Cəbəci Əsri məzarlığındakı müqəddəs məzarının abadlaşdırılmasını da qeyd etməliyik. Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb və bu günlərdə işlər başa çatdırılıb. Qeyd olunur ki, məzarın abadlaşdırılması Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşdırılıb.
  Cümhuriyyət dövrünün tədqiqatçısı, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd “Sherg.az"a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin hər bir azərbaycanlı üçün ortaq dəyər olduğunu vurğuladı:
- Azərbaycanın Türkiyədəki səfirliyinin Məhəmməd Əmin Rəsulzadənin Əsri məzarlığındakı məzarını abadlaşdırması, əlbəttə, təqdirəlayiqdir. Çünki Məhəmməd Əmin Rəzulzadə hər bir azərbaycanlı üçün, istər Azərbaycan vətəndaşı olsun, istərsə də xarici ölkərlərdə yaşayıb yaradan əsli azərbaycanlı olanlar, hamımızın ortaq dəyəridir. M.Ə.Rəzulzadə ömrünü, gələcəyini və öz istiqbalını Azərbaycan istqbalına qutban vermiş, Azərbaycan istiqlalına fəda etmiş, ömrünün sonunadək də Azərbaycan sevdası ilə yanaraq istiqlalımızı, haqq davamızı dünyaya yayan bir şəxsiyyətdir. M.Ə.Rəsulzadənin 140 illik yubiley tədbirlərinə müxtəlif ölkələrdən təşrif gətirmiş qonaqlara baxdıqda bu dahi şəxsiyyətin bütün dünyanı əhatə etdiyi görünür. M.Ə.Rəsulzadə Azərbaycan sərhədlərini təkcə fiziki olaraq aşmayıb, ideyalarını, məfkurəsini, elmi-fəlsəfi düşüncələrini dünyaya yayıb. Türkiyə, Polşa, Almaniya, Fransa, Azərbaycanımızın güneyi... belə bir geniş arealda M.Ə.Rəsulzadə tanınıb və ona Azərbaycan istiqlalının yorulmaz tərənnümçüsü kimi hər zaman sayğı, sevgi bəslənib. Bu gün də biz həmin sevgini görürük və bundan sonra da belə olacaq.