Onun quracağı kabinetdə milliyyətcə azərbaycanlılar da təmsil oluna, müəyyən nazirlikləri tuta bilərlər
Azərbaycan əyalətlərindən olan millət vəkilləri İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ondan 5 nazirliyə azərbaycanlı mütəxəssislərin təyin edilməsini istəyiblər. Təbrizin millət vəkili Əlirza Novin məlumat yayıb ki, Şərqi Azərbaycan əyalətindən olan deputatlar birliyi bacarıqlı azərbaycanlı ziyalılardan 5 əsas nazirliyə təyin edilmək üçün adlar təklif ediblər: "Təklif edilən şəxslərin idarəçilik keçmişi və bacarıqları birlik tərəfindən qiymətləndirib. Adlar prezidentin özünə təqdim edilib və ümid edirik ki, diqqətə alınacaq". Millət vəkili sadəcə Nazirlər Kabineti deyil, hökumətin digər bölmələri, o cümlədən, dövlət şirkətləri, baş idarələr, nazir müavinlikləri kimi vəzifələrdə də azərbaycanlı mütəxəssislərin işə cəlb olunmasının zəruriliyini vurğulayıb.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli açıqlamasında bildirib ki, İranda bir türkün rəhbərlikdə təmsil olunması, ələlxüsus prezident postunda əyləşməsi, həm də milliyətini inkar etməməsi, əksinə, qürurla söyləməsi istər-istəməz müsbət haldır. Analitikin sözlərinə görə, Məsud Pezeşkian da məhz bu cür siyasətçidir və onun İranda prezident seçilməsinə biz belə yanaşırıq:
"Nəzərə alaq ki, Azərbaycan türkü olan Məsud Pezeşkian özündən əvvəlkilərlə, məsələn, İbrahim Rəisi, o cümlədən Əhmədinejatla müqayisədə kifayət qədər müsbət və bizə yaxın fiqurdur. Əlbəttə, Pezeşkianın yeni quracağı hökumət kabinetində milliyyətcə azərbaycanlılar da təmsil oluna, müəyyən nazirlikləri tuta bilərlər. Təbrizin millət vəkillərinin Pezeşkiana müraciəti də məhz İranda soydaşımızın prezident seçilməsi ilə bağlıdır. Bunun özü müsbət tendensiyadan xəbər verir. Əlbəttə, bu, o demək deyil ki, İranda Pezeşkian və onun hökuməti Azərbaycanın dedikləri ilə oturub-duracaq. Amma türk məktəblərinin, türk dilinin təbliğatı, genişlənməsi, dövlət səviyyəsinə qalxması istiqamətində müəyyən addımlar atıla bilər".
Ekspert vurğulayıb ki, İranda əsas söz sahibi dini lider sayılsa da, seçilmiş prezident də önəmli vəzifədir və müəyyən səlahiyyətləri var: "İran-Azərbaycan münasibətlərinin son 30 ilinə nəzər salsaq, ən gərgin dönəm İbrahim Rəisi və onun XİN rəhbəri Abdullahianın dövrünə təsadüf etdi. Deməli, İranda prezident və xarici işlər naziri önəmli yerə sahibdir. "İranda prezident heç nəyi həll etmir" yanaşması doğru deyil".