Milli Qurtuluş Günü – Çağdaş tariximizin ilk günü

Keçən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycanın müasir tarixində ən gərgin dövr idi. Xalqımızın müstəqil dövlətçiliyini bərpa etməsi iqtisadi, siyasi və hərbi böhranlarla müşayiət olunurdu. Siyasi idarəçiliyin səriştəsiz qüvvələrin əlində olması vəziyyəti çətinləşdirirdi. Havadarlarından böyük maliyyə və hərbi dəstək alan düşmən ölkəmizin ərazi bütövlüyü üçün ciddi təhlükə yaratdı. Bu isə separat qüvvələrin fəaliyyətinə rəvac verdi. Azərbaycan xalqının bu cür ağır vəziyyətdən qurtulması üçün ölkə daxilində və ölkə xaricində baş verən hadisələri düzgün təhlil etməyi, doğru qərarlar verməyi və xalqın işıqlı gələcəyini təmin edə bilən bir liderə ehtiyacı vardı. Müstəqil dövlətçiliyinə qovuşan Azərbaycan xalqı iki vacib məsələni həll etməli idi. Birincisi Ermənistanın öz havadarlarının fəal dəstəyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı işğalçı planlarının qarşısını almaq, ikincisi ölkə daxilində mərkəzi hakimiyyət uğrunda mübarizə aparan və milli birliyə xəyanət edən qüvvələrin xain niyyətlərinə imkan verməmək. Burada ən önəmli amil milli birliyi qoruyub saxlamaq üçün ciddi siyasi iradənin ortaya qoyulması idi. Azərbaycan xalqı qüdrətli siyasi iradənin müəllifini, yəni öz Ümummili Liderini səbirsizliklə gözləyirdi.
Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqının milli birliyini pozmağa çalışan, müstəqil dövlətçiliyini və ərazi bütövlüyünü təhlükə altında qoyan daxili və xarici qüvvələr xüsusi canfəçanlıq nümayiş etdirirdilər. Ölkənin ümumi hərbi-siyasi vəziyyəti olduqca gərgin idi. Bir tərəfdən Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsndə torpaqlarımızın 20%-nin işğal edilməsi, bir milyondan artıq dinc vətəndaşımızın öz doğma yurdlarını tərk edərək məcbur köçkünə çevrilməsi, digər tərəfdən isə ölkə daxilində hakimiyyətə yiyələnmək uğrunda gedən siyasi çəkişmələr... 1993-cü ilin aprelində ermənilər tərəfindən Kəlbəcərin işğal edilməsi Azərbaycan respublikasının o zamankı siyasi rəhbərliyinin möhkəm əsaslara malik olmadığını və siyasi iqtidarın səriştəsiz insanların əlində olduğunu göstərdi. Bu hadisədən sonra ölkə daxilində siyasi böhran daha da dərinləşdi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun hərbi qiyamı bu böhranın son həddi oldu. Xalq Cəbhəsi hakimiyyətinin başçısı Ə. Elçibəy böhrandan çıxmağın yeganə yolunu məhz dahi siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevi Bakıya dəvət etməkdə gördü. Azərbaycan xalqı siyasi hakimiyyətin bütövlükdə Heydər Əliyevə verilməsi üçün öz səsini ucaltdı. Heydər Əliyev öncə müxalif qüvvələrin hərbi qiyamının qarşısını aldı. Onun 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Milli Məclisinin sədri seçildiyi gün bu qanunverici orqanın iclasında etdiyi tarixi çıxış Azərbaycan xalqının qurtuluşu üçün əsas hədəfləri müəyyənləşdirdi. Bu çıxışda respublikamızın daxili və xarici siyasətində başlıca problemlərin həlli yolu olaraq milli birliyə nail olmaq prioritet vəzifə kimi əsas götürüldü. Məhz Heydər Əliyevin yeni siyasi xəttinin nəticəsi olaraq Azərbaycanın daxilində vətəndaş müharibəsinə şərait yaradan qüvvələr zərərsizləşdirildi və dövlətçiliyimizin parçalanmasına çalışan separatçı qüvvələrin planları puç oldu. 15 iyun Azərbaycan tarixində ən yeni dövrün başlanğıcı oldu. Milli Məclisin qərarı ilə prezident səlahiyyətləri də Heydər Əliyevə həvalə olundu. Heydər Əliyev bir sıra qətiyyətli tədbirləri ilə Azərbaycanın parçalanması üçün çalışan düşmən qüvvələrin planlarını alt-üst etdi. O, respublikanın cənub və şimal bölgələrində fürsət gözləyən separatçı qüvvələrin təxribatçılıq fəaliyyətinə son qoydu. Nəhayət, Azərbaycan tarixinin ən mühüm tarixi anlarından biri gəlib çatdı. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev xalqın iradəsi və qətiyyətli mövqeyi nəticəsində böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının prezidenti seçildi. Azərbaycanın Milli Qurutuluş Günündən başlayan ən yeni tarixində qızıl hərflərlə yazılan həmin gün xalqımız öz böyük oğlunun ətrafında sıx birləşdi. Azərbaycan xalqının milli dövlətçiliyinin xilası və dirçəldilməsi Ümummilli Liderin fəaliyyətinin başlıca nəticəsidir.
Ümummilli Lider Azərbaycan Respublikasına rəhbərlik etdiyi on il müddətində (1993-2003-cü illər) ölkəmizin gələcəyinin ana xətlərini müəyyənləşdirdi. Öncə milli həmrəyliyin təminatı üçün ölkə daxilində hər cür qarşıdurmanın və separatizmin qarşısı alındı. Ardınca isə sağlam və inkişaf etmiş iqtisadi bazis üzərində hərbi-siyasi nüfuzu yüksəldi. Xalqımızın Milli Qurtuluşu ilə başlayan bu uğurlu siyasi kursun başlıca məqsədi güclü ordu yaratmaqla işğal altında olan torpaqların azad edilməsi idi. Ümummilli Liderin layiqli varisi olan Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu müqəddəs məqsədi Böyük Zəfərlə bitirdi. Azərbaycan Respublikasının bütün ölkə ərazisində müstəqil və suveren hüquqları bərqərar oldu. Nəticədə, Azərbaycan öz adını əsrin ən uğurlu xalqı kimi ən yeni tarixə yazdırdı.


Ramin Əlizadə, 
AMEA Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi