Ərdoğan: Zəngəzur dəhlizinin açılması sülhə töhfə verəcək

Türkiyə rəhbərliyi Cənubi Qafqazda sülhə dair mövqeyini Ermənistanın baş naziri Nikol Paşinyana çatdırıb. Artıq regionda sülh istiqamətində bütün “yelkənlər” açılmalıdır. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə razılaşma əldə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri zamanı onu müşahidə edən jurnalistlərə səsləndirib.

Onun sözlərinə görə, rəsmi Ankara sülh gündəliyini səmimi və güclü şəkildə dəstəkləyir: “Zəngəzur dəhlizinin açılması bu sülhə töhfə verəcək və tamamlayacaq. Bu kimi addımlar həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə və regionun digər dövlətlərinin rifahına və ümumilikdə sülhə müsbət töhfə verəcək”, - deyə Ərdoğan vurğulayıb.

Ölkə başçısı bu cür müsbət qərarların gecikmədən qəbul edilməsinin əhəmiyyətini qeyd edib. “Arzu edirik bu istiqamətdə müvafiq səylər göstərilsin. Regiondan müsbət siqnallar gəlir. Ümid edirik bunlar yaxşı xəbərə çevriləcək. Digər dövlətlərdən də ən qısa müddət ərzində davamlı sülh üçün oxşar yanaşma gözləyirik. Bu vacibdir”, - deyə Türkiyə Prezidenti bildirib.