Azərbaycanla Özbəkistanın müttəfiqliyi tam rəsmiləşdi

Bu strateji sənədin imzalanması ilə dostluq və qardaşlıq münasibətlərimizin bütöv bir kitabı yazılır


  Özbəkistanda bütün Türk dünyası üçün önəmli hadisələrdən daha biri gerçəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalayıblar. Beləliklə, iki qardaş ölkənin müttəfiqliyi tam rəsmiləşib. Qeyd edək ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Eyni zamanda  dövlət başçılarının iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının birinci iclası keçirilib. 
  Prezident İlham Əliyevin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirdiyi kimi indi  Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular. Bu, həqiqətən də mühüm tarixi hadisələrdən, ən önəmli məqamlardan biridir: “Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu çox mühüm xarici siyasət addımdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.

Biz həmişə özbək xalqının qardaş dəstəyini hiss etmişik

  Azərbaycan Prezidenti  vurğulayıb ki, bu strateji sənədin imzalanması ilə dostluq və qardaşlıq münasibətlərimizin yeni fəsli deyil, bütöv bir kitabı yazılır: “Biz münasibətlərimizin yeni kitabını yazırıq. Xankəndidə yüngül sənaye müəssisəsinin yaradılması Azərbaycan və Özbəkistan xalqlarının qardaşlıq və dostluq rəmzidir. Bu, işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə qardaş ölkənin töhfə və dəstəyinin daha bir göstəricisidir.
  Prezident mətbuata bəyanatında onu da  bildirib ki, biz həmişə - istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik: “Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə təkcə mənəvi dəstək göstərməklə yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib”.
  İlham Əliyev həmçinin qeyd edib ki, Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik olan ölkəyə çevrilib: “Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu. Onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır. Həmçinin müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir”.
  Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini yüksək qiymətləndirib və iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında, dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlandığını bildirib.
 Özbək lideri mətbuata bəyanatında deyib ki,  son bir neçə ildə Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan bizim mühüm strateji tərəfdaşımızdır və bu gündən müttəfiqimizdir.

Aviareyslərin sayının artırılması, hava və yerüstü daşımalarla bağlı prosedurları maksimum sadələşdirmək zəruridir

  Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycanda keçiriləcək COP29-a ciddi hazırlaşdığını deyib. 
 Ş.Mirziyoyev həmçinin deyib ki, Qarabağ çiçəklənən regiona çevrilir: “Mən Şuşanı, Füzulini gözümlə gördüm. Böyük sosial, iqtisadi və infrastruktur layihələr həyata keçirilir.  Bu gün Qarabağ gözümüzün qarşısında canlanır. Sizin səylərinizlə qədim Qarabağ torpağı inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur, istehsal obyektləri fəal şəkildə qurulur, iş yerləri açılır, insanları dinc, xoşbəxt həyata qaytarmaq üçün hər şey edilir... Bütün bu insanlar illərdir geri qayıtmağı gözləyiblər. Özbəkistan bu nəcib işdə Azərbaycana bundan sonra da dəstək verməyə hazırdır. Bu gün Qarabağda genişmiqyaslı yenidənqurma işləri aparılır, əgər özbək inşaatçılar üçün hansısa sahə və ya ərazi ayrılsa, biz bu işdə iştirak edəcəyik”.
  “Biz Prezident İlham Əliyevlə razılaşdıq ki, ayrıca yol xəritəsi qəbul edək, regionların üçüncü forumunu keçirək, turizm kompleksləri yaradaq”- deyə Ş.Mirziyoyev əlavə edib. 
O bildirib ki, son illər Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənib: “Parlamentlər, nazirliklər arasında əlaqələr genişlənib. Hökumətlərarası komissiyaların iclasları mütəmadi keçirilir, forumlar, sərgilər təşkil olunur. Çox şadam ki, Prezident İlham Əliyev bizim görüşümüzə Azərbaysanın biznes liderlərini dəvət edib. İnanıram ki, bunun çox ciddi nəticələri özünü çox gözlətməyəcək. Gələn il Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bunu ciddi nəticələrlə möhkəmləndirməliyik”.  Özbəkistan Prezidenti Azərbaycan və Özbəkistanda iqtisadi kooperasiyalar yaradılmasını, 20 prioritet istiqamət üzrə çalışılmasını təklif edib: “Ticarət dövriyyəsini artırmalı və sənaye kooperasiyasında yeni mərhələyə keçilməli, o cümlədən üçüncü ölkədə birgə layihələr həyata keçirilməlidir. Bizim görüşümüzdə dəyəri 2 milyard dollardan artıq olan perspektiv layihələr barədə danışdıq. Bu gün həmin layihələrin reallaşması barədə biznes nümayəndələrimiz geniş müzakirələr apardılar. Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Fondu da effektiv çalışır. Əgər layihələr olarsa, bu Fond da genişləndirər”.
Özbək lideri hesab edir ki, ölkələrimiz arasında əlaqələri nəqliyyat, energetika və digər infrastruktur layihələr həyata keçirməklə gücləndirmək zəruridir: “Aviareyslərin sayının artırılması, hava və yerüstü daşımalarla bağlı prosedurları maksimum sadələşdirmək də vacibdir”.

Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşdırıb

  Azərbaycan lideri ilə yanaşı, Özbəkistanın dövlət başçısı da Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması barədə danışarkən qeyd edib:  “Biz bu gün tarix yazdıq. Bu tarix öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacaq. Özbəkistanın müttəfiqlik münasibətləri saxladığı ölkələrin sayı çox azdır və indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə bir müttəfiqlik müqaviləsi imzalanmayıb. Bu da onu göstərir ki, ölkələrimiz və liderlərimiz arasında həqiqətən də möhkəm qarşılıqlı inam, etimad mühiti mövcuddur”.
  Azərbaycanla Özbəkistan arasındakı münasibətləri şərh edən  millət vəkili  Vüqar Bayramov “Sherg.az"a açıqlamasında deyib ki,  Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək: 

“Son illər Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərinin strateji münasibətlərinin daha da dərinləşməsi müşahidə olunur. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əlaqələr və eləcə də iqtisadi inteqrasiya meyilləri daha da güclənməkdədir.
Pandemiyadan sonra ölkələr arasındakı ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 2023-cü ildə 178.7 milyon dollara çatıb. 2018-ci il ilə müqayisədə isə ticarət dövriyyəsi 4 dəfə artıb. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm enerji sahəsində yeni strateji əməkdaşlıq potensialına malikdirlər.
Digər tərəfdən, Azərbaycan və Özbəkistan müxtəlif sahələr üzrə təcrübə mübadiləsi də həyata keçirmək imkanlarına malikdir. Özbəkistan aqrar sektorda strateji məhsulların istehsalı sahəsində xüsusi üstünlüyə malik olan ölkələrdəndir. Bu baxımdan, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb.
  Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etdi. Artıq həmin məktəbdə Füzuli şəhər şagirdləri beynəlxalq standartlara uyğun təhsil ala bilirlər. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. 
Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu, Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir”.
  V.Bayramovun sözlərinə görə, Prezident İlham Əliyev Daşkənddə özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə edib. Bu, artıq sözdə yox, əməli dəstəkdir və Özbəkistanın bu addımı həqiqətən də yüksək təqdirə layiqdir. Azərbaycan və Özbəkistan arasındakı sıx münasibətlər digər türk dövlətləri üçün də müsbət örnəkdir.