Əgər bu əlamətlər sizdə varsa…

Yeni münasibət qurmağa hazır deyilsiniz

  Bir insan əks cinslə münasibət
 qurmaqdan ehtiyat etdikdə, adətən bunu əvvəlki münasibətinin uğursuz olmasıyla əlaqələndirir. Hər cür bəhanə tapır. Əsasən də bu bahənələr qarşı tərəfə yönəlik olur. Mütəxəssislərsə hesab edir ki, bir insan yeni münasibətlər qurmaqdan imtina edirsə, səbəbi özündə axtarmalıdır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən insanların yeni münasibətlərə hazır olmadığını göstərən 5 mühüm əlaməti oxucuların diqqətinə çatdırır. Birincisi, ətrafdakı insanların, qadın və ya kişi fərq etmir, sizə xoş gəlməyən cəhətlərini sadalamaq. Bir insan qarşısındakını xarici görünüşünə görə seçirsə, bu, onun yeni münasibətlərə hazır olmadığını, qarşısındakı adamda mütləq bir qüsur tapmağa çalışdığını göstərir. İkincisi, xoşbəxt olmamaq qorxusudur. Elə insanlar var ki, münasibətlərə başlamadan onun sonunun uğursuz olacağını “proqnozlaşdırır”, özü xoşbəxt ola biləcəyinə inanmır, başqasını da buna inandıra bilmir. Beynində davamlı bəd fikirlər dolaşır, bədbəxtliyə köklənir. Belə adamlar xoşbəxtliyə çətin nail olur. Üçüncü şərt, bir insanın azadlığını hər şeydən üstün tutmasıdır. Əgər bir insan kiminləsə münasibət qurarsa, bunun azadlığını əlindən alacağını düşünürsə, münasibət qurmasa daha yaxşıdır. Çünki sonunda ayrılıq qaçılmazdır. Dördüncü şərt insanın özünü xoşbəxt edə biləcəyinə inamıdır. Bu inam yoxdursa, kiminləsə münasibət yaratmağa dəyməz. İflas yaxındadır. Beşinci şərtsə, keçmişdəki uğursuz sevgi macəralarından yaxa qurtarmamaqdır. Birisi, gənclik illərindəki nakam sevgi hekayəsini unudub hafizəsinin bir guşəsində gizlətmirsə, hər dəfə bunu xatırlayıb kədərə boğulursa, o insan yeni münasibətlər qurmağa hazır deyil. Yeni tərəf-müqabilini də bezdirəcək və sonda ayrılıq qaçılmaz olacaq.