ABŞ-dən xəbərdarlıq: Süni zəka bəşəriyyəti yox edəcək!

ABŞ hökuməti süni zəkanın təhlükələri barədə hesabat hazırlayıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, hesabatda süni zəkanın qarşıdakı illərdə insan nəslinin kəsilməsinə səbəb ola biləcəyinə dair həyəcanlı qeydlər var. Süni zəka başqa hansı təhlükələrə yol aça bilər və bunun qarşısı necə alınmalıdır? ABŞ Xarici İşlər Nazirliyi bu suallara cavab axtaran 27 səhifəlik hesabat hazırlayıb. Hesabat “İnkişaf etmiş süni zəka təhlükələrinə yönəlik tədbirlər planı” adlanır. Hesabat 1 ildən artıq müddətdə hazırlanıb. Hesabatın hazırlanması gedişatında süni zəka sektorunda tanınan "OpenAI", "Google DeepMind", "Meta" kimi məşhur şirkətlərin 200-ə yaxın mütəxəssisi və təhlükəsizlik məsələləri üzrə ekspertləriylə söhbət aparılıb. Nəticədə ortaya neqativ bir tablo çıxıb. Hazırlanması “Gladstone AI” firmasına tapşırılmış hesabatın nəticələrinə görə, süni zəka insan nəslinin yox olmasına yol aça biləcək imkanlara sahibdir. Bunu nəzərə alaraq hökumət sürətli bir şəkildə mümkün təhlükələri önləmək üçün cəld hərəkətə keçməlidir. Bəzi mütəxəssislər hesab edir ki, yaxın 5 il ərzində süni zəkanın ən yüksək səviyyəsi əldə ediləcək. Bu süni zəka isə hər bir sahədə insan zəkasını üstələyə biləcək. Hesabatı hazırlayanlar hesab edir ki, şirkətlər arasında süni zəka yaratmaq yarışının qarşısını almalıdırlar. Süni zəkanın “atası” sayılan Cefri Hintonun “süni zəka təhlükələrini azaltmaq qlobal məqsəd olmalıdır”, fikri də xatırladılır.