Qarabağ ermənilərinin qayıdışı gündəmə gətirilir

Toivo Klaarın açıqlaması hazırda Qərbdə bölgə ilə bağlı cərəyan edən bəyanatlar silsiləsindəndir
 
Azərbaycana qarşı təzyiqlər "erməni məsələsi" mövzusunun bəzi dairələrdə hələ bağlanmadığını göstərir


  Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaarın vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan qərəzli açıqlamalar verməsi təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibinin müavini Vasif Əliyev deyib. Onun sözlərinə görə, Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. XİN rəsmisi qeyd edib ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir. Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməniəsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşdığını dəfələrlə vurğulayıb. Əslində, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara da yaxşı məlumdur. Lakin AB rəsmisi qərəzli və məqsədli şəkildə məsələni gündəmə gətirərək Azərbaycanı əsassız qınaq obyektinə çevirməyə çalışır. Təbii ki, Klaarın haradan, kimlərdən təlimat aldığı hamıya bəllidir. 
  Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, T.Klaarın Qarabağdan öz istəkləri ilə getmiş hayların geriyə dönüşlərini "xüsusi hal" kimi dəyərləndirməsi anlaşılandır. Deputatın sözlərinə görə, burada "xüsusilik" ondadır ki, Qarabağ hayları vətəndaşı sayıldıqları dövlətə qarşı silahlı mübarizə aparıblar: 

"Terrora əl atıblar və hətta Xocalı soyqırımının törədilməsində "xidmətləri" olub. Ona görə də onların geriyə dönüşü xüsusi şərtlər çərçivəsində reallaşdırıla bilər. Özü də Ermənistanda etnik təmizləməyə uğrayan azərbaycanlılar doğma yurd yerlərinə qayıtdıqdan sonra bu, mümkündür. Avropa İttifaqı adından danışan mikromakron bir reallığı da unutmamalıdır ki, beynəlxalq humanitar hüquqa görə Vətənə dönüş haqları olanları özününkülərə və özlərindən olmayanlara bölmək rasistlikdir. Davamlı olaraq Qarabağ haylarının geriyə qayıtmalarından dəm vurub Qərbi Azərbaycan kökənlilərin yurd yerlərinə dönüşlərini hansısa şərtlərə bağlamaq nə Klaara, nə də təmsil etdiyi quruma hörmət gətirir. Ümumiyyətlə, anlamıram ki, Cənubi Qafqazın hər üç ölkəsində nümayəndəliyi olan Avropa İttifaqının bütövlükdə region üzrə xüsusi təmsilçisinə nə ehtiyac var?!". 
  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da "Sherg.az"a deyib ki, Toivo Klaarın Qarabağ erməniləri ilə bağlı açıqlaması hazırda Qərbdə bölgə ilə bağlı cərəyan edən bəyanatlar silsiləsindəndir. Ekspertin sözlərinə görə, Qarabağ ermənilərinin qayıdışı ilə bağlı Azərbaycana qarşı təzyiqlər "erməni məsələsi" mövzusunun bəzi dairələrdə hələ bağlanmadığını göstərir: 

"Bəs bir il əvvəl dünya birliyinin üzvü, müstəqil və suveren beynəlxalq subyektin ərazisində separatizmin davam etməsinə niyə susurdunuz? Niyə Qarabağ və Zəngəzurdan qovulmuş azərbaycanlıların qayıdışı məsələsini qaldırmırdınız? Vardanyan və Arutyunyanın ötən illərdə azərbaycanlıları təhdid etməsi qarşılığında susmağa üstünlük verirdiniz? 44 günlük müharibədə ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti nə həmin dövrə qədər, nə də həmin dövrdən sonra Qərbdəki bu kimi dairələrin obyektiv mövqeyini gördü. Əksinə, Üçtərəfli bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda tarixi reallığın bərpa olunması ilə barışmaq istəməyən bu qüvvələr Azərbaycan dövlətini günahlandıran müzakirələri BMT-də bir neçə dəfə davamlı şəkildə təşkil etdilər. İndi Qərbdəki dairələr rəsmi Bakının onların fikirlərini nəzərə alacağını niyə düşünür? Vaxtilə Robert Koçaryan azərbaycanlılarla ermənilərin bir yerdə yaşaya bilməyəcəklərini deyirdi. Həmin vaxt ağızlarına su alan beynəlxalq siyasətbazlar indi ermənilərin Qarabağa qayıtması üçün əllərindən gələni edirlər. Lakin onların istəkləri ilə oturub-duran olmayacaq. Nə qədər ki, Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var, azərbaycanlılar tarixi Qərbi Zəngəzura və Göyçəyə qayıtmayıblar, iki xalq arasında yeni mərhələdən danışmaq tezdir. Ermənilərin Qarabağa qayıdışını ayrıca qeyd etmək, ermənilərin Bakıya, Gəncəyə qayıdışı haqqında danışmaq yolverilməzdir".