Naftalanda tarixi abidə qalıqları aşkarlanıb

Naftalanda Qalaboynu tarixi abidəsi ərazisində Əhəmənilər dövrünə aid saraya məxsus ehtimal edilən divar qalıqları aşkarlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Qalaboynu tarixi abidəsinlə bağlı bildirib ki, abidənin yerləşdiyi təpənin hündürlüyü 10 metrdən, sahəsi 3 hektardan artıqdır.
Yaşayış yeri hələ 2020-ci ildə qeydə alınaraq ilkin arxeoloji tədqiqatlar aparılıb. Bu il avqustun 1-dən aparılan tədqiqatlar zamanı buradan möhtəşəm quruluşlu, böyük ölçülü çiy kərpicdən inşa edilmiş binanın divar qalıqları aşkarlanıb.
Bina divarının eni 1.80-1.90 sm-dir. Divarın tikintisində 37x37 santimetr ölçüdə, 9-10 santimetr qalınlıqda, tərkibinə xırda doğranmış saman qalıqları qatılmış çiy kərpiclərdən istifadə edilib.
Divar qalıqları ilə yanaşı, binanın daxilində ağ rəngli, möhkəm tərkibli daşlardan ibarət lövhələr aşkarlanıb, qalınlığı 15-30 sm olan daşların kənarları isə səliqə ilə yonulub.

Ekspedisiya rəhbərinin dediyinə görə, aşkar edilmiş divar qalıqları, sütun altlıqları və saxsı məmulatına əsasən buranın Əhəmənilər dövrünə aid saray kompleksi olduğu ehtimal edilir.
Qeyd edək ki, yaşayış yeri ölkəmizdə sayca bu tip 3-cü abidədir. Bu ərazidə orta əsrlərdə qısamüddətli yaşayış olub. Orta əsrlərə aid təsərrüfat quyuları, ocaq yerləri abidənin divarlarını zədələyib. Aşkar edilən tapıntılar böyük tarixi və elmi marağa səbəb olub və ərazidə daha intensiv tədqiqatların davam etdiriləcək.